“Millətçi deyiləm, ancaq dövlətimə hörmətsizliyi qəbul etmərəm” – ASLAN İSMAYILOV

Son günlər müzakirə predmetinə çevrilən Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunması xəbəri bir çoxları kimi məni də təəccübləndirdi. Hesab edirəm ki, dövlətçilik maraqlarından çıxış edərək bu tip hallarda heç kimə güzəştə getmək lazım deyil. Xüsusilə ərazi bütövlüyümüzə, dövlətimizə hörmətsizlik etmiş birinə qarşı.

Etikxeber.az-ın məlumatına görə, bunu tanınmış vəkil Aslan İsmayılov öz “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, məsələnin aydın olması üçün qısa xülasəyə ehtiyac görüb. S.Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış edib. Çıxış zamanı separatçıları açıq dəstəkləyəcək bir sıra ifadələr işlətdiyinə görə Azərbaycan dövləti tərəfindən adı qara siyahıya salınıb, ölkəmizdəki bütün fəalliyətinə qadağa qoyulub. Üstündən 12 il keçməsinə baxmayaraq bu addımına görə müğənni bir dəfə də olsun Azərbaycan tərəfindən baş vermiş olaya görə üzr belə istəməyib. Əksinə, adının qara siyahıdan çıxması xəbərini “Mən buna çox sevinirəm, çünki yaradıcı insanlar heç bir siyasi marazmalarla, anlaşılmaz qadağalarla, heç kimə lazım olmayan ideologiyalarla məhdudlaşdırılmamalıdırlar” deyərək ,cavablandırıb.

Onun qeyd etdiyinə görə, bu ifadələri ilə faktiki olaraq ona qadağa qoyulması qərarını qəbul etmiş vəzifəli şəxsləri təhqir edib.

“Ardınca müğənni qadağanın necə aradan götürüldüyü sualına cavab olaraq bildirib: “Bu, dostum Emin Ağalarovun məni keçən il “Jara” festivalına dəvət etdikdən sonra baş verib. Mən ona Azərbaycana buraxılmamaq səbəbini başa saldım. Emin adamlarla danışdı və hamı başa düşdü ki, bu, cəfəngiyyatdır”. Doğrudanmı, XİN yüksək rütbəli şəxsləri cəfəngiyyatla məşğul olduqlarını etiraf ediblər deyə, bilmərəm. Onun elə bu günlərdə jurnalistin “Dağlıq Qarabağ Respublikası”na səfərlə bağlı dedikləri “Hələ ki, bu cür təkliflər almamışam. Lakin mən Yerevana getmişəm, gedirəm və gedəcəyəm də, çünki ora mənim üçün sanki ikinci doğma evimdir” sözlərindən sonra yenidən ölkəyə buraxılması həqiqətən bizim məmurların cəfəngiyyatla məşğul olduqlarının göstəricisi olacaq. Hesab edirəm ki, bir xalqa, dövlətə bundan artıq hörmətsizlik olmaz. Mən millətçi deyiləm, ancaq dövlətimə hörmətsizliyi heç cür qəbul etmərəm. Pavliaşvili eyni ifadələri 2004-cü il konsertindən sonra da işlətmişdi. Hələ o dövr rəhmətlik Anar Məmmədxanovun ona verdiyi cavabı da yadımdadır (şərhdə). Anar müğənniyə eynilə Abxaziya separatçılarının müstəqillik günündə konsert verməsini təklif edərək, onu yalan danışmayıb, səmimi olmağa çağırmışdı. Pavliaşvili isə öz hikkəsindən heç vaxt çəkinmədi. Əgər Pavliaşvili mətbuat vasitəsi ilə yolverdiklərinə görə səmimi olub üzr istəsə, atılan addımı başa düşmək olardı. Bu halda isə bir daha təkrar edirəm, tüpürdüyümüzü yalamış oluruq”-deyə, A. İsmayılov daha sonra qeyd edib.

Etikxeber.az

 

Read Previous

“Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışı olub

Read Next

Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir