“Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək…”-BUNU TBMM BAŞQANI MUSTAFA ŞENTOP MM-DƏ ÇIXIŞINDA SÖYLƏDİ, HƏMÇİNİN, DÜNYA BİRLİYİNİ, BEYNƏLXALQ TƏŞKİLATLARI SƏRT TƏNQİD ETDİ, İCLASDAN BİRBAŞA GƏNCƏYƏ YOLLANDI…-YENİLƏNİB – (5)

Milli Məclisin (MM) payız sessiyasının növbəti iclası bu gün keçiriləcək. 

 Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir: 

1. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Qeyd edək ki, deputatlar yenə tibbi maskalardan istifadə edəcək, sosial məsafəni gözləyəcək, bir-birilərindən iki metr aralıda əyləşəcəklər.

07:41

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

İclasa TBMM başqanı M. Şentop və türkiyəli deputatlar da qatılıb.

11.02

***

S. Qafarova deyib ki, Azərbaycan və Türkiyə qanı-canı bir olan qardaş dövlətlərdir:

“Bizim dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır”.

O, bildirib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinə güvənir:

“Prezident İlham Əliyevin də dediyi kimi dünyada ikinci belə ölkə yoxdur ki, bir-birinə bu qədər yaxın olsun. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı təxribatı zamanı Türkiyənin göstərdiyi mövqe ilə dünya bu qardaşlığa şahid oldu. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu gün Mustafa Şentopun burada olması da bizim qardaşlığımızın daimi nümunəsidir”.

TBMM sədri hazırda plenar iclasda çıxış edir.

11:15

***

“İlk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim”.

Bunu çıxışında M. Şentop deyib.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir:

“Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığına verirəm”.

11:25

***

“Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır. Məclis olaraq Azərbaycanın yanında olduğumuzu sentyabrın 28-də dünyaya bir daha bəyan etdik”-deyən M. Şentopun sözlərinə görə, Ermənistan mülki insanları öldürməyi dövlət siyasətinə çevirib:

“Moskvadakı atəşkəsdən sonra da onlar atəşkəsi pozaraq mülki insanları yenidən hədəf alıb. Onlar günahsız insanlara hücum etməyə davam edir. Bunlar müharibə cinayətidir. Beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, karsınız, ya korsunuz? Bunları görmürsünüzmü? Ermənistanın ipini əlində tutanlar bunu dayandırmalıdır”.

11:31

***

O, qeyd edib ki, Azərbaycanın daha 30 il də gözləyəcək vaxtı yoxdur. Beynəxlaq təşkilatlar qəbul etdiyi qərarlarının namusunu qorumalıdırlar.

Onun dediyinə görə, Minsk qrupu münaqişənin həll olunmasına gerçək iradə göstərməyib:

“Minsk qrupunun beyin ölümü gerçəkləşib. İndiyə qədər Qarabağda bir çox yerlər işğaldan azad edilib. Yenə beynəlxalq təşkilatların atəşkəs çağırışı olub. Heç bir dövlət boş-boşuna müharibə etmək istəməz. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Azərbaycan ilanın eyni yerdən sancmasına icazə verməyəcək. Kimsə Azərbaycan torpaqlarına əməliyyat həyata keçirə bilməz”.

11:39

***

Sonra “Asiya qitəsinin bütün sahələrdə rolu artdığı üçün XXI əsri “Asiya əsri” də adlnadırırlar”-deyən TBMM sədri bildirib ki, Türkiyə və Azərbaycan işbirliyi bu perspektivləri özündə birləşdirir:

“Bakı-Tblisi-Qars və digər layihələr bu siyasətin bel sümüyünü təşkil etməkdədir. Türkiyə  və Azərbaycanın ətrafındakı regionlar da daha sıx əməkdaşlıq edəcək. Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır. Bu coğrafiyada bütün bölünmüşlüklərə baxmayaraq, region dövlətləri ət və dırnaq kimi birlikdədir. Bütün hücumlarda da bu stratejik birliyimizi baltalamaq məqsədi var. Türkiyə və Azərbaycanın qəlbi eyni məqsəd üçün birlikdə atdıqca bütün cahana səsimizin nə qədər güclü olduğunu bəyan edəcəyik”.

M.Sentopun çıxışı başa çatıb.

O, başçılıq etdiyi nümayəndə heyəti ilə MM-dən birbaşa Gəncəyə yollanıb.

Bu barədə S. Qafarova bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bayramovla Şentop-BİR ARADA…-FOTO

Read Next

Düşmənin atəş nöqtələrinə artilleriya bölmələrimiz-ZƏRBƏLƏR ENDİRİR – MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir