Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta, cənab prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq.
Etikxeber.az xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Kamran Nəbizadə deyib.
O, Rusiya parlamentinin üzvü Konstantin Zatulinin son bəyanatı haqqında da danışıb.
Millət vəkili bildirib ki, bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlərlə doludur:
“Bu, ermənipərəst bir insanın bəyanatıdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki deputatların çıxışlarına bəzən bizi sevməyən qüvvələr rəsmi don geyindirmək istəyirlər. Bizim Rusiya ilə münasibətlərimiz yaxşılaşdıqca, Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber