MM-in iclası-FAZİL MUSTAFADAN ÇOX ÖNƏMLİ TƏKLİF, MÜŞFİQ CƏFƏROV HƏRBİ QULLUQÇULARLA, MƏLAHƏT İBRAHİMQIZI DİN XADİMLƏRİ İLƏ BAĞLI TƏKLİFLƏR SƏSLƏNDİRDİ… – YENİLƏNİB – (3)

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək. 

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə ilkin olaraq, 11 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır: 

1. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanin, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dağınıq skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının  istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 2003-cü il tarixli 185 nömrəli Konvensiyanın (dəyişdirilmiş) Əlavələrinə edilmiş 2016-cı il tarixli dəyişikliklərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).

8. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

11. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Eyni zamanda, deputatlar yeni sosial məsafəni gözləyəcək, bir-birindən iki metr aralıda əyləşəcək, tibbi maska və əlcələrdən istifadə edəcəklər.

Onu da qeyd edək ki, bu ay MM-in yaz sessiyası başa çatacaq.

07:49

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

“Qarabağda bu çətin şəraitdə böyük fədakarlıq göstərən təhlükəsizlik və sərhəd xidmətlərinin əməyini qeyd etmək istərdim”.

Bunu MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, ermənilərin çoxsaylı təxribatları barədə məlumatlar gəlir:

“Bu mərhələdə onlar olduqca böyük işlər görür. Baş verənlər göstərir ki, Qarabağda bizim uğurumuz hazırlıqlı insanlardan keçir. Daha bir vacib məsələ odur ki, İkinci Qarabağ savaşında üç dövlət Azərbaycana daha geniş miqyasda dəstək verdi. Azərbaycanda sosial şəbəkə seqmentində bəzən bu dövlətlərə qarşı mənfi fikirlər səslənir. Bizim əsas meyarımız 44 günlük savaşdır. Bu savaşda bizə dəstək verməyənlərə sonrakı mərhədə güvənə bilmərik”.

F. Mustafa Azərbaycanla dostluğun rəmzi kimi Bakıda parklardan birinə Türkiyə, İsrail və Pakistanın adının verilməsini təklif edib:

“Çünki bu, tarixdir, yaddaşdır”.

11:21

***

“Ermənilər bu yaxınlarda televiziyalarının birində keşişi efirə çıxarıb, sübut etməyə çalışırdılar ki, İkinci Qarabağ savaşında Azərbaycan tərəfdən cinlər savaşıb”.

Bunu MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, keşiş efirdə inandırmağa çalışıb ki, erməni fərarilər cinlərdən qorxub qaçıb:

“Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb. Bu müharibədə Azərbaycan bütün müharibə qanunlarına uyğun hərəkət edib”.

Spiker S. Qafarova isə qeyd edib ki, ermənilər nə qədər səfeh-səfeh danışsalar, o qədər yaxşıdır.

“Hərbi qulluqçuların statusu haqqında” qanunun 12-ci maddəsinin 2-ci bəndinə (hərbçilərə bələdiyyə torpaqlarının verilməsi) dəyişiklik edilməsini təklif edirəm”-deyən deputat Müşfiq Cəfərov bildirib ki, bununla bağlı artıq müraciət edib:

“Bu qanun layihəsinin yenidən hazırlandığını dedilər. Bu qanun üzərində çalışan işçi qrupundan bu məsələyə diqqət yetirmələrini xahiş edirəm”.

“Ölkə olaraq bizim əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir”.

Bunu deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bu xüsusda görüləcək əsas iş xüsusilə Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir:

“Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm”.

11:45

***

“Din xadimlərinin seçilməsi hədsiz dərəcədə ciddi şəkildə həyata keçirilməlidir”.

Bunu da MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O, bildirib ki, onlar İslam aləminin daşıyıcılarıdır:

“Biz bəzən yas mərasimlərində elə cahil mollalar görürük ki, adam utanır. Hamı da məcburdur ki, yas mərasiminin sahibinə hörmət üçün sakit dayansın. Xahiş edirəm, din xadimləri ictimaiyyət adamları, bölgələrin tanınmış insanlarının iştirakı ilə seçilsin. Belə olarsa, əxlaqımıza zidd hadisələr də baş verməz”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qələbə dövrünün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Qayıdış və Quruculuq Komitəsinə çevrilməsidir”-ZAHİD ORUCDAN NÖVBƏTİ TƏKLİF

Read Next

“Cinayət Məcəlləsinə ictimai mənəviyyat əleyhinə cinayətlər fəsilinə, Şəhid adının alçaldılması adlı maddənin əlavə olunması, şəhid adına hörmətsizliyə görə cinayət məsuliyyətinin müəyyən edilməsini təklif edirəm”-BƏHRUZ MƏHƏRRƏMOV DAHA HANSI ÖNƏMLİ TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir