Bloqer İlham Əliyevə müraciət ünvanladı – PREZİDENT TAPŞIRIQ VERDİ VƏ… – YENİLƏNİB – (1)

Həbsdə olan bloqer Mehman Hüseynov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın Report-a istinadən xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:

“Hörmətli cənab Prezident, 

Mən Mehman Hüseynov, iki ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim.

Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi, kiminsə hərəkətinə görə məsuliyyət daşımıram.

Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm, araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.

***

Qeyd edək ki,  axşam saatlarında Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

***

Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Bu barədə isə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

 Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə almış və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq” – deyə, məlumatda bildirilir.

Etikxeber.az

Read Previous

Səfirimiz dünyasını dəyişdi

Read Next

Prezident Davosda danışıqlarda – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir