Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
…2000-ci illərin əvvəllərində, “525-ci qəzet”də işləyərkən-həmin vaxtlar redaksiyamız “Montin”də yerləşirdi, mən də ailəmlə o ərazidə kirayədə qalırdım-tez-tez Mir Mövsüm Ağa ziyarətgahına gedərdim…
Hansısa arzumun, diləyimin çin olması deyil, daha çox mənəvi rahatlıq, huzur tapmaq üçün gedərdim…
Bəzən tək, bəzən də ailəmlə…
Gedərdim, mənəvi rahatlıq, huzur tapardım…
Hətta ziyarətgahdan və şəhərdən çox-çox uzağa-Qobuya köçəndə, Qobuda yaşayanda da ziyarətimdən qalmazdım…
Amma sonra illər nədənsə “ayağım” kəsildi, ziyarətə, Mir Mövsüm Ağa ziyarətgahına gedə bilmədim…
Özüm də səbəbini bilmirəm…
Uzun müddətdən sonra-2024-cü ilin isti sentyabr günlərindən birində Şəhid məclisindən çıxıb yenidən Mir Mövsüm Ağa ziyarətgahına, eləcə də Antiterror Şəhidimiz, evin-ailənin tək oğlu, iki oğlu Vətənə əmanət qalan Rasim Oktay oğlu Məmmədovun ziyarətinə getdim…
Getdim…ziyarət etdim və az da olsa, yüngülləşdim, rahatlıq tapdım…
Və dünən birdən Mir Mövsüm Ağa ziyarətgahına getmək fikrinə düşdüm…
Ancaq havanın soyuq olması və səhhətimlə bağlı fikrimdən daşındım…
Və öz-özümə söz verdim ki, sabah (yəni, bu gün) nə olursa-olsun mütləq özümü toparlayıb Mir Mövsüm Ağa ziyarətgahına getməliyəm…
Həm də Mir Mövsüm Ağa ziyarətgahı qədər müqəddəs, bəlkə də ondan üstün (Allah günahımdan keçsin!) ziyarətgahı-Şəhidimizin, Rasim Məmmədovun məzarını ziyarət etməliyəm…
Çünki Şəhidimizin ziyarətinə getməsəydim vicdanım məni rahat buraxmazdı…
Şəhidimizin ruhu məndən inciyərdi, bağışlamazdı…
Və mənə hər daim “sadiq dostum” deyən Şəhid anası Xuraman Ananın, Xuraman Məmmədovanın üzünə baxa bilməzdim…
O Ananın ki, onu hər dəfə görəndə, qəmli, kədərli gözlərinə, çöhrəsinə baxanda ürəyim parçalanır, içim sızım-sızım sızıldayır…
O Ananın ki, cəmi bir il ərzində saçlarında bir dənə olsun belə qara tük qalmayıb, Oğul, Övlad dərdindən saçları dümağ ağarıb…
O Ananın ki…
…Və odur ki, hər birimizin borcudur…hər gün, hər an…Şəhidlərimizi, bizlərdən ötrü canlarını fəda edən Oğullarımızı, Vətən sevdalılarımızı ziyarət etmək…
Borcumuzdur, vəzifəmizdir, görəvimizdir!!!
Və bu gün səhər saatlarında Mir Mövsüm Ağa ziyarətgahına, Ağamızın ziyarətinə, eləcə də Nur üzlü Şəhidimiz Rasim Məmmədovun ziyarətinə getdim, məzarlarını ziyarət etdim…
Ruhlarına dualar etdim hər ikisinin…
Şəhidimizin məzarı ilə üz-üzə dayandım…
İkimiz də susurduq…
İkimiz də hər şeyi gözlərimizlə, ürəklərimizlə ifadə edirdik…
Və bir Allah bilir ki, o anlar ürəyimizdən nələr keçirdi, nələr…
Sözlərlə, kəlmələrlə ifadəsi mümkün deyil…
Təxminən 20 dəqiqə çəkən ziyarətimdən sonra Şəhidimizlə “sağollaşıb” ayrıldım…
Həm fikirli, həm də huzurlu…
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirəm!
Nur içində uyusun!
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az