Millət vəkili gənc qızın intiharından və ailəsinin acısından danışdı… – FOTO

“Tovuzda Düz Qırıqlı kəndində bir neçə gün əvvəl intihar edən Aliyə Qəmbərovanın ailəsini ziyarət etdik, acılarını paylaşmağa çalışdıq. Bu ailəni neçə ildir tanıyıram. Aliyə kiçik yaşlarında atasını itirib,anası 2 övladını böyütmək üçün gecə-gündüz çalışıb. Aliyə özü də ağıllı qız idi, Kollecdə təhsil alırdı. Acılı anası və nənəsini Aliyənin gənc yaşda intihar etməsi o qədər üzmüşdü ki, danışdıqca gözlərindən yaş dolu acı axırdı”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

Millət vəkili qeyd edib ki,  onların acılarını isə dedi-qodular daha da artırmışdı.

Onun qeyd etdiyinə görə, gənc övladının acısı ilə qovrulan ananın dərdi qalmışdı bir tərəfə, övladının təmiz olduğunu hər kəsin bilməsini istəyirdi.

“Tanımadan, bilmədən, günahdan qorxmadan övladımın arxasınca danışanlar az deyil. Bir qız intihar edən kimi o dəqiqə başlayırlar onun haqqında mənfi düşünməyə. Bu, nədən belədir, axı? Sizdən bir xahişim var, siz yazın ki, qızım təmiz olub, qoy hamı bilsin. Övladım rahat yatsın. Sizdən, sadəcə, bunu istəyirəm”– deyirdi, gözyaşlarıyla acılı ana.

Nənəni isə məclisə gətirilən mollanın sözləri o qədər yandırııb ki, dayanmadan “belə şey etmək olarmı Qənirə xanım. Uşağın cəsədini yumağa düşürdüm, birdən eşitdim ki, kimsə deyir Allah rəhmət etsin, qonşu kəndlərin birindən gəlmiş molla da qayıdıb deyir ki, ona rəhmət düşmür. Molla belə danışarmı? Acımı o qədər artırdı ki, onun o sözləri.Bunları söyləyin. Belə şeylər etmək olmaz. Onsuz da bizim acımız bizə ömürlük bəsdir. Bizim qəlbimizə bu cür sözlərlə yaralar vurmaq doğru deyil, axı. Mənim nəvəm mələk kimi qız idi. Bir kimsəyə pisliyi dəyməyib. Çox ağırıma gəldi mollanın o sözləri. Qohumların bəziləri deyir gərək bizə deyəydin eşitdiyin o sözləri, deyərdik çıxıb getsin yas məclisindən”– deyirdi və bu cür yanaşmaların doğru olmadığını yazmamı istəyirdilər. Söz verdim ki, yazacam.

Əziz insanlarımız!

İntihar o qədər ağır bir faciədir ki, bu addımı atan insanların əzizlərinin çəkdiyi acı, yaşadığı şok da çox böyük olur. Ona görə də bu ailənin sözləri əslində bütün cəmiyyətimizə ünvanlanıb. Daha həssas, daha anlayışlı olmalıyıq. Əslində intiharları da ancaq bu cür yanaşma ilə azalda bilərik.

Evdən ayrılanda Aliyənin böyüdülmüş şəklindən bizə baxan məsum gözləri ilə qarşılaşdıq. Sanki bir şeylər söyləmək istəyirdi… Əslində söyləyirdi də… Nur içində yat Aliyə. Gərək belə etməyəydin. Gözəl bir qızdın və bütün həyatın qabaqdaydı…

Gənclərimizə səslənərək söyləmək istəyirəm ki əziz gənclər intihar çıxış yolu deyil. Həyatda nə çətinlik, problemlərlər olursa olsun insan mübarizə aparmalıdır və Allahın ona verdiyi ömrə əlləri ilə son qoymamalıdır. Üzləşdiyiniz problemləri anladın ailənizə, dostlarınıza, hətta, tanımadığınız yad bir adama. Amma intihara əl atmayın.

Çünki özünüzlə bərabər əzizlərinizin içərisindəki sevinc, mutluluq hissini də öldürəcəksiniz və onlara bəzən özlərinə ömür boyu bağışlaya bilməyəcəkləri keşkələr buraxacaqsınız. Onunla isə yaşamaq çox çətindir… Çox…”-deyə, Q. Paşayeva sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ankarada ən böyük Azərbaycan bayrağının dalğalandığı evin SAHİBİ – VİDEO- FOTO

Read Next

“Mərkəzi Bankın bu qərarı təcili ləğv olunmalıdır…” – QUBAD İBADOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir