Milli Ordu Günündə anadan olan peşəkar hərbçi, mayor, 3 övlad atası, 3 medallı Şəhidimiz-İLKİN QƏLƏMŞAH OĞLU ƏHƏDZADƏ… – FOTOLAR

Əhədzadə İlkin Qələmşah oğlu…

Əslən Qubalı, Buduqlu, özü isə Bakı, Səbail doğumlu…

Peşəkar hərbçi, mayor, İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qəhrəmanlarından, İgidlərindən biri…

Daha bir Vətən sevdalımız, daha bir Nur üzlü Şəhidimiz…

İlkin 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə anadan olub…

Ailədə 3 övlad, 3 qardaş olublar, özü isə böyük övlad, böyük qardaş olub…

İlkin 1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə, birinci sinfə gedib…

İlk gündən də müəllimlərinin ən sevimli şagirdi olub…

Savadı, biliyi, tərbiyəsi, böyük-kiçik yeri bilməyi ilə seçilib, fərqlənib…

26 iyun tarixində, Silahlı Qüvvələr, Milli Ordu Günündə anadan olması isə sanki onun yolunu, izini, seçimini öncədən müəyyənləşdirib, həyatını, taleyini Ordu, hərb ilə bağlamasına gətirib çıxarıb…

Belə ki, 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və oranı bitirərək, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub…

Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra isə Gəncədə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, leytenant kimi fəaliyyət göstərib…

İllər keçdikcə Vətənimizin bütün bölgələrində-Ağdam,Naftalan, Goranboy,Qazax,Şəmkir,Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb…

Qazaxda, Şəmkirdə bölük komandiri vəzifəsində işləyib və harada da işləyibsə, böyük hörmət, nüfuz qazanıb, əsgərləri, dostları tərəfindən sevilib…

Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən İlkin mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb… Və bu vəzifədə də cəmi iki ay fəaliyyət göstərib…

2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlanması ilə İlkin peşəkar hərçbi, zabit kimi döyüşlərə, Vətən müdafiəsinə atılıb…

Döyüşə, müharibəyə gedənlərin, döyüşənlərin, vuruşanların ilk sıralarında addımlayanlardan olub…

Döyüşüb, vuruşub, igidliklər, qəhrəmanlıqlar nümayiş etdirib…

Və döyüşlərin 5-ci günü, oktyabrın 1-ində Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Vətən torpaqları uğrunda həlak olub, 35 yaşında Şəhidlik məqamına ucalıb…

Qeyd edək ki, İlkin döyüşlərdə əsgərləri, döyüş yoldaşları ilə üç post alaraq, komandrini də ölümdən xilas edib…

Özü isə qeyd etdiyimiz kimi, canından çox sevdiyi Vətəni, Qarabağı yolunda Şəhidlik zirvəsinə yüksəlib…

Nəşi iki gün sonra tapılaraq, Bakıya, Səbail rayonuna, Badamdar qəsəbəsinə, yaşadıqları evə gətirilib və İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb, torpağa tapşırılıb…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı da qiymətləndirilib, dəyərləndirilib və Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” “İgidliyə görə” medalları ilə təltif olunub…

Haqqədır, Haqq etdiyini də qanı, canı bahasına qazanıb və daha artığına, daha yüksəyinə layiqdir!

***

İlkin həm də ailəli olub…

O, 2008-ci ildə ailə həyatı qurub, dünya evinə daxil olub…

Və bu evlilikdən onun 3 övladı dünyaya gəlib…

İki qızı, bir oğlu olub…

O, övladlarını, övladları da onu çox istəyib…

Və atasızlıq nə qədər çətin və ağır olsa da, övladları İlkinlə Fəxr edir, Qürur duyurlar…

Fəxr edir, Qürur duyurlar ki, belə bir İgidin, Qəhrəman Atanın övladlarıdır…

Atalarının torpağı sanı yaşasınlar, ruhu daim köməkləri olsun!

***

İki gün öncə isə Şəhidimizin ailə üzvləri-mələk simalı, Məğrur, Əsalətli, Dik duruşlu anası Asəmən və çox sadə, çox mehriban qardaşı Emnlə yaxından tanış ola bildim…

Belə ki, ayın 4-ündə Şabrana, Şəhid Vüsal Həsənovun məzarını və ailəsini ziyarətə gedən Səbailli Şəhid ailələri arasında Asəmən xanım və Emin də var idi…

Tanışlığımızdan da çox şad oldum, qürur duydum…

Qısa da olsa, söhbətləşdik, dərdləşdik…

Şəhid anasına və Şəhid qardaşına başsağlığı verdim, Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr dilədim…

Allah Şəhidimizin məkanını cənnətlik, ruhunu şad etsin!

Allah ailəsinə, əzizlərinə səbr və dözüm versin!

Və neçə ki, Azərbaycan var, Azərbaycan xalqı yaşayır, İlkin də, İlkinlər də var olacaq, yaşayacaqlar!

Qəlblərimizdə, könüllərimizdə!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Xəritələrin əldə edilməsi ilə beynəlxalq tərəfdaşlar və şirkətlərin nümayəndələrinin də həyatını real təhlükədən xilas etmək mümkün olacaq”-AZAY QULİYEV

Read Next

“Hədəf Nəşrləri”nin müəllif tenderində siyahı-MƏLUM OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir