“Minsk qrupunun iflası… “Qarabağ Azərbaycandır!”-ZİYAD SƏMƏDZADƏNİN YAZISI – (İKİNCİ HİSSƏ)

Prezident İlham Əliyevin qələbələr marafonu

(İkinci hissə)

***

Minsk qrupunun iflası

Vətən müharibəsi bir çox gerçəklikləri və reallıq­ları ortaya qoydu. Xüsusilə, beynəlxalq təşkilatların, insan hüquq-müdafiə qurumları­nın, Ermənistan–Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürdüklərini bəyan edənlərin əsl mahiyyətlərini və niyyətlərini də bir daha olduğu kimi nümayiş etdirdi. Uzun illər ermənipərəst, antiazərbaycan dairələrin təsiri altında olan bir çox beynəlxalq təşkilatlar bu dəfə də öz yarıt­maz, bədnam, obyektivlikdən, elan etdikləri dəyərlərdən qat-qat uzaqda dayanan fəaliyyətləri ilə seçildilər.

AŞPA, ATƏT və onun struk­turları, digər qurumlar bir daha həqiqətin deyil, yalanın və riyakar­lığın, ermənilərin və Ermənistanın, təcavüzün və işğalçının yanında dayandıqlarını sübut etdilər, yenə də bəlli simalarını gizlədə bilmədilər. 28 il öncə yaradılan ATƏT-in Minsk konfransı (sonradan Minsk qrupuna çevrildi) və 1997-ci ildən həmsədrlik for­matını inhisarına alan həmsədrlər öz mandatlarından, missiyaların­dan uzaq fəaliyyət sərgilədilər. Onlar Emənistan–Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli missiyasını üzərlərinə götürdükləri halda nə Minsk qrupu, nə də həmsədrlər ötən 28 il ərzində ortaya düz-əməlli bir nəticə qoya bildi.

Həmsədrlərin regiona səfərləri turist səfərlərindən heç nə ilə fərqlənmədi. Gəldilər, getdilər, sadəcə, arada-sırada da fayda­sı olmayan boş bəyanatlarla öz işlərini bitmiş saydılar. Üzərlərinə gediləndə də missiyalarının mahiyyətinə tam zidd şəkildə “tərəflər özləri razılığa gəlsinlər, biz də dəstək verək” cavabı ilə ya­xalarını kənara çəkməyə çalışdı­lar. Əllərində işğalçı və təcazükar işğala son qoymağa, sülhə razı salmağa hər cür imkanları və mexanizmləri olduqları halda, heç bir təzyiq vasitəsini işə salmadılar, faşist və terror dövlətinə heç bir sanksiya tətbiq etmədilər.Daha doğrusu, etmək istəmdilər, bir çox hallarda Ermənistanın, işğalçının yanında olduqlarını, onu növbəti işğala iştahlandırdıqlarını sübut etdilər.

Xüsusilə də, ermənipərəstliyi ilə seçilən, ermənilərdən daha çox erməniçilik nümayiş etdirən Fransa, onun siyasi və ziyalı elita­sı. Bu ölkə münaqişə başlayan ilk gündən, o cümlədən, özünü Minsk qrupuna Azərbaycanın etirazlarına rəğmən zorla pərçim etdiyi andan daim Ermənistanın, işğalçının ya­nında yer aldı. Həmsədr kimi, ən azı, tərəfsizlik nümayiş etdirməli olduğu halda, tam və açıq şəkildə tərəflilik, Ermənistanpərəstlik yolunu tutdu. Prezident Makronun 44 gündə ortaya qoyduğu davra­nış, bunun davamı olaraq, Fransa Senatı və Milli Assambleyası­nın məlum mövqeyi bu ölkənin həmsədrlikdən, haqqdan bilmərrə uzaq olduğunu bir daha gözlər önünə sərdi.

Beləliklə, missiyası Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi olan Minsk qrupu Fransanın timsalında özünü tam iflasa uğratmış oldu. Onsuz da Azərbaycan xalqının və dövlətinin, ölkə rəhbərliyinin bu qrupa etimadı, güvəni az idi. Cəmiyyətimzdə neçə illər idi ki, ATƏT-ə etimadsızlıq var idi. Lakin 44 günlük savaş günlərdəki davranışı ilə Minsk qrupu bir daha özünü biabır etdi. Onsuz da biz hərb, savaş meydanında öz sözü­müzü dedik, 33 illik münaqişəyə 44 günlük müharibə, tarixi Zəfər ilə son qoyduq.

Artıq nə savaş var, nə Dağlıq Qarabağ adlı münaqişə və coğrafi məfhum var, nə cəbhə, təmas xətti var, nə status-kvo, nə də status məsələsi. Hamısı darmadağın edil­di. Biz öz gücümüzlə münaqişəyə, süni problemlərə, maeələrə son qoyduq. Bizim artıq kimsəyə, xüsusilə də Minsk qrupuna və həmsədrlərə ehtiyacımız yoxdur.

Elə Müzəffər Ali Baş Koman­dan, ölkə Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ və Fransa­dan olan həmsədrləri və Rusiya səfiri ilə görüşündə dediyi sözlər, verdiyi tarixi mesaj məsələyə birmənalı nöqtəsini qoymuş oldu. Bu, həm də Minsk qrupunun, bütövlükdə, 28 illik “fəaliyyəti”nə verilən yekun dəyərləndirmə oldu.

“Qarabağ Azərbaycandır!”

33 illik qanlı münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi sentyabrın 27-də, səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatına cavab olaraq Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinə verdiyi bütün cəbhə boyu əks-hücüm əməliyyatına keçmək əmri və həmin gün Azərbaycan xalqına ilk tarixi müraciəti ilə başladı.

Sentyabrın 27-də saat 12 radələrində Azərbaycan xal­qının və bütün dünyanın gözü Azərbaycana, ölkə Preziden­tinin öncədən elan olunmuş müraciətinə yönəldi. Dünyanın nəbzi Azərbaycanla döyünməyə başladı. Ali Baş Komandan kimi Azərbaycan Prezidentinin nə deyəcəyi, hansı mesaj verəcəyi bir andaca dünyanın gündəminə çev­rildi. Tarixi müraciətinə başlayan ölkə Prezidenti artıq Ermənistanın və onun havadarlarının qanlı təxribatlarına, fitnəkarlıqlarına dözülmədiyini, düşmənə necə lazımdırdsa, bütün cəbhə boyu zərbə endirildiyini bəyan etdi.

Ali Baş Komandan onun əmri ilə Qarabağda Vətən müharibəsinə başlanıldığını və bu savaşda Azərbaycanın axıracan qərarlı, son və qəti Qələbəyəcən getmək, geri çəkilməmək niyyətində olduğunu bütün dün­yaya elan etdi.

Ölkə Prezidentinin bu müraciəti göy üzündə çaxan şimşəyə bənzədi, düşmənlərimiz, onların havadarları bundan nə qədər narahat, rəncidə oldularsa, Azərbaycanın dostları buna bir o qədər sevindilər.

Xalqımız isə dövlətinə, dövlət başçısına, ordu­suna bir o qədər güvəndi, etibar etdi, arxa-dayaq oldu.

(Davamı var)

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Etikxeber.az

Read Previous

“Orta aylıq pensiya məbləğinin 31,29 manat məbləğində artması proqnozlaşdırılır ki, bu da həmin dövrdə ölkə üzrə infilyasıya səviyyəsindən nəzərə çarpacaq dərəcədə çoxdur”-MUSA QULİYEV – SİYAVUŞ NOVRUZOV BİRİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇILARININ DA PROBLEMLƏRİNİN DİQQƏTDƏ SAXLANILMASINI VACİB SAYDI – YENİLƏNİB – (3)

Read Next

Parlamentin xərclər smetası-42 MİLYON OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir