MM-in iclası-SPİKERDƏN TÜRKİYƏYƏ NÖVBƏTİ DƏSTƏK, FAZİL MUSTAFA BAKI BƏLƏDİYYƏSİNİN YARADILMASINI TƏKLİF ETDİ, MSK-NIN YENİ ÜZVLƏRİ SEÇİLDİ, MM-DƏ İƏTPA-NIN BİR ŞÖBƏSİ YARADILACAQ – YENİLƏNİB – (5)

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyə 8 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi.

2. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinın təsdiq edilməsi.

3. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanin, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. “Dağınıq skleroz  xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının  istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Millət vəkilləri də yenə sosial məsafəni gözləyəcək, bir-birilərindən iki metr aralıda əyləşəcək, tibbi maska və əlcəklərdən istifadə edəcəklər.

07:54

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

“106 il əvvəl ermənilərin guya soyqırımına məruz qalması ilə bağlı iddia Türkiyə və ABŞ arasında siyasi gərginlik yaradıb”.

Bunu iclasda parlamentin sədri deyib.

Sədr bildirib ki, erməni şovinistlərin və havadarlarının yalanı həqiqət kimi qələmə vermək cəhdlərinin dəfələrlə şahidi olmuşuq:

“Bir sıra tarixçilərin, o cümlədən amerikalı alimlərinin araşdırmalarında da “erməni soyqırımı”nın cəfəngiyat olması ilə bağlı nəticə hasil olur. Anadolu və Cənubi Qafqaz ərazilərində ermənilər tərəfindən soyqırımı cinayətləri mərhələ-mərhələ təşkil edilib. 1900-cü illərdə ermənilər 50 mindən çox azərbaycanlı qətlə yetirib. Əslində soyqırımı baş verib. Bunu ermənilər edib. Qurbanlar isə azərbaycanlılar, türklər və burada yaşayan başqa xalqlar olub. Xocalı soyqırımında yüzlərlə azərbaycanlı qətlə yetirilib, amansız işgəncələrə azərbaycanlılar məruz qalıb. Xocalı soyqırımı kimi qətliama göz yumanlar tərəfindən saxta erməni soyqırımı ilə bağlı iddialar səsləndirilməsi müşahidə edilir”.

Spiker əlavə edib ki, Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövlətinin arxivləri açılıb. Arzu edən istər erməni tarixçilər, istərsə də digərləri bu faktlarla tanış ola bilər.

S. Qafarova bildirib ki, ermənilər bundan imtina edir:

“Azərbaycan cəmiyyəti və Azərbaycan Prezidenti qardaş ölkənin yanındadır. Azərbaycan XİN bu məsələ ilə bağlı qəti mövqeyini bildirib. 48 siyasi partiya bu məsələ ilə bağlı etiraz bəyanatı yayıb”.

O, deyib ki, Fransa senatının sədri obyektiv və ədalətli mövqe tutsaydı, 30 il ərzində Azərbaycanın şəhər və kəndlərinin dağıdılmasına, yerlə yeksan edilməsinə susmazdı.

MM-in sədri təəssüflə bildirib ki, indi Fransa senatının sədri belə qızışdırıcı bəyanatlar verir.

11:25

***

“Səlahiyyət məsələsinə bir daha baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin səlahiyyətləri çoxdur”.

Bunu isə deputat Fazil Mustafa çıxışında deyib.

Deputat bildirib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır:

“Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması eksperiment ola bilər. Proporsional bələdiyyə seçkiləri keçirilməlidir. Siyasi partiyalar öz namizədləri ilə iştirak etməlidir. Bununla da siyasi partiyaların funksional fəaliyyəti daha açıq şəkildə özünü büruzə verəcək”.

11:38

***

“ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Co Baydeni yuxulu Co adlandırırdı. Doğrudan da Baydenin yuxudan ayılmasına böyük ehtiyac var”-deyən deputat Qüdrət Həsənquliyev isə bildirib ki, biz ABŞ-ın bu mövqeyini daha öncə də görmüşdük:

“ABŞ erməniərin Azərbaycan torpaqlarını işğal etməsinı, azərbaycanlılara qarşı soyqırımlara heç bir münasibət bildirmədi. Əksinə Azərbaycan 90-cı illərdə bəzi torpaqlarını azad edəndə 807-ci düzəlişi etdilər”.

Q.Həsənquliyevin sözlərinə görə, Baydenin yaşının elə dövrüdür ki, o, ancaq dünyada sülh üçün çalışmalıdır:

“Əgər onlar Paşinyana dəstək vermək istəyirdilərsə, bunu başqa cür edə bilərdilər. Fransa senatının açıqlamaları, Baydenin bu çıxışı göstərir ki, artıq onlar vasitəçilik missiyasını itiriblər”.

11:45

***

Sonra iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və əvəzedici üzvləri seçilib.

Qərar layihəsinə əsasən, aşağıdakı şəxslər MSK-nın üzvləri seçilib:

Cavadov Fuad Musa oğlu

Əsgərov Bəxşeyş Məmməd oğlu

Əsgərova Nailə Şahmərdan qızı

Həsənov Tofiq Eldar oğlu

İbrahimov Ramiz Hilal oğlu

Kazımova Validə Faiq qızı

Məmmədov İlham Sabir oğlu

Muxtarova Arifə Ağaverdi qızı

Nadirxanlı Nizami Hüseyn oğlu

Orucov Qabil Əhməd oğlu

Paşayev Hüseyn Məmməd oğlu

Pənahov Məzahir Məhəmməd oğlu

Qasimov Rövzət Afət oğlu

Qəhrəmanlı Almas Əlisultan qızı

Quliyev Etibar Cəfər oğlu

Rəhimov Mikayıl Rəhman oğlu

Şahbazov İlkin Zaur oğlu.

Aşağıdakı şəxslər MSK-nın əvəzedici üzvəriseçilib:

Hümbətov Sürəddin Məmmədhüseyn oğlu

Muradov Aydın Hacı oğlu

Orduxanov Niyaməddin Orduxan oğlu.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

“Uzun illərdir ki, Azərbaycanda çox gözəl Mərkəzi Seçki Komissiyası formalaşıb. Burada fəaliyyət göstərən insanlar kifayət qədər savadlı və bilikli insanlardır. Seçki Məcəlləsinin tələblərini çox yaxşı həyata keçirən insanlardır”.

Bunu da müzakirələr zamanı deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, 6 parlament seçkisi zamanı YAP-ın səlahiyyətli nümayəndəsi kimi MSK ilə mütəmadi ünsiyyət olub:

“Hər bir siyasi partiya üçün bərabər şəraitin yaradılması, hər bir siyasi partiyanın nümayəndələrinin demokratik şəkildə seçilməsi üçün yaradılan şəraitin şahidi olmuşuq. Azərbaycanda unikal addımdan biridir ki, DSK-ların daimi binaları, işçiləri var. Onlar tərəfindən seçicilərin siyahısının dəqiqləşdirilməsi ağır işdir. Siyasi partiyalar hər 3 aydan bir MSK-ya hesabat verir. Bu da şəffaflığın təmin olunmasının göstəricisidir. Əfsuslar olsun ki, bir sıra partiyaların fəaliyyəti də, hesabatı da qaranlıqdır. Onlar bu günə qədər MSK-ya hesabat vermir. Onlar Azərbaycanın apardığı uğurlu siyasətə həm xaricdə, həm də daxildə kölgə salmağa çalışır. AXCP kimi partiyalar bu günə qədər maliyyə hesabatlarını təqdim etmir. Onlar öz maliyyə vəziyyətlərini gizlədir. Gələcəkdə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikdə bunu istisna hal kimi salmalıyıq və MSK-ya hesabat təqdim etməyən partiyalarla bağlı müvafiq qərar vermək səlahiyyəti formalaşdırmalıyıq”.

12:04

***

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv bütün ölkələrin parlamentlərinə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏTPA) üzv olmaq hüququ verilir.

Bu, MM-in bu gün keçirilən iclasında təsdiq olunmaq üçün müzakirəyə çıxarılan İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsində əksini tapıb.

Assambleya Ümumi konfrans, İcraedici Şura və Katiblikdən ibarətdir.

Sənədə əsasən, Assambleya İƏT-ə üv ölkələrin milli parlamentlərini təmsil edən –spikerlər-sədrlər və deputatlardan ibarət olmalıdır. Hər bir parlamentdə Assambleyanın bir şöbəsi yaradılır və parlamentin spikeri/sədri müvafiq olaraq bu bölmənin rəhbəri olur. Sədr tərəfindən təyin edilən baş katib və ya istənilən digər rəsmi şəxs bu bölmənin katibi olur.

Beləliklə, Nizamnamə təsdiqləndikdən sonra müvafiq olaraq Milli Məclisdə də Assambleyanın bir şöbəsi yaradılmalıdır.

Nizamnamədə bildirilir ki, ümumi konfransın təsdiqləməsi ilə istənilən digər bir parlament və ya təşkilata müşahidəçi statusu verilir.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həbs xəbəri yayılan icra başçısı-VƏZİFƏSİNDƏN AZAD OLUNDU – YENİLƏNİB

Read Next

“O gün hec vaxt yadımdan çıxmaz, dedim ki, Adəm, ölüm ayağının altında, canım sənə fəda olsun bala…”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASI AKİFƏ ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir