MM-in iclası-HAKİMLƏRİN MƏSƏLƏSİNƏ BAXILIB, AYDIN MİRZƏZADƏ HAKİMLƏRİN ŞƏFƏR VƏ LƏYAQƏTİNİN QORUNMASI İLƏ AYRICA QANUNA EHTİYAC GÖRÜR, SİYAVUŞ NOVRUZOV İCRA BAŞÇILARINI GÜNAHKAR SAYIR, VAHİD ƏHMƏDOVDAN İSƏ MƏHKƏMƏLƏRƏ KƏSKİN ETİRAZ…-YENİLƏNİB – (4)

Bu gün Milli Məclisin (MM) növbəti-9-cu plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə ilkin olaraq, 11 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
  2. Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
  3. Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında.
  4. “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi
  5. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi
  6. Azad ticarət zonasının yaradılması haqqında sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli sazişdə dəyişikliklərim edilməsi barədə protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi.
  7. ”1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye Nümunələrinin mühafizəsinə dair” protokolun təsdiq edilməsi haqqında qanun layihəsi.
  8. ”Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici işlər Nazirliyi və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən Əmək fəaliyyəti haqqında Anlaşma Memorondumunun təsfiq edilməsi barədə” qanun layihəsi.
  9. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
  10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
  11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Deputatlar yeni bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maskalar və əlcəklərdən istifadə edəcəklər.

***

MM-in iclası öz işinə başlayıb.

İclası spiker S. Qafarova açıb.

Hazırda iclasın gündəliyinə daxil edilən ilk üç məsələnin-hakimlərlə bağlı məsələnin müzakirəsinə başlanılıb.

***

“Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur”.

Bunu MM Sədrinin I müavini, parlament Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Onun sözlərinə görə, hazırda Ali Məhkəmədə 9 hakim ştatı boşdur:

“Ölkəmizdə qısa müddət ərzində 12 yeni məhkəmə yaradılıb, kommersiya məhkəmələri bu ildən fəaliyyətə başlayıb. Hakimlərin seçilməsi prosesi davamlı xarakter alıb, fasiləsiz seçim prosedurları yaradılıb”.

Ə. Hüseynli bildirib ki, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apelyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynov öz ərizəsi ilə vəzifələrindən azad olunublar:

“Bu gün bizim qəbul etdiyimiz qərar onların vəzifələrindən azad olunmaları ilə bağlıdır. Ümumilikdə hakim korpusuna yeni təyinatların aparılan islahatlara müsbət təsir göstərəcəyini düşünürəm”.

Qeyd edək ki, iclasda Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, İlham Əhmədov, Elşad Şamayevin, Gəncə Apellyasiya Məhkəməsinin hakimi – İspəndiyar Şəfiyevin, Şirvan Apellyasiya Məhkəməsinin hakimi – Fehruz Abbasovun, Şəki Apellyasiya Məhkəməsinin hakimi – Mübariz Hüseynovun Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Bundan əlavə, iclasda Çingiz ƏsgərovBəhman Qəribov və Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilir.

***

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanda hakimlərin sayının azlığına toxunub.

Bildirib ki, Avropa ölkələrində hər yüz min nəfərə ən azı 15 hakim düşür, lakin Azərbaycanla bağlı bunu söyləmək olmaz.

Millət vəkilinin sözlərinə görə, bununla da hakimlərin iş yükü artmış olur:

“Ona görə də Azərbaycanda hakimlərin sayının artırılmasına ehtiyac var. Eyni zamanda, hakimlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanun qəbul olunmalıdır. Buna da ciddi ehtiyac duyulur. Hakimin, məhkəmənin qərarından narazı qalmaq, onunla razılaşmamaq olar. Amma bu narazılığı da təhqir, böhtan olmadan hüquqi müstəvidə həll etmək mümkündür. Bu baxımdan, hakimlərin şərəf və ləyaqətinin qorunması ilə bağlı ayrıca qanunumuz olmalıdır”.

***

“2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizin müxtəlif strukturlarda islahatlar getməkdədir”.

Bunu parlamentin komitə sədri Siyavuş Novruzov deyib.

