MM-in yaz sessiyası başa çatdı-İYUNDA PARLAMENTİN NÖVBƏDƏNKƏNAR SESSİYASI KEÇİRİLƏCƏK – YENİLƏNİB – (4)

Bu gün Milli Məclisin (MM) 2022-ci il yaz sessiyasının sonuncu iclasıdır.

Etikxeber.az xəbər verir ki, bu gün MM-in yaz sessiyası başa çatır.

Sessiyanın sonuncu plenar iclasında 7 məsələ müzakirə olunacaq və həmin məsələlər bunlardır:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). 

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7.Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 

İclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak və çıxış edəcəklər.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatacaq.

İyun ayında isə MM-in növbədənkənar sessiyasının çağırılması və ən azı 3 iclasın keçirilməsi keçirilməsi gözlənilir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra millət vəkilləri iyulun 15-dən yay tətilinə çıxacaqlar.

MM-in növbəti-pazyız sessiyası isə sentyabr ayının son günlərindən birində və ya oktyabr ayının 1-də başlayacaq.

00:00

***

MM-in iclası başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

İclasda maliyyə naziri S. Şərifov, Hesablama Palatasının sədri V. Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

Qanun layihəsini parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili (Maliyyə naziri S. Şərifov) təqdim edir.

Layihəyə əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.

“Keçən il dövlət maliyyə nəzarəti tədbirləri və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60,8 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib”-deyən T. Mirkişili bildirib ki, hesabat ilində özəlləşmədən daxilolmalar ötən illə müqayisədə 83, 4 % artıb.

11:17

***

T. Mirkişilinin məlumatı dinlənildikdən sonra söz Hesablama Palatasının sədri V. Gülməmmədova verilib.

Çıxışında “Hesabat ilində dövlət satınalmalarına cəlb edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə azalsa da, müqavilələrin sayı artıb. Əvvəlki illərdə olduğu kimi say baxımından kotirovka sorğusu, məbləğ baxımından bir mənbədən satınalma əhəmiyyətli çəkiyə malik olmaqla müsabiqə əsaslı satınalma metodlarına cəlb edilmiş məbləğdə əvvəlki illə müqayisədə azalma, bir mənbədən satınalma üzrə isə əksinə artım müşahidə edilib”-deyən V. Gülməmmədov  bildirib ki, Hesablama Palatası ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı hüquqi bazanın tam formalaşdırılmamasını diqqətə alaraq, pilot bölmələr üzrə əks etdirilmiş maliyyələşmə və hədəf göstəricilərinin uyğunlaşdırılması, eləcə də çərçivədə əks etdirilmiş tədbirlərin dövlət proqramları və strategiyaları ilə uzlaşdırılması məqsədilə yeni büdcə modelinə keçid üzrə fəaliyyətin təkmilləşdirilməsinin vacibliyi qənaətindədir:

“Dövlət borcu üzrə apardığımız təhlillər borc dayanıqlılığını ifadə edən göstəricilərin tələb olunan meyarlar çərçivəsində olduğunu göstərir. Müsbət meyllərin izlənməsi fonunda dövlət borcunun idarəedilməsi üzrə bəzi məqamların, o cümlədən dəyişkən faiz dərəcəsi ilə əldə edilən vəsaitlərin, şərti öhdəliklərin, dövlət müəssisələrinin borc həcminin diqqətdə saxlanmasını da vacib hesab edirik”.

11:23

***

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra gündəlikdə digər 5 məsələ müzakirədən keçirilirib və səsə qoyularaq, birinci oxunuşlarda qəbul ediliblər.

İclasın sonunda MM-in yaz sessiyası başa çatıb.

Sessiya Dövlət himninin səsləndirilməsi ilə öz işini başa vurub.

13:30

***

Eyni zamanda, MM-in növbədənkənar sessiyası keçiriləcək.

Bu barədə parlamentin sədri S. Qafarova müvafiq Sərəncam imzalayıb.

Sessiya iyulun 15-dək olan dövrü əhatə edəcək.

Qeyd edək ki, parlamentin sədri MM-in 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM Mərkəzi Bankın İdarə Heyətinin yeni iki üzvünün təyin edilməsinə-RAZILIQ VERDİ

Read Next

Daha 8 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir