“Son 5 ildə Azərbaycanda 40 tarixi abidə bərpa edilib” – MEHRİBAN ƏLİYEVA – YENİLƏNİB – (1)

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirildi.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində çıxış etdi.

Sonra UNESKO-nun Baş direktoru Odre Azule, qurumun İcraiyyə Heyətinin sədri Byong-Hyun Li və Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etdilər.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dünyanın 180-dən çox ölkəsindən 2500-dən artıq nümayəndə, o cümlədən nazirlər, müxtəlif təşkilatların baş direktorları, beynəlxalq qurumların Azərbaycandakı təmsilçiləri və səfirləri, Azərbaycan hökumətinin üzvləri qatılıblar.

Mühüm əhəmiyyətə malik bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən qədim abidələrə verilən dəyəri özündə əks etdirir.

Komitənin Bakı sessiyasında dünya mədəni irs siyahısına daxil etmək üçün təqdim olunmuş 42 təklifdən 36-sının təqdimatı nəzərdən keçiriləcək. Bunlardan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si qarışıq (həm təbiət, həm də mədəniyyətə aid) təkliflərdir.

Azərbaycan Respublikası 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib, 1996-cı ildə isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin tarixi mərkəzi olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası 2000-ci ildə, Qobustan Milli Tarix- Bədii Qoruğu isə 2007-ci ildə Ümumdünya İrs Siyahısına salınıb. Bu il ölkəmiz Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını təklif edib.

***

yunesko-foto

Sessiya iştirakçılarını salamlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu cür mühüm toplantını qəbul etməyin böyük şərəf olduğunu dedi.

Mehriban Əliyeva ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirdi. “Biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun işində uğurla iştirak edirik”– deyən Mehriban Əliyeva ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğuladı. Son 5 ildə ölkəmizdə 40 tarixi abidənin bərpa edildiyini və yenidən qurulduğunu deyən Mehriban Əliyeva bununla da milli mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırdı. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmilərinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətinin də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirdi.

Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğuladı. “Sülh mədəniyyətinin toxumları dialoq və qarşılıqlı hörmətlə cücərə bilər”, – deyən Mehriban Əliyeva 2008-ci ildən ölkəmizdə keçirilən və UNESKO-nun də tərəfdaşı olduğu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışdı, bir daha tədbirin işinə uğurlar arzuladı.

UNESKO-nun Baş direktoru Odre Azule zəngin tarixə malik Bakıda olmaqdan məmnunluğunu bildirərək Azərbaycan rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlərin nümayəndələri üçün yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Dünya mədəni irsinin hazırda həssas vəziyyətlə üzləşdiyini deyən Odre Azule qaynar nöqtələrdəki mədəni abidələrin daim UNESKO-nun nəzarətində olduğunu diqqətə çatdırdı, dünya mədəni irsinin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini vurğuladı. Mədəni irsin qorunmasına dair Konvensiyanın xüsusi əhəmiyyətini vurğulayan UNESKO-nun Baş direktoru dünya əhalisini təşviq işlərində fəal olmağa çağırdı. O, sessiya iştirakçılarına 9 yaşlı qızı təqdim etdi. Balaca qız müəllifi olduğu kitabında öz doğma şəhərindən, oradakı çoxlu tarixi abidələrdən, böyük qəhrəmanlardan bəhs etdiyini bildirdi və kitabını Odre Azuleyə təqdim etdi.

Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev çıxış etdilər.

Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olundu

***

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı-TAM MƏTN:

-UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda – Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.

Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.

Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması – bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir.

UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə – İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri – muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.

Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.

Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Etikxeber.az

Read Previous

“Tarixi məkanların UNESKO-nun Siyahısına daxil edilməsi üçün şərtlər var…” – NAZİR – FOTO

Read Next

Evləri və kənd təsərrüfatı sahələrini sel basdı – XAÇMAZDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir