Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün saat 11:00-da Milli Məclisin (MM) növbədənkənar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, iclasda cəmi bir məsələ- “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunacaq.
İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.
07:53
***
Spiker S. Qafarova MM-in iclasını açıq elan edib.
İclas Dövlət himnininin oxunması və səsləndirilməsi ilə öz işinə başlayıb.
11:02
***
Sonra spiker sözü Baş prokuror Kamran Əliyevə verib.
Baş prokuror iclasın gündəliyindəki məsələyə toxunaraq, həm də dünyada və ölkəmizdə yaşanan pandemiyaya münasibət bildirib.
O, hüquq-mühafizə orqanları, xüsusilə, polis əməkdaşları tərəfindən pandemiyaya qarşı mübarizə istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Baş prokuror deyib ki, Azərbaycanda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla mübarizə aparır, Birinci vitse-prezident Mehriban Əliyeva da bu mübarizəyə mühüm töhfə verir:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın koordinasiyası ilə bu sahədə ardıcıl işlər görür. Bu sahədə əsas ağırlıq Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.
Baş prokuror bildirib ki, polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edilməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Baş prokuror deputatları təqdimata səs verməyə çağırıb.
11:09
***
Daha sonra söz MM-in İntizam komissiyasının sədri Eldar İbrahimova verilib.
O, dünən komissiyanın iclasının keçirildiyini və 11 nəfərin yekdilliklə rəy qəbul etdiyini dilə gətirib.
E.İbrahimov bildirib ki, hər kəs qanun qarşısında cavabdehdir və hər kəs məlum olaydan ciddi dərs çıxarmalıdır.
11:17
***
Deputat Qüdrət Həsənquliyev çıxışında məsələni üzücü bir hadisə adlandırıb:
“Həmkarımız qanunvericiliyi pozub. Eldəniz Səlimov əməlini də etiraf edərək üzr istəyib. Ancaq çıxışında onu da bildirib ki, təqib və təzyiqlərin nəticəsində bu hal baş verib. Mən Baş Prokurordan soruşmaq istəyirəm ki, bu hadisəyə qədər onun tərəfindən Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə hər hansı müraciət olunubmu, yaxud onlarda belə bir məlumat varmı? Çünki söhbət deputatın əməlinə hüquqi qiymət verilməsindən gedir. Biz ona görə məsələyə diqqətli yanaşmalıyıq”.
11:35
***
MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Şuşaya səfərdən sonra parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisi Müzəffər Milli Məclis adlandırdığını xatırladıb:
“Təəssüf ki, bu gün millət vəkilinin polis zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Təəssüf ki, Prezident İlham Əliyevin tövsiyələrinə baxmayaraq, Eldəniz Səlimov belə bağışlanmaz hərəkətə yol verib. Necə yəni polis mənim qohumumun restoranına gəlib söz deyə bilməz?! YAP İdarə Heyətinin üzvü kimi də bu, məni təəssüfləndirir. Partiya da gələcəkdə seçimlərində daha diqqətli olmalıdır. Mən Baş prokurorun təqdimatını tamamilə dəstəkləyirəm. Eyni zamanda Baş prokuror və hüquq-mühafizə orqanlarından hadisəni tam və obyektiv araşdırmasını da xahiş edirəm”.
MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Azərbaycan polisinin alçaldılaraq döyülməsinə Konstitusiya çərçivəsində layiqli cavab verilməlidir:
“Polisə və zabitə qalxan əl dövlətə qalxan əl kimi qiymətləndirilməlidir. Qanunları yazan və milləti hüquqa dəvət edən bizik. İndiki halda qanunu qoruyan polisdir, həmin millət vəkili deyil. Parlament üzvü millətin simasını təmsil edir, ona qarşı çıxanda isə bu simanı itirir”.
Z. Oruc bir neçə deputatdan ibarət nümayəndə heyətinin Xaçmaza səfər etməsini, ziyalılarla, aktivlərlə görüşməsini də təklif edib.
11:46
***
İclasda millət vəkillərindən Tahir Rzayev, Hikmət Babaoğlu, Bəxtiyar Əliyev, Erkin Qədirli, Razi Nurullayev, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, İlham Məmmədov, Fəzail Ağamalı da çıxış edib, həmkarlarının hərəkətini qınayıblar.
“Deputat həmkarlarım arasında deputatın vəzifəli şəxs olması ilə bağlı mübahisəli fikirlər səsləndirildi”.
Bunu da MM sədrinin birinci müavini Əli Hüseynli söyləyib.
Ə. Hüseynli deyib ki, deputat vəzifəli şəxsdir və bir çox qanunun subyektidir:
“Ona görə də Baş Prokurorluğun vəzifə həddini aşma ilə bağlı cinayət işi açması mübahisə yaratmamalıdır”.
Sonra spiker yenidən sözü Baş prokurora verib.
K. Əliyev bildirib ki, məlum hadisə MM-in nüfuzuna heç bir kölgə salmır.
12:26
***
Sonda spiker S. Qafarova çıxış edərək, millət vəkilin hərəkətlərindən bir daha təəssüfləndiyini və bunun yolverilməz olduğunu bildirib.
Daha sonra məsələ səsə qoyulub və millət vəkili Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az