O, bildirib ki, bu gün təqdim edilən şəxslərin əksəriyyətini tanıyır:

“Onlar kifayət qədər hüquqi savada və bu sahədə təcrübəyə malikdir. Onlar dövlətimizdə ədalət prinsipinin hökm sürməsində üzərlərinə düşən vəzifəni yerinə yetirə biləcək. Məhkəmələrdə qanunun bütün tələblərini həyata keçirmək çətin məsələdir”.

Sonra “Bir rayonda icra başçısı camaatın torpaqlarını əlindən alıb. Təbii ki, bu, məhkəmə yolu ilə vaxtında həll edilsəydi, məsələ bu günə kimi gəlib çıxmazdı”-deyən S. Novruzov qeyd edib ki, məhkəmələr öz üzərinə düşəni həll etmədiyinə görə, insanlar dövlətdən narazı qalır:

“Mülkiyyətlə bağlı məsələlərdə də belə çətinliklər mövcuddur. Vətəndaşın əmlakının məhkəmənin qərarı olmadan ələ keçirilməsi məsələsi bir neçə gün əvvəl gündəmə gəlmişdi. Ölkə başçısı bu məsələni nəzarətə götürdü. Mülkiyyət münasibətlərinin dəyişməsi ilə əlaqədar məhkəmə sistemində xeyli sayda işlər var. Bu məsələlərin öz həllini tapması daha məqsədəuyğundur. Burada ədalətli qərarın qəbulu vacib məsələdir. Üçüncüsü, Avropa Məhkəməsinin qərarları ilə bağlıdır. Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur. Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının bir çox hüquqları pozulub. Azərbaycandan Avropa Məhkəməsinə Əli Kərimliyə xidmət edən biri tərəfindən bir şikayət ərizəsi gedən kimi qərar verilir. Prosedur qaydaları bəzən onlara bunu etməyə imkan yaradır. Prosedur qaydalarına düzgün əməl etmək lazımdır ki, bu qaydalardan hər hansı şikayət gəlməsin. Avropa Məhkəməsində əsas qaldırılan məsələ prosedur qaydaları ilə bağlıdır”. 

O, qeyd edib ki, məhkəmə sistemində yeniliklər bundan sonra da davam edəcək:

“Hakimləri yaşa görə yox, əməyinə, işinə görə qiymətləndirmək lazımdır. Ola bilər məhkəmə sistemində işləyən hakim ömründə ədalətli qərar qəbul etməyib. Hakimlərin işinin qiymətləndirilməsi vətəndaşların onlardan razılığına görə olmalıdır. Bu strukturun verdiyi hər bir qərar vətəndaşların həyatında mühüm rol oynayır”.

***

Deputat Vahid Əhmədov öz növbəsində məhkəmə sistemini sərt tənqid edib. 

V. Əhmədov qeyd edib ki, məhkəmə sistemində aparılan islahatlar onu qane etmir:

“Məhkəmələrdə əməkhaqqının az olmasını nəzərə alaraq cənab Prezident xüsusi sərəncam imzaladı. Onların əməkhaqqısı artırıldı. Ancaq məhkəmə sistemindən bizə gələn şikayətlər on minlərlədir. İnsanlar məhkəmə sistemindən narazıdır. Rüşvətə, korrupsiyaya qarşı mübarizədə məhkəmə sisteminin çıxardığı qərarlar vacibdir. 

Əmlakla, bankla bağlı məsələlərdə məhkəmələrdən şikayətlər çox gəlir. Ədalət öz həllini tapa bilmir. Ona görə də məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Onlar ədalət çərçivəsində qərar çıxarmalıdırlar. Hansısa məmurun, icra başçısının təzyiqi ilə qərar çıxarmalı deyillər. Hakimlərdən xahişim ondan ibarətdir ki, qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoysunlar və elə qərar qəbul etsinlər ki, insanlar əziyyət çəkməsin”.

Müzakirələrin sonunda hər üç məsələ səsə qouyalaraq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik”-İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında-ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLİR – YENİLƏNİB – (2) FOTOLAR

Read Next

“Onların videokonfrans şəklində Zirvə görüşünə qatılması Azərbaycan Prezidentinin nüfuzunu göstərir…”-SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir