MİLLƏTİN BÜLBÜLÜ – Rafael Hüseynov yazır

Tale və Tanrı onu bu yurda və bu xalqa misilsiz bir ərməğan kimi göndərmişdi.
Bu İlahi sovqatın miqyası elə nəhəng idi ki, zövqü, səfası, möhtəşəmliyi, iftixarı bizə də bəs elədi, ondan dünyaya da pay düşdü.
Belə müstəsna töhfələri insanlığa bəxş etmək üçünsə səbrli Göylər yüzillər deyil, minillərcə çalışır.
Üzeyir bəyi, Bülbülü, musiqi beşiyinə çevriləcək Şuşanı, Qarabağı yaratmaqdan daha əvvəl oranın suyunu, havasını, dağını, çəmənini, axar-baxarını doğurmaq gərək idi.

Və həmin səbəbdən də Pərvərdigar öz xəlqetmə İşini yəqin ki, geologiyadan başlamışdı.
Bülbül dünyaya orda deyil, ayrı bir məkanda göz açsa, bu səmavi avaz, bu əfsunlu məlahət və cazibə olardımı o səsdə?
Şuşanın bulaqlarından su içməsəydi, Şuşanın havasını udmasaydı, çiçəyini iyləməsəydi, Bülbülün səsi yenə belə ruh tərpədən olardımı?

Bunlar Xudavəndi-aləmin sirrini özündə saxladığı hikmətlərdir.
Bülbül kimi bir övlada sahib olmağın səadətini bu millət və bu yurd indi də duyur, bundan sonra yüzillər və minillərcə də hiss edəcək.
Bülbül məhz bizim tanıdığımız bilikdə, zövqdə, miqyasda, bunca üstün, dünya səviyyəli olsun deyə Tale bütün qapıları açmışdı.
Sovetin sərhədləri kip-kip qapadığı çağlarda Pərvərdigar Bülbülə fürsət yaratdı ki, gedib İtaliyada oxusun.
Çünki Taleyin tapşırığı belə idi ki, müasir Azərbaycan oxuma məktəbi vücuda gəlsin. Dünya vokalına əsaslanan və bizim milli keyfiyyətləriimizi, səs və oxu özünəməxsusluqlarımızı bariz şəkildə ifadə edən məktəb.

Qərbi görmədən, vokalın Məkksəi İtaliyada yaşamadan, orada dərs almadan bunu necə etmək olardı?!
Bülbülü Azərbaycana və Millətə ezam edən Allah idi və sevimli bəndəsinə missiyasını yerinə yetirməkçün lazım olan hər imkanı da yaradan O Özü idi.

Rafael HÜSEYNOV,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

BAXÇALIDAN XƏBƏRDARLIQ: “Tehran-Ər-Riyad çəkişməsi növbəti fəlakətdən xəbər verir”

Read Next

“Kanal7”-nin təmsilçisindən şok ittiham: “Terrora dəstək verən ölkə Qətər deyil, BƏƏ-dir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir