Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Metronun “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar sentyabrın 27-də fəaliyyətini dayandıracaq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, “Bakı Metropoliteni”nin 1968-ci ildə istismara verilmiş “Xətai” stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, stansiyanın yerüstü vestibülünün döşəmə və divar üzlükləri yenilənməli, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.
“Xətai” stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılacaq. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənəcək, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunacaq.
Qarşıdakı müddət ərzində, həmçinin “Xətai” stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.
“Xətai” stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası 2018-ci il sentyabrın 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin “Cəfər Cabbarlı-Xətai” istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.
Sərnişinlərin nəzərinə çatdırılır ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, qeyd edilən müddətdə sonuncu dayanacağı “Xətai” stansiyası və ona yaxın ərazilərdə olan şəhər sərnişindaşıma avtobus marşrutlarının hərəkəti “28 May” stansiyası və digər müvafiq istiqamətlərdə tənzimlənəcək. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ictimaiyyətə əlavə məlumat verəcək.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Etikxeber.az