Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 28-də Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının marionet tamaşası göstərilib.
Etikxeber.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan Marionet Teatrı artıq öz tamaşaçılarını qarşılayır. Marionet Teatrı tamaşaçılarla görüşə milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə gəlib.
Teatrın bədii rəhbəri Tərlan Qorçu 1987-1988-ci illərdə – Azərbaycanda marionet teatrı mövcud olmadığı bir vaxtda bir neçə nəfərlə “Arşın mal alan” operettasının marionet tamaşası üzərində çalışmağa başladıqlarını bildirdi. Tamaşanın premyerasının 1990-cı ildə Fransada keçirildiyini deyən teatrın bədii rəhbəri həmin çətin dövrdə teatrın yalnız xaricdə çıxış etdiklərini təəssüflə vurğuladı. Bildirdi ki, son illərdə tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Tərlan Qorçu marionet tamaşalarının hazırlanması üçün adətən 3-5 il vaxtın lazım olduğunu deyərək, “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlədiklərini diqqətə çatdırdı. Bildirdi ki, ümumiyyətlə, bu teatrın məqsədi dahi Üzeyir bəyin musiqisinin bütün dünyada təbliğidir. Teatrın növbəti layihəsi isə “O olmasın, bu olsun” operettasının marionet tamaşası olacaq.
Sonra marionet kuklaların ifasında Üzeyir Hacıbəylinin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında ərsəyə gətirdiyi “Leyli və Məcnun” operası başladı.
Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan “Leyli və Məcnun” orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. “Arşın mal alan” operettası və “Leyli və Məcnun” operası hazırda Marionet Teatrının repertuarında xüsusi yer tutur.
Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici janrdır. Çətin olduğuna görə əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Hansısa ölkədə Marionet Teatrının mövcud olması həmin xalqın zəngin milli mədəniyyətindən xəbər verir və bu teatr janrı ölkənin tanıdılmasında əvəzsiz rola malikdir. Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini – memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir.
Tamaşaçıların alqışları və aktyorları təkrarən səhnəyə dəvət etmələri bu tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş etdirdi.
Etikxeber.az