MM-in iclası: DEPUTATLARA VƏSİQƏLƏRİ VERİLDİ – OQTAY ƏSƏDOVLA VASİF TALIBOV İCLASA QATILMADI, SİYAVUŞ NOVRUZOV MEDİADAN ŞİKAYƏTLƏNDİ, MUSA QASIMLI TELEKANALLARI SƏRT TƏNQİD ETDİ… – YENİLƏNİB – (5)

Milli Məclisin (MM) yaz sessiyasının ikinci plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

İclasın gündəliyinə 18 məsələ daxil edilib.

Həmçinin, MM-in iclasına Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov başda olmaqla, Komissiyanın bütün üzvləri qatılacaqlar.

Belə ki, MSK sədri tərəfindən deputatlara vəsiqələr veriləcək.

Qeyd edək ki, 6-cı çağırış MM-də-indiki tərkibdə 121 deputat təmail olunur.

Onlardan 70-i YAP-çı, 39-u müstəqillər, 12-si isə digər partiyaların üzvləridir.

***

Deputatlara vəsiqələr təqdim edilməsinə başlanılıb.

Vəsiqələri M. Pənahov təqdim edir. 

***

Deputatlara vəsiqələrin təqdim edilməsi baş çatıb.

***

Deputatlardan sabiq spiker Oqtay Əsədov və MM sədrinin müavini, Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sədri Vasif Talıbov iclasa qatılmayıblar.

Bu səbəbdən onlara deputat vəsiqələri təqdim edilməyib.

***

“Bundan sonra da  Heydər Əliyev  siyasətinə, xalqa və dövlətimizə sədaqətlə xidmət edəcəyik”.

Bunu isə iclasda MM sədrinin I müavini Əli Hüseynli deyib.

I vitse-spiker onun bu vəzifəyə namizədliyini irəli sürən YAP-ın sədrinə, partiya rəhbərliyinə təşəkkür edib.

***

“Bugünlərdə Azərbaycanda yalandan ajiotaj yaradılır”. Bunu da MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. S. Novruzov deyib ki, dövlət neftin qiymətinin düşməsinin yaratdığı problemlərlə bağlı lazımi addımlar atır: “Osmanqızının verilişinə baxırdım. Az qalırdılar ki, neftin qiymətinin düşməsinə görə oynasınlar. Neftin qiyməti düşübsə, bizim hər bir vətəndaşımız əziyyət çəkir. Əgər sən vətəndaşı düşünürsənsə, niyə sevinirsən?! Qurulan, yaradılan bütün məktəblər, bağçalar, məcburi köçkünlər üçün tikilən evlər xalq üçün edilir. Deməli, onlar vətəndaşların yaxşı yaşamasının əleyhinə olan adamlardır. Mən o verilişə hər gün baxıram. Hər gün o verilişdə eyni şeylər təkrarlanır. İnsanların zəlzələdən evi uçanda dövlət vətəndaşa ev tikir, yanğından evi yanan vətəndaşa dövlət ev verir. Başqa ölkələrdə belə addım atılmır. Dövlət insanlara dədəsi-babası tikəndən daha yaxşı ev tikib verib. Burada da hansı problem olsa, dövlət, dövlət başçısı bunu həll edəcək. 5-3 adamın verdiyi şərhlərə insanlarımız uymasın. Dövlət və dövlət başçısı insanlarımızın problemlərini həll edəcək”.

***

MM-in yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı isə AMEA-nın müxbir üzvü, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı sərt çıxış edib. Bildirib ki, gələn il Azərbaycanın ikinci müstəqilliyinin 30 ili, 30 yaşı tamam olur, ancaq ötən illər ərzində müstəqiilliklə bağlı düz-əməlli bir film yoxdur: “Hara baxır kinematoqrafiyamız, hara baxır Mədəniyyət Nazirliyimiz?! Eyni zamanda, seçicilərimin bir xahişini çatdırmaq istərdim. İnsanlar, seçicilər çox ciddi narahatçılıqla bildirirlər ki, efirlərimiz niyə bu vəziyyətdir?! Bütün günü efirlərdə düşük verilişlər, şou-biznes nümayiş olunur. Bu, dözülməz, biabırçı vəziyyətdir. Düzdür, telekanallar müstəqildirlər, özəldirlər, onların işinə qarışmaq olmaz, amma bununla belə, bu cür halların qarşısı alınmalıdır, insanların mənəviyyatı korlanır…”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Koronavirus epidemiyasının yayılması iyun ayına qədər bitəcək və dünyada iqtisadi əlaqələr aktivləşəcək” – TAHİR MİRKİŞİLİ – VAHİD ƏHMƏDOVLA ƏLİ MƏSİMLİ ETİRAZ ETDİ, MUSA QULİYEV RAZILAŞMADI – YENİLƏNİB – (5)

Read Next

“Bəzən biz 39 məsələni bir saata müzakirə edib qurtarırdıq…” – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir