“Milli Məclis niyə özünü buraxmalıdır ki?”- MUSA QULİYEV

MUSA QULİYEV: Milli Məclisin buraxılması şaiyə səviyyəsindən yuxarı qalxmır. Bunu rəsmi mənbələr də təsdiq etmir, nə də ki, həmin mənbələrdən belə bir məlumat yoxdur

Etikxeber.az-ın müxbirinin suallarını millət vəkili Musa Quliyev (Urud) cavablandırır:

-Musa müəllim, təkziblər verilməsinə baxmayaraq, artıq iki gündür sosial şəbəkələrdə, mediada parlamentin özünü buraxması və yaxud, dövlət başçısı tərəfindən parlamentə etimadsızlıq göstərilərək, yeni seçkilər təyin etməyə hazırlaşılması, deputatlara Bakıdan kənara çıxmağa qadağa qoyulması, ciddi proseslərin başlaması ilə bağlı müzakirələr açılmaqdadır, şaiyələr baş alıb getməkdədir. Sizcə, bunların kökündə dayanan nədir? Parlament doğrudan da, özünü buraxa və ya prezident ona etimadsızlıq göstərə bilərmi?

-Əvvəla, bəzi kütləvi informasiya vasitələrində sensasiya yaratmaq meyli var. Eyni zamanda, sosial şəbəkələrdə bu meyl, bu tendensiya daha güclüdür. Düzdür, sosial şəbəkələr Azərbaycanda son illər ərzində çox geniş yayılıb, amma hələ tam oturuşmayıb, formalaşmayıb. Əslində sosial şəbəkələrdə də bir polemika mədəniyyəti, əndazə, məsuliyyət hissi olmalıdır. Görünür hələ təzə başlamışıq deyə, bizə bir neçə il vaxt lazım gələcək ki, sosial şəbəkələr müəyyən mədəniyyət və ünsiyyət formalarına yiyələnsin. Yəni, bu şaiyələr, müzakirələr sensasiya yaratmaq-maraqlı oxunmaq arzusundan və məsuliyyətin az olmasından irəli gəlir. Rəsmi olaraq da elə bir fikir yoxdur.

O ki qaldı iyul ayında növbənkənar sessiyasının daha iki iclasının keçirilməsinə, burada da təəccüblü və qeyri-adi bir məsələ yoxdur. Yaz sessiyası başa çatmaq ərəfəsində məlum oldu ki, parlamentin gündəliyində yarımçıq qalan xeyli məsələlər var.  Ona görə bir çox deputatlar  Milli Məclisin sədrinə müraciət etdilər ki, yaz sessiyasından əlavə növbənkənar sessiya çağırılsın və yarımçıq qalan məsələlər bitsin. Növbənkənar sessiya da  2 iclasdan və ya 5 iclasdan ibarət ola bilər. Burada da qəribə bir məsələ yoxdur. İyulun 9-u və 12-də nəzərdə tutulan iclaslar da həmin o növbədənkənar sessiyanın iclaslarıdır. Yəni, nə fövqəladə iclasdır, nə  xüsusi iclasdır, nə də xüsusi tapşırıqla olan iclasdır.

Həmçinin, Milli Məclisin buraxılması da şaiyə səviyyəsindən yuxarı qalxmır. Bunu rəsmi mənbələr də təsdiq etmir, nə də ki, həmin mənbələrdən belə bir məlumat yoxdur. Milli Məclis də niyə özünü buraxmalıdır ki? Bunu deyənlər özləri  birinci öz suallarına cavab versinlər və cavablarını tapsalar, bizə də desinlər.

meclis-oqtay-1

-Sizcə, Milli Məclis özünü doğruldurmu?

-Bunu növbəti seçkilərdə seçicilər özləri deyəcək. Adətən hər hansı seçicinin etimadını kimsə doğruldursa, kim doğrultmursa, onu növbəti seçkidə seçicidən doğru biləni və ondan da doğru qərar verəni yoxdur. Həmçinin, burada da subyektiv maraqlar-fikirlər ola bilər.

Bir tərəf tamamilə deyə bilər ki, parlamentin işi lap əladır, bir tərəf də deyə bilər ki, parlamentin işi qeyri-kafidir. Amma bütövlükdə hesab edirəm ki, parlament öz üzərinə düşən funksiyaları tamamilə yerinə yetirir, doğruldur.

Milli Məclisin istər qanunvericilik funksiyası, istər beynəlxalq almədə Azərbaycanın təmsilçilik  finksiyası, istər seçicilərin maraqlarını əks etdirmək funksiyası tamamilə yerindədir. Bu baxımdan hesab edirəm ki, Milli Məclisin işində problem yoxdur.

-Bəs nəyə görə, cəmiyyətdə millət vəkillərinə, Milli Məclisə qarşı bir aqressiya var?

– Bu aressiya cəmiyyətdən gəlmir, daha çox sosial şəbəkələrdən gəlir. Çünki sosial şəbəkələrdə müəyyən qruplar var və bunlar idarə olunurlar. Bunları da çox dəqiq bilirik. Bunların bir hissəsi xaricdən maliyyə vəsaiti alan, Azərbaycana düşmən qüvvələr, qruplar tərəfindən idarə olunur. Bir hissəsi də, ümumiyyətlə, belə demək mümkünsə, küyə gedən insanlardır. Bəzi vətəndaşlarımız var ki, sosial şəbəkələrdə klaviatura qəhrəmanlığı etmək istəyirlər.

O ki qaldı Milli Məclisə qarşı qeyri-sağlam münasibətə, bunu zaman-zaman elə həm parlamentə, həm də hökumətin ayrı-ayrı üzvlərinə qarşı görmüşük. Bunu əslində Milli Məclisə qarşı da hesab etmək doğru deyil. Ola bilsin ki, ayrı-ayrı deputatlara qarşı belə bir münasibət var.

Ancaq yenə deyirəm ki, deputata ancaq onun seçicisi qiymət verə bilər. Kənar hər hansı bir adamın qiyməti onun verdiyi subyektiv qiymətdir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Paytaxtın bəzi küçələrində işıqforlar niyə işləmir?

Read Next

“Sadəcə, bir feyk xəbər ortaya buraxılıb və …” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir