“Mingəçevirin küçələrindən birinə oğlumun adı verilsin, Şəhid ailələrinin narazılığına səbəb olan qərar-iki orden məsələsi, tələbi aradan qaldırılsın”-ŞƏHİD FUAD XANKİŞİYEVİN ANASI BAŞ NAZİRƏ MÜRACİƏT ÜNVANLADI

Mingəçevirdən olan İkinci Vətən Müharibəsi Şəhidi Fuad Şöhrət oğlu Xankişiyevin anası Saqibət Xankişiyeva Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, Şəhid anasının müraciətində deyilir:

“Yazıb Sizə bildirmək istəyirəm ki, mən Saqibəq İzzət qızı Xankişiyeva İkinci Vətən Müharibəsinin Şəhidi, evin tək oğlu Fuad Şöhrət oğlu Xankişiyevin anasıyam. Oğlum İkinci Vətən Müharibəsində Daşaltı-Çanaqçı istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik Məqamına yüksəlib. Oğlum ölümündən sonra Müzəffər Ali Baş Komandanımız tərəfindən üç medalla təltif olunub. Ana, valideyn üçün övlad acısı nə qədər ağır, əzablı olsa da, oğlumun Şəhidliyi ilə fəxr edir, qürur duyuram. Fəxr edir, qürur duyuram ki, Fuad kimi İgidin, Qəhrəman oğulun anasıyam. Tarixi Qələbə və Zəfərimizdə oğlumun-Fuadımın da rolu, xidməti, payı var. Oğlum Fuad daxil olmaqla, bütün Şəhidlər bizim baş tacımız, müqəddəs and yerimizdirlər. Müqəddəs ruhları qarşısında baş əyirəm, baş əyirik! Şəhidlər ölməz, Vətən bölünməz!”

Müraciətdə sonra qeyd olunur:

“Sizə müraciət etməklə, acılı, dərdli və qürurlu bir Şəhid anası kimi bir arzumu, xahişimi dilə gətirmək istəyirəm. İstəyirəm ki, oğlum Fuadın xatirəsi, adı doğulub boya-başa çatdığı Mingəçevirdə əbədiləşdirilsin, şəhərin küçələrindən birinə onun adı verilsin. Oğlumun, Fuadımın uşaqlığı daha çox Mingəçevirimizin Puşkin küçəsində keçib, orada onun xatirəsi, ayaq izləri var və bu baxımdan çox istəyirəm ki, həmin küçənin adı başqa bir küçəyə, Fuadımın adı isə həmin küçəyə verilsin. Bu, həm Şəhidimin haqqıdır, həm də bizim-Şəhid valideynlərinin haqqıdır. Həm də istəyirəm ki, Şəhid adlarının, Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin 1994-cü il tarixli zərərli qərarı, bütövlükdə Şəhid ailələrinin narazılığına səbəb olan məlum qərar dəyişdirilsin, iki orden məsələsi-tələbi aradan qaldırılsın, götürülsün”.

Əgər belə olarsa, bununla həm Şəhidlərimizin ruhu şad olar, həm Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin önü açılar, bu, həm də Şəhid ailələri üçün azacıq olsa belə, mənəvi təsəlli olar. Ona görə inanıram və əminəm ki, müraciətim tərəfinizdən diqqətlə araşdırılacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də minnətdarlığımı bildirirəm. Allah Dövlətimizi, Millətimizi, Ordumuzu, Ali Baş Komandanımızı qorusun!”-deyə, Şəhid anası müraciətinin sonunda qeyd edir.

Etikxeber.az

Read Previous

“İcra hakimiyyətləri də lazımi addımlar atmalı, Qazilərlə, Şəhid ailələri ilə daimi görüşlər keçirməlidir”-ZAHİD ORUC BUNU QAZİLƏRLƏ GÖRÜŞÜNDƏ SƏSLƏNDİRDİ – FOTO

Read Next

Şəhid Rüstəm Turabovun adını daşıyan “Şəhid bulağı”nın-AÇILIŞI OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir