Mingəçevir şəhərinin (əslən Yardımlılı) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Nəcəf oğlu Cəfərlinin Anım Günü ilə bağlı bu gün səhər saatlarında Mingəçevir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra Şəhidin Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.
Ziyarətdə və Anım mərasimində Şəhidin valideynləri, bacısı, yaxınları, Mingəçevir və Bərdədən olan Şəhid ailələri, Şəhid anları, Qazilər, hərbçilər, din xadimləri, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Bacısı Günay xanım hazırda üç övlad anasıdır və bu ilin aprel ayının 25-də dünyaya gələn sonuncü, üçüncü övladına qardaşının-Rusalanın adını verib.
İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.
Oktyabr ayında isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.


Ancaq uzun müddət nəşini tapmaq mümkün olmayıb.
Yalınız noyabr ayında nəşi əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Valideynləri isə övladlarının adının, xatirəsinin əbədiləşdirilməsini və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
Ruslan həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
14:02
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az