“Həmsədrlərinin ölkəmizdəki səfirlikləri önündə aksiyalar keçirilsin” – YAP-ÇI DEPUTAT

Azərbaycan Prezidenti Soçi -“Valday” çıxışının davamını məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında məcburi köçkün ailəsi ilə görüşən zaman etdi. Dövlətimizin başçısı Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimiz azad olunandan sonra həmin torpaqlarda da bu cür quruculuq işlərinin aparılacağını vurğuladı. Cənab Prezident bununla Soçidə səsləndirdiyi fikirləri tamamlamış olur. Bu, Azərbaycan Prezidentinin qətiyyətindən, ərazi bütövlüyümüzün mütləq bərpa olunacağından xəbər verir.

Etikxeber.az xəbər verir ki, bunu  YAP-çı millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır.

Onun sözlərinə görə, hər münaqişənin müəyyən tarixi var.

O, bildirib ki, keçmiş Sovet məkanında etnik separatçılıqla bağlı münaqişələrin tarixi Dağlıq Qarabağdan başlayır.

Deputatın dediyinə görə, müəyyən dövr keçib, problemin həlli ilə bağlı yeni şərtlər yaranıb, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı məhz Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət yeni zəmin yaradıb ki, bu da ölkəmizin lehinədir.

“Ordumuz da Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın səsləndirdiyi həmin bəyanatı həm də döyüş tapşırığı kimi qəbul etməlidir. Və buna hazırlaşmalıdır ki, Ali Baş Komandanın növbəti nidasında ərazi bütövlüyümüzü bərpa etsin. Amma eyni zamanda, bu fikir Azərbaycan cəmiyyətini də səfərbər etməlidir. Ötən ilyarım müddətində Ermənistanın baş naziri və işğalçı ölkənin havadarları Azərbaycan cəmiyyətinə düşünülmüş şəkildə neqativ və manipulyativ informasiyalar ötürürlər.

Xalqlar müharibələr tarixi yaşayırlar. Bəzən döyüşləri uduzurlar. Amma hər bir xalqın müqavimət prosesində mənəvi qırılma nöqtəsi var. Əgər bir xalq mənəvi müqavimət keyfiyyətini itiribsə, bundan sonra müharibə aparıb qələbə qazanması mümkün deyil. Qarşı tərəf bu məqsədlə zərərli informasiyalar ötürməyə çalışır. Boris Yeltsinin müşaviri olmuş bir şəxs bu günlərdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi üç nəsil sonra həll olunacaq. Bu fikrin içində gizli mesaj var.

Belə bir məqamda dövlətimizin başçısının Soçidə səsləndirdiyi fikir Azərbaycan cəmiyyətində canlanma yaratdı. Bu ruh yüksəkliyi fonunda da növbəti addımlar atılacaq”-deyən H.Babaoğlu həmçinin bəzi təkliflərlə çıxış edib.

hikmet-babaoqlu

Millət vəkili təklif edib ki, “Qarabağ Azərbaycandır!” kampaniyasına dəstək olaraq Minsk qrupu həmsədrlərinin ölkəmizdəki səfirlikləri önündə aksiyalar keçirilsin. Yaxud da həmsədr ölkələrdə bu mövzuda konfranslar təşkil olunsun.

“Regionumuzda baş verən hadisələr göstərir ki, milli dövlətlər öz təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatından effektiv vasitə kimi istifadə etməyi bacarırlar. Azərbaycanın hüquq-mühafizə orqanları da Dağlıq Qarabağda mümkün antiterror əməliyyatları keçirməyə hazır olmalıdır” – deyə, millət vəkili vurğulayıb.

Etikxeber.az

Read Previous

AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar – BU GÜN

Read Next

Qadınların sayı-KİŞİLƏRDƏN ÇOXDUR – AZƏRBAYCANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir