“Mehriban xanımın fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir” – DEPUTAT – RƏYLƏR

Vladimir PUTİN: “Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun…”

Kamilə ƏLİYEVA: “…İnanır və tam əniməm ki, Mehriban xanım bundan sonra da dünyanın ən inkişaf etmiş, ən nəhəng, ən qabaqcıl ölkələrinin ən ali mükafatlarına layiq görüləcək, dəyərləndiriləcək. Çünki bunları tam haqq edir…”

Eldəniz SƏLİMOV: “Bu, çox böyük uğur və tarixi hadisə idi. Mehriban xanım da öz növbəsində bunu tam haqq edirdi, bu yüksək ordenə layiq idi…”

Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın qonşu və dost Rusiya Federasiyasına səfərini, onun səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşləri, Rusiya prezidenti Vladimir Putin, Rusiyanın baş naziri Dmitri Medvedevlə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri  Valentina Matviyenko ilə bir araya gəlməsini,  “Lujniki”dəki Gimnastika Mərkəzinə baş çəkməsini və digər təmaslarını çox yüksək qiymətləndirir, bu görüşlərin, təmasların hər iki xalqın və dövlətin maraqlarına tam cavab verdiyini, uyğun gəldiyini, iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərinə mühüm töhfələr verəcəyini, yeni mərhələ təşkil edəcəyini bildirirəm.

Hesab edirəm ki, bu cür səfərlərin, görüşlərin, təmasların çox böyük və tarixi əhəmiyyəti var, bunlar daim davam etdirilməlidir və bundan sonra da davam etdiriləcək. Çünki hər iki ölkə, hər iki dövlət uzun illərin, uzun əslərin qonşularıdır, bunlar bir-biri ilə  birgə, ortaq keçmişə, tarixi bağlılıqlara malikdirlər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

O, qeyd edib ki, həm də Rusiya bizim əhalicə və ərazicə ən böyük qonşumuzdur, təxmini hesablamalara görə, 2-3 milyon arasında soydaşımız, həmvətinimiz Rusiya ilə birbaşa bağldır, orada yaşayır, fəaliyyət göstərirlər.

“Rusiya həm də 31 ilini artıq geridə qoyan Ermənistan-Azərbaycan münaqişəsinin, Qarabağ probleminin dinc danışıqlar və sülh yolu ilə tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir.

Bununla yanaşı, iki ölkənin liderləri, dövlət başçıları arasında yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin kökü, təməli  isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub və həmin vaxtdan da bu günə kimi bu münasibətlər  bu xətt üzrə davam, hər iki xalqın və dövlətin inkişafına, rifahına xidmət etməkdədir. Heç təsadüfi deyil ki, ötən il iki ölkənin lideri ən azı 8 dəfə bir araya gəldi, bu il isə ən azı 3 dəfə görüşdülər və dekabrın 20-də növbəti görüşün keçirilməsi gözlənilir. Bunlar iki dövlət lideri arasında münasibətlərin hansı yüksək səviyyədə olduğunu gözlər önünə sərmiş olur və geniş, əlavə izahata da ehtiyac qalmır.

Eyni zamanda, ölkə prezidentinin ən yaxın, ən sadiq silhadaşı kimi Birinci ledi, Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə iki ölkə arasında münasibətlərin inkişafına və davam etdirilməsinə, daha da sürətləndirilməsinə öz töhfəsini verməyə çalışır və bunu da reallaşdırır. Məhz elə bu səbəbdəndir ki, bu ilin avqust ayında Rusiya Federasiyasının prezidenti Vladimir Putin iki ölkə arasında münasibətlərin inkişafında xidmətlərinə görə, Mehriban xanımım Rusiyanın ən ali ordeni- “Dostluq” ordeni ilə təltif etdi. Bu, çox böyük uğur və tarixi hadisə idi. Mehriban xanım da öz növbəsində bunu tam haqq edirdi, bu yüksək ordenə layiq idi.

Rusiyaya səfəri çərçivəsində də Vladimir Putinlə bir araya gələn, görüşən Mehriban xanıma qonşu dövlətin prezidenti tərəfindən “Dostluq” ordeni təqdim edildi və  bunun bir daha Azərbaycan dövlətinə, Mehriban xanımın fəaliyyətinə verilən bir dəyər olduğu vurğulandı.

Rusiya prezidenti “Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiriririk”-deyərək, bəyan etdi ki,  ordenin adı məhz Mehriban xanımın Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafı üçün gördüyü işləri əks etdirir.

Hər zaman yüksək təvazökarlığı və səmimiyyəti ilə seçilən Mehriban xanım isə öz növbəsində bir daha bu ordenə görə dərin təşəkkürünu bildirdi, “Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var”-deyərək, minnətdarlığını ifadə etdi.

Mehriban Əliyeva eyni zamanda “Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir”-deyərək, Rusiya Federasiyası ilə münasibətlərin Azərbaycanın xarici siyasətində çox mühüm yer tutduğunu vurğuladı.

O, “…Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir” -deyərək, bütün sahələrdə,  o cümlədən, iqtisadi sahədə  əməkdaşlığın artıq öz bəhrələrini verdiyini və bunun  çox sevindirici hal olduğunu sözlərinə əlavə etdi.

Bu baxımdan bir daha belə hesab edirəm ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək, öz müsbət töhfələrini verəcək. Eyni zamanda, Mehriban xanımı bir daha belə bir yüksək mükafata, ordenə layiq görülməsi, ona Rusiya prezidenti tərəfindən ordenin təqdim edilməsi münasibəti ilə təbrik edir, Azərbaycan naminə mübariz və fədakar fəaliyyətində növbəti uğurlar diləyirəm”-deyə, E. Səlimov sonra bildirib.

Millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva da həmkarı kimi, Birinci vitse-prezidentin Rusiyaya səfərini, keçirdiyi önəmli görüşləri müsbət qiymətləndirdiyini, tarixi hadisə hesab etdiyini bildirib.

Qeyd edib ki, bu səfər və orada keçirilən görüşlər, verilən xoşniyyətli mesajlar, bəyanatlar bundan sonra da hər iki dövlətin və xalqın münasibətlərinin inkişafına, əməkdaşlığına xidmət edəcək, bəhrələrini verəcək.

Azərbaycanla Rusiya arasında münasibətlərin getdikcə dərinləşdiyini bildirən millət vəkili buna misal kimi, təkcə cari ilin doqquz ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin 26 faiz artdığını dilə gətirib.

“Bu, ciddi göstəricidir”-deyən millət vəkilinin sözlərinə görə,  demək olar ki, bütün istiqamətlər üzrə – parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlanılır, davam və inkişaf etdirilir. Həmçinin, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Təkcə keçən il 900 min rusiyalı Azərbaycana səfər edib və  bu il  həmin göstəricinin bir qədər  də artacağı  gözlənilir.

Həmçinin, bir sıra post-sovet ölkələrində, o cümlədən, digər iki Cənubi Qafqaz ölkəsində rus dili və mədəniyyətinə böyük basqılar olduğu halda  Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəslənilir, qayğı, diqqət göstərilir. Paytaxt Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və sair.

“Bunlar hamısı nəticə etibarı ilə iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir və münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Münasibətlərin belə bir yüksək səviyyəyə çatmasında ən böyük xidmətləri olanlardan biri də hörmətli və dəyərli Mehriban xanım Əliyevadır. O, hər zaman öz fəaliyyətində ölkələr, dövlətlər, xalqlar, sivilizasiyalar arası münasibətlərə və onun inkişafına böyük diqqət yetirir, dəyər verir. Bu sözləri eyni ilə Rusiyaya olan münasibətə də tam şamil etmək olar. Mehriban xanım qonşu dövlətlə də münasibətlərin yüksəl səviyyədə inkişafında maraqlıdır və bu prosesə də hər zaman öz fəaliyyəti ilə əməli xidmətlərini göstərir, töhfələrini verməkdə davam edir.

Odur ki, məhz bu xidmətlərinə görə də onun əməyi yüksək qiymətləndirilir, dəyərləndirilir. Rusiyanın ali ordeninə layiq görülməsi və Rusiya prezidenti tərəfindən ordenin yüksək səviyyədə təqdimatı da deyilənlərin əyani təsdiqidir. Ona görə inanır və tam əniməm ki, Mehriban xanım bundan sonra da dünyanın ən inkişaf etmiş, ən nəhəng, ən qabaqcıl ölkələrinin ən ali mükafatlarına layiq görüləcək, dəyərləndiriləcək. Çünki bunları tam haqq edir…”-deyə, K.Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Mehriban Əliyevanın səfərinə başqa dövlətin ikinci şəxsinin qarşılanması protokolu çərçivəsində yanaşılmır…” – MİLLƏT VƏKİLİ

Read Next

Metroda qatarların hərəkətində texniki nasazlıq yarandı və… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir