“Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi aşağı düşəcək…”- Ekspert

“Bəzi mal qrupları üzrə idxal gömrük rüsumları artırıldı. Nazirlər Kabinetinin qərarından belə çıxdı ki, təklif İqtisadiyyat Nazirliyindən daxil olub və Maliyyə və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi ilə razılaşdırılıb”.

Bunu Etikxeber.az-a açıqlamasında iqtisadçı ekspert Qalib Toğrul (Bayramov)bildirib.

Onun sözlərinə görə, gömrük rüsumların artırlması və advalor (malların gömrük dəyərinə nisbətən faizlə hesablanan) rüsumlardan spesifik (mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan ) rüsumlara keçid və ya onların birlikdə tətbiqi “Gömrük Məcəlləsi”ndə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub.

O, deyib ki, qərarın məqsədi tarif tənzimlənməsi həyata keçirilən mal qrupları üzrə (Ət və qida üçün yararli ət əlavələri, Süd məhsullari, quş yumurtasi, təbii bal, bəzi heyvan mənşəli ərzaq məhsullari, Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumrulari, Tərəvəzlərin, meyvələrin, qoz-findiğin və ya bitkilərin digər hissələrinin emal məhsullari, Spirtsiz içkilər və sirkə, Kükürd, torpaq və daş, suvaq materiallari, əhəng və sement, Keramika məmulatlari) milli iqtisadiyyatın qorunması və təşviqidir.

“Bu, mümkün olacaqmı? Məncə, qərarın aşağıdakı nəticələri qaçılmazdır. Onların hansının müsbət, hansının mənfi olduğuna isə siz qərar verin.

Nəticələr:

1. Dövlət və özəl sektor bu qərardan istehlakçının itirdiyi qədər qazanacaq.
İqtisadi qanunlar deyir ki, idxaldan dövlət, istehsaldan milli biznes faydalanmalıdır. Ancaq milli biznesin qazanması böyük ölçüdə şübhə altındadır. Bu, çox güman ki, baş verməyəcək. Bunun səbəbləri barədə növbəti nəticələrdə danışılacaq. Dövlətə gəlincə, gömrük rüsumlarının artması idxalçının xərclərini artıracaq ki, bu da son nəticədə istahlakçının cibindən çıxacaq.

2. İdxal tarifləri yüksələn məhsullar üzrə qiymətlər artacaq.
Tariflərin artmasında məqsəd yeri istehsalın təşviqi olsa da, bu iki səbəbdən mümkün olmayacaq. Birincisi, milli biznes həmin məhsullar üzrə əvvəllər idxalın ödədiyi payı istehsal etmək gücündə deyil, buna maddi və texnoloji imkanları yoxdur, ikincisi, bu halda bazarda idxalın payı əhəmiyyətli şəkildə azalsa belə, məhsul çatışmazlığı və tariflərin yüksəlməsi inflyasiyanı təşviq edəcək.

3. Tariflər yüksələn məhsullar üzrə yerli istehsalçıların xərcləri artacaq.
Bunu inflyasiya və milli biznesin bazarın tələbinə uyğun həcmdə məhsul istehsalına hazir olmaması şərtləndirəcək.

4. Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi aşağı düşəcək.
İstehsal olunan yerli məhsullar eyni xarici istehsalla müqayisədə müqayisəli üstünlüyə malik olmaq imkanını itirəcək.

5. Tarifləri yüksələn məhsulların satış həcmi əhəmiyyətli dərəcədə ixtisar olunacaq.
Manatın dəyərini itirməsi fonunda alıcılıq qabilliyyəti aşağı düşən yerli alıcıya qiymətlərin yüksəlməsi ikinci zərbə olacaq.

6. Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü daha da yubanacaq.
Bu tip inzibati proteksionist tədbirlər DTT-nin azad ticarət və dotasiyasız milli iqtisadiyyat prinsiplərinə ziddir.

7. Tariflərin artması hesabına artan büdcə vəsaitlərinin yerli istehsalçıların xeyrinə yenidən bölüşdürülməsi prosesi ölkədəki mövcud idarəetmə sisteminin təkmil olmaması səbəbindən gözlənilən səmərəni verməyəcək.

8. Sosial baxımdan həssas qrupların vəziyyəti daha da ağırlaşacaq.
Son gömrük tarifləri tənzimləməsi nəticəsində onların inflyasiyanın yeminə çevriləcək gəlirlərini daralmış büdcənin ixtisar olunmuş sosial müdfiə xərcləri kompensasiya edə bilməyəcək”– deyə, ekspert daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Məhərrəm ayı başlayıb – Ayın 12-si isə Aşuradır

Read Next

Tarixin yeni mərhələsi – Elman Aslanovun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir