“Mirsədi müharibədə olduğunu məndən gizlədirdi…Hər dəfə soruşanda deyirdi ki, ana, Xızıdayam…Amma anayam, bilirdim ki, məndən gizlədir, müharibədədir…”-İKİ OĞLUNDAN BİRİNİ ŞƏHİD VERƏN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI MİRSƏDİ BAĞIRLININ ANASI SƏADƏT BAĞIROVA – FOTOLAR – YENİLƏNİB

Əslən Ağdərəli (Tərtərli-Umudlulu), özü isə Bərdə doğumlu olan Şəhidimiz Mirsədi Mircəfər oğlu Bağırlı…

İkinci Vətən Müharibəsi iştirakçısı, İkinci Qarabağ Savaşı Qəhrəmanı, Nur üzlü Vətən sevdalımız Mirsədi…

Mirsədi 2000-ci ilin iyun ayının 12-də Bərdə rayonunun Mehdixanlı kəndində, Birinci Qarabağ Savaşının iştirakçısı olan Mircəfər kişinin ailəsində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

Ancaq həyatını yenidən Ordu, hərb ilə bağlayıb, 3 aylıq kurs bitirib, Gizir rütbəsini daşıyıb…

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Təyinatlılarından olub…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…

Murov-Kəlbəcər, Füzuli-Cərayıl istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Axırıncı dəfə isə ailəsi, atası ilə oktyabrın 9-da, axşam saatlarında danışıb…

Və müharibənin 14-cü günündə, oktyabrın 10-da Cəbrayılın Sarıcalı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə bir gün sonra, oktyabrın 11-də Bərdənin Hacallı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb..

Mirsədi həm də Mehdixanlının yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Ancaq Şəhidin ailəsi övladlarının həm də ölkəmizin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir…

İstəklərində, tələblərində də tam haqlıdırlar!

***

Bu gün günorta saatlarında digər Bərdəli Şəhidimiz Fəxri Qəribzadənin ana yarısı-bibisi Sona xanımla birlikdə Şəhidimizin ailəsini, valideynlərini, ocağını ziyarət etdik…

Onlara bir daha Allahdan səbr və dözüm arzuladıq…

“Bir daha Şəhidimizin məqamı Ucalardan Uca olsun!”-dedik…

Şəhidimizin valideynləri-çox sadə və çox sakit təbitəli insanlar olan Sədadət xanım və Mircəfər kişi ilə söhbətləşdik, dərdləşdik…

Şəhidimizin anası Səadət xanımın dediklərindən:

“Mirsədi müharibədə olduğunu məndən gizlədirdi…Həmin vaxtlar səhhətimdə problemlər var idi…Elə bilirdi ki, desə, mənə nəsə olar, ölərəm… Hər dəfə də soruşanda deyirdi ki, ana, Xızıdayam…Amma anayam, bilirdim ki, məndən gizlədir, müharibədədir…Axırıncı dəfə bizimlə, atası ilə oktyabrın 9-da danışdı və dedi ki, ata, bir az kənara çəkil, anam eşitməsin, səndən bir xahişim var…Biz də elə bildik ki, nəsə istəyəcək…Dedi ki, ata, mənə halallıq ver, səndən halallıq istəyirəm…Bir anlıq yoldaşım özünü itirdi və sonra tez özünü ələ alıb dedi ki, oğul, mən səni ölməyə yox, öldürməyə göndərmişəm…Mirsədi isə gülərək dedi ki, ata, sən də hər şeyi ciddi qəbul edirsən, zarafat edirdim…

Mirsədi belə bir oğul, belə bir İgid idi…Çox həssas, çox qayğıkeş, çox yanımcıl uşaq idi…Vətənini, Torpağını, Bayrağını çox sevirdi…Və canından çox sevdiyi Vətəni, Torpağı, Bayrağı uğrunda da cəmi 20 yaşında Şəhid oldu (gözləri dolur)…

…İstəyirdik ki, hər iki oğlumuza birlikdə, eyni vaxtda toy edək, toya hazırlaşırdıq…Amma Mirsədimə toy qismət olmadı…”.

Şəhidimizin ailəsini ziyarətimiz zamanı həm də anası Səadət xanıma-Səadət Binnət qızı Bağırovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Və sonra onlarla birlikdə Şəhidimizin hərbçi və döyüş yoldaşlarından olan digər Bərdəli Şəhidimiz Əlizamin Ramazanlının ailəsini ziyarətə getdik…

Allah bir daha məkanını cənnətlik, ruhunu şad, dərgahını mübarək etsin, Nur üzlü Mirsədimizin!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tək övladı, Şəhidi ilə eyni ayda dünyaya gələn Ana…Şəhid anası-Arzu Ana…Yubiley doğum günün mübarək olsun, Qəhrəman Ana!-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Hərbi qulluqçu minaya düşərək şəhid olub-MN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir