Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cüməzadənin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür.

Təbriz Cüməzadənin bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Anım Günü ilə bağlı bu gün-26 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Qısa çıxışlar edilib, Şəhidin 20 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışılıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdən sonra Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Mingəçevir, Qəbələ, Oğuz və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, yerli ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə dönüb.

Bir müddət işsiz qalıb.

2020-ci ilin sentyabrın 29-da isə səfərbərliyə cəlb olunub, döyüş bölgəsinə göndərilib.

Döyüş yolu isə uzun, Füzuli, Cəbrayıl, Xocavənd  Şuşa istiqamətlərində olub.

Noyabrın 8-dəŞuşa şəhəri işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təbriz Cüməzadənin atasını illər öncə itirmiş xalası oğlu, ailənin iki övladından biri, subay, ali təhsilli Orxan Rəhimli də onunla eyni gündə Şuşa istiqamətində döyüşlərdə Şəhid olub.

Onun nəşi isə 8 gün sonra Oğuzun Xaçmaz kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Təbriz Cüməzadə 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəsi, valideynləri isə Təbrizin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Təbriz də subay olub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

14:00

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mövludu ilə Anım Günü eyni günə düşən Ələs Rüstəmov, Əbədiyyətə uğurlanmasından dörd il keçən Sənan Əliyev VƏ CƏNNƏTDƏKİ DÖRDÜNCÜ-YUBİLEY DOĞUM GÜNÜ OLAN ORXAN NAMAZOV… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Qar yağacaq…- XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir