“Milli Məclis tərəfindən də qanadlandırılsın ki…” – RAFAEL HÜSEYNOV

Rafael HÜSEYNOV:  Çalışmalıyıq ki, sərhəd bölgələrində olan  və təhlükə duyulan istənilən qədim, tarixi və mədəni dəyər daşıyan abidələrimiz UNESKO-ya, Ümumdünya İrs Siyahısına təqdim olunsun

Komitəmizin gündəmində, düşüncədə başqa qanun layihələri də var.

Bunu Etikxeber.az-a açıqlamasında akademik, parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

“Məsələn, UNESKO-nun Bakı şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin sonuncu sessiyasında Şəkinin tarixi mərkəzi və Xan sarayı Ümumdünya İrs Siyahısına salındı. Bu, Azərbaycan üçün çox böyük iftixar doğuran hadisədir”-deyən komitə sədri bu yerdə xatırladıb ki, hələ 16 il öncə, 2003-cü ildə UNESKO-nun toplantısında iştirak edib:

“O zaman “Dünyanın təbii və mədəni irsi Konvensiyası”nın 30 illiyi qeyd olunurdu. Həmin vaxt çox dərin bir təəssüf hissi ilə bunu müşahidə elədim ki, Azərbaycandan yalnız bir nominasiya təqdim olunmuşdu UNESKO çərçivəsində. O da Şirvanşahlar sarayı və Qız qalasından ibarət idi ki, müəyyən qədər sual, təhlükə altında olan obyektlər kimi təqdim olunmuşdular.

Ancaq sonrakı illərdə görülən işlərin nəticəsi, xüsusən də, son illərdə aparılan ardıcıl səmərəli fəaliyyətlərin bəhrəsi olaraq, Azərbaycandan UNESKO-nun ən müxtəlif nominasiyalarına bir neçə təbii, maddi-mədəni irs nümunələri təqdim olunub, çövkən oyunundan, kələğayıdan, muğam sənətindən, tardan, Azərbaycan mətbəxinin incilərindən tutmuş elə həmin o Şirvanşahlar, Qiz qalası, Qobustan qaya rəsmləri və nəhayət, Şəki şəhərinin tarixi mərkəzinəcən.

“Ən çox böyük arzularımdan biri budur ki, “Göygöl” ayrıca bir nominasiya olaraq dünyanın təbii irsi siyahısına- UNESKO-ya təqdim olunsun, həmçinin, onunla bağlı ayrıca qanunumuz olsun”

Bunlar hamısı çox mühümdür. Bütün bunları ona görə niyə sadalayıram ki, 2003-cü ildə adını çəkdiyim Konvensiyanın 30 illiyi qeyd olunan zaman bir çox sənədlərlə tanış olurdum və tanışlıq zamanı gördüm ki, məsələn, Baykal gölü haqqında ayrıca bir qanun layihəsi var. Maraqlandım ki, nəyə görə?

Dedilər ki, Baykal gölü dünyanın təbii və maddi irsi siyahısına salınıb. Mənim ən çox böyük arzularımdan biri budur ki, məsələn, “Göygöl” ayrıca bir nominasiya olaraq dünyanın təbii irsi siyahısına- UNESKO-ya təqdim olunsun.

Çünki “Göygöl” yalnız Azərbaycan üçün çox mühüm əhəmiyyət daşımır, ümumiyyətlə, dünya üçün böyük önəm daşıyır. O, dünyanın bütün gölləri içərisindəən unikalıdır. “Göygöl” dünyanın yeganə gölüdür ki, onun dəqiq doğum tarixi var. Dünyada heç bir çayın, gölün, dağın doğum tarixini heç kəs deyə bilməz, amma 1139-cu ilin sentyabr ayının 30-da, şənbə günü “Göygöl” yaranıb. Ərəb tarixçiləri  də o dəhşətli Gəncə zəlzələsinin bütün təfərrüatlarını və tarixini yazdıqlarından, bunun dəqiq tarixinəcən, hətta, həftənin hansı gününəcən də əks etdiriblər.

Ondan başqa onun ətrafında  “Yeddi bacı” deyilən yeddi göl də yaranıb. Bu, çox unikal bir təbiət abidəsidir, odur ki, onunla bağlı ayrıca bir qanun layihəsi olmalıdır”.

Bununla yanaşı, komitə sədri bildirib ki, Qobustanın qaya rəsmləri ilə bağlı ayrıca bir qanun layihəsinin qəbul olunmasını istəyir:

“Bildiyiniz kimi, Qobustan qaya rəsmləri ilə bağlı görülən işlər UNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri kimi qeyd olunmalıdır.

Çünki mən bu tarixcəni bilirəm. Bilirəm ki, Qobustan dünyanın ən unikal bir abidəsi olsa da, orada beş min il, on min il, on beş min il, hətta, iyirmi min ildən də artıq yaşı olan qaya rəsmləri var.

“Mehriban xanım böyük səylər göstərdi və ona nail oldu ki…”

Ən nadir, ən misilsiz abidələrindən biridir. Amma Mədəniyyət Nazirliyi illərlə çalışırdı ki, onu UNESKO çərçivəsində təqdim etsin, rəsmiləşdirsin, amma alınmırdı.

koşiro

yunesko-mehriban xanım-1

goygol

Qobustan_1 (3)

Lakin Mehriban xanım böyük səylər göstərdi və ona nail oldu ki, UNESKO-nun o zamankı baş direktorunu- Koişiro Matsuuranı  Azərbaycana gətirdi, apardı həmin o Qobustan qaya rəsmlərini  bilavasitə gözü ilə görməyə və ondan sonra, qısa bir müddət içərisində Qobustsan qayaları UNESKO-nun siyahısında əksini tapdı.

Həmçinin, Azərbaycanda eyni paralellər var, məsələn, Naxçıvandakı Gəmiqaya abidələri. O, yaş nöqtəyi-nəzərdən ola bilsin Qobustandan bir az azdır. Hətta orada da üç min  il, beş min il yaşı olan qaya rəsmləri, abidələri var. Lakin buranın ən gözəl cəhətlərindən biri də budur ki, dəniz səviyyəsindən xeyli hündürdədir. Yəni, torpağın üstündə-yerdəki qayaların yox, uca dağların başındakı zirvələrdəki qayaların üstündədir.

Digər tərəfdən, Naxçıvan bizim üçün strateji bir məkandır. Ona görə istərdim ki, həm Gəmiqaya abidələri UNESKO-ya, Ümumdünya İrs Siyahısına təqdim olunsun və daxil edilsin, həm də onunla və Qobustanla bağlı ayrıca qanunumuz olsun”.

paris-rafael

R. Hüseynovun dediyinə görə, həmçinin, Qarabağdakı tarixi-mədəni abidələr Ümumdünya İrs Siyahısına salınmalıdır.

“Eyni zamanda,  məsələn, Gədəbəydə tarixi abidələr var. O  abidələrdən çalışmaq lazımdır ki, UNESKO-nun çərçivəsinə salınsın. Çünki bunlar həm UNESKO tərəfindən bir abidə, mədəni irs nümunəsi olaraq qorunacaq, həm də biz siyasi funksiyanı yerinə yetirəcəyik.

Çünki Azərbaycanın ərazi bütövlüyünə hansısa bir müdaxilə, təcavüz olanda – təbii, istərdik ki, olmasın, amma tarixdir, həyatdır, hər şey baş verə bilər – bunlar qoruna bilər. Əgər biz vaxtında, məsələn, Şuşanın tarixi mərkəzi abidələrini  UNESKO-nun bu cür layihələrinə salmış olsaydıq, –  hərçənd ki,  biz 1992-ci ildən UNESKO-nun müstəqil dövlət kimi üzvüyük, Qarabağda baş verənlər ondan daha əvvəllər qaynanmış, qarışmış məsələlərdir – Qarabağdakı digər məsələləri qeydiyyata salmış olsaydıq, onların uğrunda mübarizə apara bilərdik.

“Qanun yaradıcılığı ilə məşğul olmaq üçün çox geniş üfiqlər var, amma gərəkdir ki…”

Yəni, UNESKO çərçivəsində, UNESKO-nun gücündən də bu istiqamətdə istifadə edə bilərdik. Ona görə bizim sərhəd bölgələrində olan  və təhlükə duyulan istənilən qədim, tarixi və mədəni dəyər daşıyan abidələrimizi çalışmalıyıq ki, UNESKO-ya, İrs Siyahısına təqdim olunsun.

Kələğayı da gözəldir, “Yallı” da gözəldir, digər bizim musiqi və sənət örnəklərimiz ki, onları UNESKO çərçivəsində təqdim eləmişik, onlar hamısı çox gözəldir. Amma çalışmalıyıq ki, o siyahılara məhz dediyimiz istiqamətdə başqalarından  ikiqat, üçqat artıq dəyər daşıyan həmin abidələri təqim edək, saldıraq.

Bu,  həm ölkəmizi qoruyacaq, sərhəddimizi qoruyacaq, ərazimizi qoruyacaq, yəni, onların qorunmasında biz artıq UNESKO-nun da, beynəlxalq bir təşkilatın da gücündən istifadə edə biləcəyik, digər tərəfdən, o irs özü də qorunmalı, yaşadılmalı və gələcək nəsillərə çatdırılmalı bir sərvətdir.

Düşünürəm ki, qanun yaradıcılığı ilə məşğul olmaq üçün çox geniş üfiqlər var, amma gərəkdir ki, o yaranan bəhrələr tez istifadəyə verilsin, Milli Məclis tərəfindən də qanadlandırılsın ki, biz onun davamını da işləyək.

İşləyək ki, növbədə dayanan qanun layihələrinin sayı çoxalmasın, sıra sıxlaşmasın. Biz hər halda bütün fəaliyyətimizi bu boşluqların doldurulması, görülməli işlərin – o işlər ki, mütləq həyata keçməlidir – icrası ilə məşğul olmaqda görürük və biz vəzifəmizi yerinə yetirəcəyik”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Güclü külək Bakıda və Goranboyda fəsadlar törətdi…

Read Next

Goranboyda qanlı hadisə – İKİ NƏFƏR YARALANDI – TƏFƏRRÜAT – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir