Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mehriban Əliyeva: “Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən…”
Bu gün Azərbaycan birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın növbəti- yubiley doğum günüdür.
Etikxeber.az-ın xəbərinə görə, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru (1947), professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının (AMEA) akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur.Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat edib.
Bacısı Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, görkəmli nizamişünas-ədəbiyyatşünasdır.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı, 4 nəvəsi var.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan-İrs” jurnalını təsis edib
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
15 illik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub.
21 yanvar 2016-cı ildə, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 , 2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülüb ən yüksəl səs toplayaraq deputat seçilib.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir.
2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd edib ki, “…səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülüb və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşıyıb.
“Mənim həyatım elə gətirib ki, artıq çoxdandır öz peşəmlə məşğul olmuram, amma… “
O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək, 2009, 2013 və 2016-cı illərdə də eyni müraciətlə çıxış edib və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə təqribən 9000, 2016-cı ildə təxminən 10 min nəfər azadlığa buraxılıb.
“Həkimlik xüsusi peşədir. Bu, ruh və qəlb peşəsidir. Bu, dərdə şərik olmaq və şəfqət elmidir. Bu, insanların halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir. Bu, altruizmdir. Mənim həyatım elə gətirib ki, artıq çoxdandır öz peşəmlə məşğul olmuram. Amma fəaliyyətimin hər bir sahəsində, xüsusən də Heydər Əliyev Fondunun prezidenti vəzifəsində mən məhz bu prinsiplərə, bu əsasa arxalanmağa çalışıram”-deyə, Mehriban Əliyeva bildirib.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
Müsahibələrinin birində birinci xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir:
“Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən.
Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür.Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm….”.
Mehriban Əliyeva 2017-ci ilin 21 fevral tarixində Azərbaycanın ilk Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bu təyinatla əlaqədar, elə həmin ilin yazında Mehriban Əliyevanın deputatlıq fəaliyyətinə xitam verilib.
2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Həmçinin, Fransanın, Polşanın, Pakistanın, İtaliyanın, bugünlərdə Rusiyanın ən ali dövlət ordeni, o cümlədən, Azərbaycanın ali ordeni -“Heydər Əliyev” ordeni ilə təltif edilib.
Yubiley doğum gününüz mübarək olsun, Mehriban xanım!
Etikxeber.az