“Minsk qrupu, xüsusən həmsədr ölkələr bu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətlərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidir”-MİLLƏT VƏKİLİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılması beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələndi. Otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı silsilə beynəlxalq cinayətlər – soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib, mədəni irsimizə, ekoloji sistemə ciddi ziyan vurulub, şəhərlərimiz, kəndlərimiz, digər yaşayış məntəqələrimiz bəşər tarixində çox nadir hallarda müşahidə olunan dağıntılara məruz qalıb.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov deyib.

Deputat mətbuata açıqlamasında diqqətə çatdırıb ki, ermənilərin törətdikləri bu barbarlıq və vandallıq aktları ilə tanış olmaq məqsədilə dövlətimizin başçısının tapşırığına əsasən, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Bu səfərlərin əsas məqsədlərindən biri xarici diplomatları misli görünməmiş dağıntılara məruz qalan ərazilərdə aparılan irimiqyaslı quruculuq və abadlıq işləri ilə tanış etməkdir. Regionun iqtisadi dirçəlişinin təmin edilməsi, artıq həyata keçirilməsinə başlanan irimiqyaslı layihələr ölkəmizin qüdrətini və böyük iqtisadi potensialının əyani ifadəsidir:

“Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanın mədəni paytaxtı olan və ümumilikdə Cənubi Qafqazın incisi kimi tanınan Şuşa şəhərinə 46 dövlətin nümayəndəsi səfər etsə də, onların arasında ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçiləri olmayıb. Bu, ölkəmizin geniş ictimai dairələri tərəfindən anlaşılmaz hal kimi qəbul edilir. Ancaq məsələyə artıq məntiqi sonluğuna çatmış silahlı münaqişənin diplomatik tarixi kontekstində baxdığımız zaman bir sıra həqiqətlər yada düşməyə bilməz.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyi 2008-ci il martın 14-də BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada büruzə verdi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının keçən əsrin əvvəllərində qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazi bütövlüyü birmənalı olaraq təsdiqlənirdi, eyni zamanda, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilər əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin qəbulunun əleyhinə səs veriblər”.

O, qeyd edib ki, qətnamənin mətninə baxdıqda bu sənədin beynəlxalq hüququn prinsiplərinə əsaslanması, ümumiyyətlə, heç bir sual doğurmurdu. Qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının rəsmi sənədlərində göstərilən işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, işğal nəticəsində yaranmış vəziyyətin heç bir dövlət tərəfindən tanınmaması və belə situasiyanın davam etməsinə səy göstərməməsi, həmçinin digər mühüm məsələlər əksini tapıb:

“Sual olunurdu ki, 62/243 saylı qətnamənin əleyhinə çıxan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT-nin Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri nəyə görə bir kənara qoyub, işğalçı Ermənistanın yanında yer almağa üstünlük veriblər? Nəyə görə həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini, məsələn, silah embarqosunu, tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumub, müharibə cinayəti kimi tövsif olunan qanunsuz məskunlaşmanın və işğal altındakı ərazilərdə demoqrafik vəziyyətin dəyişdirilməsinin qarşısının alınması üçün lazımi addımlar atmırdılar?

Hər bir halda nəzərə almaq lazımdır ki, Azərbaycanın möhtəşəm Qələbəsi regionda yeni geostrateji vəziyyət yaradıb və bunun nəticəsi olaraq tamamilə yeni iqtisadi əməkdaşlıq formatı reallaşdırılır. Fundamental şəkildə dəyişən şəraitdə ATƏT-in Minsk qrupu və xüsusən həmsədr ölkələr bu təşkilatın itirilmiş etimadını bərpa etmək üçün fəaliyyətlərini ciddi şəkildə yenidən nəzərdən keçirməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, həmsədr ölkələr Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, bölgədə davamlı sülhün və beynəlxalq təhlükəsizliyin bərqərar olunması istiqamətində əməli addımlar atmalıdırlar”.

Etikxeber.az

Read Previous

“Hədəf Nəşrləri”nin müəllif tenderinin qalibləri-MƏLUM OLDU – FOTOLAR

Read Next

“Nəinki əkin sahələri və mal qara, heç adamlar özü də içməyə su tapmır…”-DEPUTAT DÖVLƏT QURUMLARINI HƏRƏKƏTƏ KEÇMƏYƏ ÇAĞIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir