Mikayıl Cabbarov və Suraxanı Məhkəməsi-YENİ BİNADA – FOTOLAR – YENİLƏNİB

Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, bu binanın istifadəyə verilməsi ilə hakimlərin sosial müdafiəsi və məhkəmələrin təminatı yaxşılaşdırılıb, innovativ və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib. “Elektron məhkəmə” vasitəsilə məhkəmə prosesində videoəlaqə ilə iştirak imkanı yaradılaraq karantin rejimində məhkəmə işlərinə onlayn qaydada baxılması mümkün olub. Bu sistemin tətbiqi ilə digər orqanlarla inteqrasiya hesabına sənədlər ani vaxt rejimində əldə edilir. “Mobil məhkəmə” tətbiqi vasitəsilə isə smartfonla sənədlər və qərarlarla məhkəməyə gəlmədən tanış olmaq, əlavə məlumat təqdim etmək mümkündür. Zallarda quraşdırılan “Femida” sistemi vasitəsilə proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazısı aparılır.

Diqqətə çatdırıldı ki, digər müasir məhkəmə binalarında olduğu kimi, burada da bina inzibati və ictimai zonalara bölünür. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. İcra məmurları, dövlət ittihamçıları və vəkillər də ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Prezident İlham Əliyevə Masallı Məhkəmə Kompleksi barədə də məlumat verildi. Bildirildi ki, Masallı Məhkəmə Kompleksi dövlətimizin başçısının tapşırığı ilə tikilən Masallı “ASAN Həyat” kompleksinin və Olimpiya İdman Kompleksinin yerləşdiyi ərazidə inşa edilib. Kompleksdə rayon məhkəməsi ilə yanaşı, kommersiya və inzibati məhkəmələr, o cümlədən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən bu bölgəyə aid işlərə yerində baxılacaq. Burada yaradılan müasir şərait bölgənin 1 milyon 700 min sakininin əlçatanlığına və onlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə hərtərəfli imkan yaradıb.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ədliyyə sahəsində müasir çağırışlara uyğun islahatların aparılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Ölkəmizdə yeni məhkəmə binalarının inşası bu tədbirlərin tərkib hissəsidir.

***

Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Son illərdə Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına daha biri əlavə olundu. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına yeni binada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb.

Bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.

Diqqətə çatdırıldı ki, inşaat qrupu yenilikçi həll yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək, dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib. Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən, dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

Etikxeber.az

Read Previous

“Çox istərdik ki, övladlarımızdan birinə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı verilsin, eyni zamanda, onların adları, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD MUSA VƏ TURAL HƏSƏNOVLARIN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Read Next

Bakı Metropoliteninin “8 Noyabr” stansiyası-İSTİFADƏDƏ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir