Mingəçevir Şəhidləri: Əli, Emin, Sadiq…Bir ayın içində iki əzizini itirən Səba ana…İki körpəsi ilə başsız qalan Mehriban xanım…ÖGEY ÖVLADINI İKİ OĞLUNDAN ÇOX SEVƏN HƏNİFƏ ANA… – FOTOLAR

Yenə Mingəçevir…

Yenə Nur üzlülərimizin, Şəhidlərimizin uyuduğu Mingəçevir Şəhidlər Xiyabanı…

16 iyul tarixində növbəti dəfə Mingəçevirimizə, İkinci Vətən Müharibəsində 50-yə yaxın Şəhid vermiş ölkəmizin dördüncü sənaye şəhərinə, Şəhidlərimizi, Şəhid ailələrini ziyarətə gəlmişdim…

Çünki bir insan, bir vətəndaş, bir qələm əhli kimi vicdani, insanlıq borcumdur…
Və qeyd etdiyim kimi, yenə də ilk olaraq yolumu Mingəçevir şəhər Şəhidlər Xiyabanından saldım…

İkinci Vətən Müharibəsi, eləcə də Birinci Qarabağ Savaşı Şəhidlərimizin məzarlarını bir-bir ziyarət etdim-Musamın, Turalımın, Ərzumanımın, Pərvizimin, Məhəmmədimin, Təbrizimin, Tərxanımın, Əlimin, Pərvinimin, Şahmarımın, Əli və İslamımın, Eminimin, Emilimin, Əzəmimin, Əzimimin, Nicatımın, Ruslanımın, İlkinimin, Fuadımın…

Şəhidlər Xiyabanında olarkən, Şəhidlərinin, övladlarının, həyat yoldaşlarının, əzizlərinin məzarlarını ziyarət edən Şəhid ailələrindən, Şəhid analarından, Şəhid xanımlarından daha bir neçəsi ilə tanış oldum, danışdım, söhbətləşdim, dərdləşdim…

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Akif oğlu Əsədovun saçları dərddən dümağ qar  kimi ağarmış anası Səba xanımla söhbətləşdim…

Bildirdi ki, 2020-ci ilin sentyabr-oktyabr aylarında dalbadal iki acı, iki itki yaşayıb…

Əvvəlcə, sentyabrın 14-də həyat yoldaşını itirib, bundan cəmi bir həftə sonra iki övladından, iki oğlundan biri-gizir Əli könüllü olaraq, səfərbərliyə yazılıb və İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb…

Döyüşüb, vuruşub və atasının vəfatının bir ayının tamamında, ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidliyinə qovuşub…

Əli 13 oktyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib, torpağa tapşırılıb…

27 yaşı olsa da, Şəhidimiz subay olub…

Sonra daha bir Şəhidimizin yaxını, həyat yoldaşı, iki körpəsi ilə gənc yaşlarında dul qalmış Mehribanla söhbətləşdim…

Bildirdi ki, həyat yoldaşı-1991-ci il təvəllüdlü Emin Firqət oğlu Rüstəmzadə də İkinci Vətən Müharibəsi Şəhidlərindəndir…

Eminin nəşini də uzun müddət götürmək mümkün olmayıb…

Yalnız İkinci Vətən Müharibəsinin başa çatmasından sonra Şəhidimizin nəşini əldə etmək mümkün olub və 13 noyabr tarixində Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb…

Şəhidimizin iki körpəsi Vətənə əmanət qalıb…

Hər iki Şəhidimiz ölümlərindən sonra Ali Baş Komandan tərəfindən medallarla təltif olunub…

Həm də hər iki Şəhidimiz eyni binada, qonşuluqda yaşayıblar…

Bu gün də Şəhid ailələri-Şəhid anası Səba xanım və Şəhid xanımı Mehriban xanım bir-birinə dəstək, bir-birinə təsəllidirlər…

Həm Şəhidimizin anasına, həm də Şəhidimizin xanımına bir daha başsağlığı verdim, bir daha Uca Allahdan səbr və dözüm dilədim!

Şəhidlər Xiyabanında başqa bir Şəhid anası, daha doğrusu, Şəhidlərimizdən birinin analığı, ögey anası Hənifə xanım, Hənifə ana ilə tanış oldum…

Bildirdi ki, Şəhidimiz, 1978-ci il doğumlu Sadiq Vahid oğlu Qasımov  bir bacı, bir qardaş olublar və körpəykən anaların itiriblər…

“Mən Şəhidimizin ögey anasıyam, mən o ailəyə gələndə oğlum, Sadiqim cəmi 3 yaşının içində idi…Üzr istəyirəm, sonradan özümün də iki övladım, iki oğlum dünyaya gəldi…Amma heç zaman övladlarım arasında fərq qoymadım…Hər zaman Şəhidimi, Sadiqimi hamısından üstün tutdum…

Çox gözəl, çox ağıllı balaydı (Gözləri dolur, səsi titrəyir)…Oğlum 2000-ci ilin iyulunda, doğulduğu ayda, 22 yaşında Şəhid oldu, özü də əsgərlikdə olarkən…Füzulidə, Axlanlı tərəfdə qulluq edirdi və 2000-ci ilin iyulunda murdar, şərəfsiz ermənilər yenə təxribata əl ataraq, bizim mövqelərimizi atəşə tutublar, oğlum da həmin vaxt həlak olub, Şəhidlik məqamına ucalıb…Onu heç cür unuda bilmirəm, tez-tez gəlib məzarını ziyarət edirəm, özümü birtəhər ovuduram…Çox ağır dərddir…”.

Hənifə xanım danışdıqca, gözümdə onun timsalında bir daha bütün Azərbaycan anaları ucaldı…

Fəxr etdim, qürur duydum ki, Azərbaycan anları məhz belə Uca könüllü, belə Mələk, Nur simalı, qarşılarında baş əyiləcək ANAlardır!

Allah cəmi Azərbaycan analarını qorusun, onları göz yaşlarından, acılardan uzaq etsin, bir daha onlara övlad acısı, övlad itkisi yaşatmasın.

Gerçəkdən də cənnət anaların ayaqları altındadır…

Məkanları daim cənnətlik olan Şəhidləriminizin ruhları, onları dünyaya gətirən ANAların, övlad ayrı-seçkiliyinə yol verməyən Hənifə ANAnın qarşısında baş əyirəm!

Allah Şəhidlərimizin məkanlarını cənnətlik etsin, Şəhid analarına, Şəhid valideynlərinə, Şəhid əzizlərinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Mingəçevir-Bakı, 16-17 iyul 2021

Etikxeber.az

Read Previous

6 il kirayədə yaşamış…18 il 18 kvadratmetrlik “ev”də can çürütmüş Şəhid ailəsi-MƏNZİLLƏ TƏMİN OLUNDU…

Read Next

“İstəyirəm ki, oğlumun adı oxuduğu məktəbə verilsin, Şəhidim Vətən Müharibəsi Qəhrəmanı, yaxud “Qarabağ” və ya “Zəfər” ordenlərindən biri ilə təltif olunsun”-ŞƏHİD SÜBHAN ABDURƏHMANLININ ANASI MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir