Millət vəkilləri kitabdan, bahalaşmadan, kreditlərdən, Zahid Orucdan danışdı – YENİLƏNİB – (3)

Parlamentin fevralın 12-də  keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi münasibətilə təbrik edib.

Etikxeber.az  xəbər verir ki, o, Z.Oruca uğurlar arzulayıb.

Həmçinin, millət vəkili Aydın Mirzəzadə deputat həmkarını təbrik edib və bunu böyük etimad kimi dəyərləndirib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev deputat Z. Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

***

Fazil Mustafa:  Azərbaycanda hətta kitabların statistikası belə aparılmır

Deputat Fazil Mustafa  isə çıxışında  Azərbaycanda kitabların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi məsələsini  qaldırıb.

O, qeyd edib ki, bu günlərdə Türkiyədə kitablar və jurnallar üzərindən ƏDV aradan qaldırıldı:“Bununla da orada oxuyan cəmiyyət ənənəsinə start verildi. Bu ənənənin Azrəbaycanda da davam ertdirilməsi lazımdır. Gürcüstanda da ƏDV vergisi kitablar üzərindən götürülüb. Azərbaycan yeganə ölkədir ki, kitablar üzərində ƏDV 18 faizdir. Hətta Türkiyədə bu 8 faiz idi, onu da götürdülər. Avropa ölkələrində də 7 faiz müəyyən olunub. Azərbaycanda hətta kitabların statistikası belə aparılmır. Bu kitaba münasibətin göstəricisidir. Bizdə kitablar həddən artıq bahalıdır. Belarusiyada kitab mağazalarından icarə haqqı belə alınmır. Çünki fikirləşirlər ki, kitab olmasa savadsızlıq baş alıb gedəcək”.

***

Deputatlar süni qiymət artımı və problemli kreditlərdən danışdılar

Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib.

Deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarıının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”

Deputat Vahid Əhmədov  öz növbəsində  banklar və problemli kreditlər məsələsini qaldırıb.

Millət vəkili qeyd edib ki, bu gün məhkəmələrdə 200 mindən artıq kreditlərlə bağlı iş var: “Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”.

***

Siyavuş Novruzov: Prezidentin əsgəri kimi  həqiqəti insanlara başa salmalıyıq

“Bəzi şər-böhtan yayan qüvvələr prezidentin gördüyü işləri az qala öz adlarına çıxırlar”.

Bunu da çıxışı zamanı YAP-çı deputat Siyavuş Novruzov  deyib.

Deputat qeyd edib ki, yaxşı olardı ki, məmurlar cənab prezidentin həyata keçirdiyi işlər barədə insanları maarifləndirsinlər: “Bu yaxınlarda şəhid ailələri ilə bağlı məsələ, həmçinin mimumum əməkhaqqının artırılması, gənclərlə görüş, zəlzələ bölgəsinə səfər və zərərçəkmiş ailələrlə görüş dövlət başçısının öz strategiyasıdır. Bunlar kiminsə təzyiqi və təhdidi ilə edilən işlər deyil. Ancaq şər-böhtan yayanlar təəssüf ki, bunu öz adına çıxarır. Biz də prezidentin əsgəri kimi əhali ilə görüşlərimizdə bu strategiyanı onlara başa salmalıyıq”.

***

Hadi Rəcəbli: Bu, müstəqillik dövründə ilk addım idi

“Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumuna uyğunlaşdırılması ilə bağlı sərəncam imzalandı. Bu, müstəqillik dövründə ilk addım idi. Bu addım gələcəkdə görülən işlərin təməlini qoyur. Bu, bizə imkan verir ki, gələcəkdə də əməkhaqqlarının artırılması ilə bağlı addımlar atılsın”.

Bu fikirlər isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə məxsusdur.

Komitə sədri xatırladıb ki, 2007-ci ildə yaşayış minimum 64, minimum əmək haqqı isə 50 manat idi.  “2017-2018-ci ildə yaşayış minimumu 173, minimum əməkhaqqı 116 manat idi. Burada olan fərqi görürük. Bu il isə minimum əməkhaqqı yaşayış minimumuna çatdırıldı, yəni 180 manat oldu. Əgər ölkəmizdə qaçqın və məcburi köçkün problem olmasaydı, orduya ayrılan vəsaitin və digər vəsaitlərin yarı hissəsi social müdafiə məqsədlərinə yönəldə bilsəydik, bunlar daha böyük rəqəmlər olardı. Şəhid ailələrinə verilən müavinət 58 manat artırılıb. Sosial müdafiə ilə bağlı addımlar bundan sonra da atılacaq”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Prezidentdən Zahid Orucla bağlı önəmli qərar – SƏRƏNCAM

Read Next

Qənirə Paşayeva bələdiyyələrə sosial şəbəkələrlə bağlı çağırış etdi… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir