Mingəçevirli Şəhid qardaşlardan Əli Əhmədovun Cənnətdəki ikinci ad günüdür-BU GÜN ONUN 29 YAŞI TAMAM OLUR

Bu gün, 5 yanvar tarixi Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən-Şəhid qardaşlardan biri olan-MAXE Əli İlqar oğlu Əhmədovun ad günüdür.

Əli Əhmədovun bu gün 29 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Goranboylu olan Əli İlqar oğlu Əhmədov 1993-cü ilin yanvar ayının 5-də Mingəçevir şəhərində sadə, zəhmətkeş Əhmədovlar ailəsində dünyaya gəlib.

Əligil ailədə iki övlad, iki qardaş olublar.

Atalarını çox erkən və vaxtsız itiriblər.

Anaları Sevinc Əhmədova onlara həm analıq, həm də atalıq edib.

Həm Əli, həm də ali təhsilli olan qardaşı İslam Əhmədov son illər həyatlarını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstəriblər.

Eyni zamanda, hər iki qardaş İkinci Vətən Müharibəsinin ilk saniyəsindən döyüşlər atılıblar.

Və elə müharibənin ilk günündə, sentyabrın 27-də ayrı-ayrı istiqamətlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar.

Hər iki qardaş eyni gündə, 28 sentyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn ediliblər.

İslam subay, Əli nişanlı olub

Şəhidliklərindən sonra hər iki qardaş bir neçə medalla təltif olunublar.

Anaları Sevinc Əhmədova isə övladlarının hər ikisinin ən azı ali ordenlərdən biri ilə təltif olunmasını istəyir, bununla bağlı ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinə müraciət edib və müraciətinin müsbət cavablandırılacağını, övladlarının Haqqının veriləcəyini ümidlə və səbirsizliklə gözləyir.

Şəhid qardaşların anası eyni zamanda, övladları tərəfindən alınmış evin ( və hazırda yaşadığı evin) ev-muzeyi kimi dövlət qeydiyyatına alınmasını istəyir və bununla bağlı Mədəniyyət Nazirliyinə müraciəti müsbət qarşılanaraq, artıq bu istiqamətdə müvafiq addımlarına atılmasına başlanılıb.

***

Bu gün səhər saatlarında isə Əli Əhmədovun 28 yaşının tamam olması, Cənnətdəki ikinci ad günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı, eləcə də qardaşı İslam Əhmədovun məzarı ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdə Şəhid qardaşların anası, qohumları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Bir saat davam edəcək ziyarətdən sonra Şəhid qardaşların Mingəçevirin “Günəşli” yaşayış massivindəki ev-muzeyində “Şəhidliyin Əli və İslam Zirvəsi” kitabının təqdimatı keçiriləcək.

Həmçinin, Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın, Nur içində yatsınlar!

Allah analarına və əzizlərinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

413 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Read Next

Hava buludlu və dumanlı olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir