Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Misir Ərəb Respublikasının Milli Məclisinin Vəqflər və Dini İşlər Komissiyasının sədri, Misir-Azərbaycan parlamentlərarası dostluq cəmiyyətinin sədri prof.dr. Usamə əl-Əbd Azərbaycan Milli Məclisinin Azərbaycan-Misir parlamentlərarası dostluq qrupunun rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya məktub göndərib.
Etikxeber.az-ın xəbərinə görə, məktub bir müddət öncə başa çatan Ramazan bayramı günlərinə təsadüf edib.
Məktubda G. Baxşəliyevanı Ramazan bayramı münasibətilə öz və Misir Milli Məclisinin Misir-Azərbaycan parlamentlərarası dostluq cəmiyyətinin üzvləri adından təbrik edən Usamə əl-Əbd bildirib ki, onların ən gözəl arzular, lütfkarlıq və cansağlığı diləyi ilə birlikdə ən yüksək təbriklərini yetirməkdən məmnunluq hissi duyur:
“Arzum budur ki, Allah təala Sizə, qardaş Azərbaycan xalqına və digər müsəlman xalqlarına neçə-neçə xeyirli, bərəkətli və uğurlu ramazanlar yaşamağı qismət etsin. Sizə və səxavətli Azərbaycan xalqına davamlı xeyir, tərəqqi və çiçəklənmə arzulayıram.
Bu böyük fürsətdən istifadə edərək ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi və dostluq, qardaşlıq münasibətlərinin təməlinin möhkəmləndirilməsi ilə bağlı səmimi istəyimizi bir daha diqqətinizə çatdırırıq. Allah Misiri, Azərbaycanı və onların rəhbərliyini qorusun”.
G. Baxşəliyevanın Usamə əl-Əbda ünvanladığı məktubda da bunlar qeyd olunub:
“Həqiqətən Ramazan ayı dünyanın hər yerində müsəlmanların səbrsizliklə gözlədiyi ən gözəl aylardan biridir. Artıq bu ayın simvolu olan Ramazan bayramı yaxınlaşmışdır. Belə ki, bizi bu əzəmətli gündən bir neçə gün ayırır. Hal-hazırda xeyir, bərəkət və mərhəmət ayı olan mübarək ramazan ayının son günlərini yaşayırıq. Bu gözəl ayın və əziz bayramın ən gözəl xüsusiyyətlərindən biri də insanların bir-birlərinə təbrik və xoş arzular ünvanlamasıdır.
Mən və Azərbaycan Millli Məclisinin Azərbaycan-Misir dostluq qrupunun bütün üzvləri Sizin və Misir-Azərbaycan parlamentlərarası dostluq cəmiyyətinin üzvlərinin Ramazan bayramı münasibətilə bizə ünvanladığı təbrikləri, xoş arzuları məmnuniyyətlə qəbul edirik. Arzu edirik ki, Allah dövlətlərimizə və xalqlarımıza neçə-neçə xeyirli, bərəkətli ramazanlar yaşamağı qismət etsin. Sizə möhkəm cansağlığı, uğur və müvəffəqiyyətlər arzulayırıq.
Fürsətdən istifadə edərək Misir-Azərbaycan parlamentlərarası dostluq cəmiyyətinin təsis olunması münasibətilə Sizi təbrik edir, işlərinizdə uğur, tərəqqi və çiçəklənmə arzulayırıq. Biz də öz növbəmizdə, Azərbaycan-Misir qardaş ölkələrin xeyir və mənafeyi üçün məmnuniyyətlə ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi, dostluq, qardaşlıq münasibətlərinin təməlinin möhkəmləndirilməsi naminə səylərimizi səfərbər edirik və bundan sonra da edəcəyik. Allah hər iki döləti və dövlət rəhbərlərini qorusun”.
Saytımıza isə qısa açıqlamasında G. Baxşəliyeva bildirib ki, “Ərəb baharı” adlanan məlum hadisələrdən öncə Azərbaycan-Misir və Misir-Azərbaycan parlamentlərarası dostluq qrupları fəal əməkdaşlıq edirdi.
Onun sözlərinə görə, lakin “Ərəb baharı” nəticəsində Misir parlamenti buraxıldı və sonralar bir necə dəfə yeni seçki keçirilsə də, parlament formalaşa bilmirdi.
“Nəhayət, təqribən 2 il öncə Misirin yeni parlamenti formalaşdı, amma dostluq qruplarının təşkili yubanırdı. Mənim və Misirdəki səfirimiz Tural Rzayevın apardığı iş nəticəsində, mənim Bakıdakı Misir səfiri ilə görüşlərim, Misir parlamentinin Komitə sədri Usamə əl-Əbd ilə görüşlərim, Tural Rzayevin Misir XİN-də görüşləri və bu görüşlər zaman belə bir qrupun təşkil olunmasının zəruriliyi barədə apardığımız danışıqlar nəhayət ki, bir az öncə nəticə verib və Misir-Azərbaycan dostluq qrupu yaradılıb. Bu Misir parlamentinin MDB məkanında yaratdığı ilk dostluq qrupudur. Qrupa çox nüfuzlu 10 parlamentari daxildir…”-deyə, G. Baxşəliyeva sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az