Heç kim tənqidə görə, təqib olunmur, heç kim cəzalandırılmır – ƏLİYEV- FOTOLAR – YENİLƏNİB – (5)

Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

merrrrrr

merrrrrrr-1

MERKEl-1

MERKEL-4

Azərbaycan Respublikasına səfərə gələn Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub. 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Angela Merkeli qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Almaniyanın Federal Kanslerinə raport verdi.

Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Almaniyanın Federal Kansleri Azərbaycan əsgərlərini salamladı.

Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Federal Kansler Angela Merkelə, Almaniya Federativ Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Federal Kansleri Angela Merkelin qarşısından keçdi.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri rəsmi foto çəkdirdilər.

***

merkelllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.

***

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Almaniyanın Federal Kansleri Angela Merkelin şərəfinə nahar verildi.

***

Avqustun 25-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı oldu.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

– Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.

Biz Sizinlə dəfələrlə görüşmüşük, aramızda siyasi dialoq fəal şəkildə aparılır və çox şadam ki, bu gün Siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir.

İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər – yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək.

Bir daha xoş gəlmisiniz.

Almaniya Kansleri Angela MERKEL çıxış edərək dedi:

– Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.

Bizim çoxtərəfli münasibətlərimiz var. Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək.

Biz həm də mədəniyyət sahəsində əlaqələrimizi də genişləndirə bilərik. Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bəzi insanların bu barədə heç məlumatı yoxdur.

Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır.

Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir.

Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik.

***

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.

 İlham Əliyev və Federal Kansler Angela Merkel jurnalistlərin suallarını cavablandırdılar.

Mixaela Küfner (Deutsche Welle): Prezident Əliyev, Siz münasibətlərdə inkişafdan danışdınız. Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı? Söhbət zamanı Alman Kansleri bu konkret hallarla bağlı Sizinlə danışdımı?

Xanım Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz, bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu kontekstdə Siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz? Siz xatırlatdınız ki, Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini artıracaqdır. Bəlkə konkret ifadə edəsiniz bu necə olacaqdır? Əlbəttə münaqişəni yox, münaqişənin həllini nəzərdə tuturam.

Prezident İlham ƏLİYEV:

– İlk növbədə, onu qeyd etməliyəm ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir – azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq.

Bizim gündəliyimiz çox genişdir və müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət daşıyır – energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik, o cümlədən demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.

Federal Kansler Angela MERKEL:

– Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın. Bu məsələləri biz bu gün ətraflı müzakirə etdik, standartlarımız həmişə eynidir, perspektivdən dəyərləndirilir.

Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik.

Elşən Rüstəmov (1news): Ermənistan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayır və xalqımıza qarşı hərbi cinayətlər törətmişdir. Ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli soyqırımı nəticəsində 600-dən çox dinc sakin, o cümlədən 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin təxminən 20 faizi işğal olunub. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların əmlakları, evləri talan edilib, dağıdılıb və bu insanların fundamental insan haqları kobud şəkildə pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan onlara məhəl qoymur və onları icra etmir. Nə üçün bu günə qədər Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib?

Federal Kansler Angela MERKEL:

– Bir qədər əvvəl dediyim kimi, biz həll yolunun axtarılması üzərində işləyirik. Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq.

Kristian Vilp (RTL/n-tv): Mənim sualım həm cənab Prezidentə, həm də xanım Kanslerə ünvanlanıb. Cənab Prezident, Siz Azərbaycandan Avropaya uzanan qaz kəməri – Cənub Qaz Dəhlizindən danışdınız. Siz bu kəmərin ötürücülük qabiliyyətinin artırılmasını və Xəzər dənizi vasitəsilə Türkmənistana qədər uzadılmasını dəstəkləyirsinizmi? Xanım Federal Kansler, Siz bu məsələni necə görürsünüz? Aktual vəziyyətlə bağlı digər bir sualı da xanım Kanslerə ünvanlamaq istərdim. İtaliya hədələmişdir ki, əgər İtaliyaya gələn qaçqınlar Avropa İttifaqı miqyasında paylanmasalar, Avropa İttifaqına ödənişləri azaldacaq. Siz bu məsələni necə görürsünüz? Bu, hansı nəticələri doğuracaqdır? Biz qaçqınlar mövzusundan danışmışkən, Siz Almaniyada öhdəlik ili ilə əlaqədar ölkədəki qaçqınlar haqqında nə düşünürsünüz?

Prezident İlham ƏLİYEV:

– Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlər qrafik üzrə gedir. Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir – “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır – Transadriatik kəmər. Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur. Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik.

Azərbaycanın tranzit imkanlarına və bizim münasibətimizə gəlincə, əlbəttə, hər bir ölkə istəyər ki, onun ərazisindən daha çox yük keçsin. Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq. Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır.

Federal Kansler Angela MERKEL:

– Bilirsiniz ki, Brüsseldə hazırda qaçqınların Avropada bölüşdürülməsi ilə bağlı müzakirələr aparılır. Bütün ölkələr öz fikirlərini bildirir. Avqustun sonunadək vaxtımız var və ümid edirəm ki, bu vaxt ərzində biz uğur qazanacağıq. Bu danışıqlar heç də asan deyil. İkinci sualınıza dair deyim ki, biz danışıqları davam etdiririk, bütün mövqelərlə tanış olmağa hazırıq və prinsipial məsələlər haqqında qərar da bundan sonra veriləcək.

Sevil Mikayılova (Trend informasiya agentliyi): Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda iqtisadi sahədə çox ciddi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət göstərilir, sənaye, qeyri-neft sənayesi, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələri sürətlə inkişaf edir. Bu gün Siz və Prezident İlham Əliyev Almaniya biznesmenləri ilə də görüşəcəksiniz. Sizcə, qeyd etdiyim sahələrlə bağlı Almaniya iş adamları Azərbaycanda hansı işləri görmək istərdilər və hansı planları var?

– Federal Kansler Angela MERKEL:

– Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var. Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilərik. Bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin – pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər.

Etikxeber.az

 

 

Read Previous

Merkelin səfəri başa çatdı – FOTO

Read Next

Şəfqət, mərhəmət nümunəsi – DEPUTAT BİRİNCİ-VİTSE PREZİDENTDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir