MM-in növbəti iclası-FAZİL MUSTAFA “QANUNSUZ EVLƏR”LƏ, QÜDRƏT HƏSƏNQULİYEV “YAŞAT”-LA BAĞLI TƏKLİF SƏSLƏNDİRDİ, ZAHİD ORUC “HƏRBİ QƏNİMƏTLƏR PARKI”NDAN DANIŞDI… – YENİLƏNİB – (4)

Bu gün Milli Məclisin (MM) yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir kİ, saat 11:00-da başlayacaq iclasın gündəliyinə məsələ daxil edilib.

iclasının gündəliyinə təklif olunan məsələlər bunlardır:

1. Azərbaycan Respublikası Hesablama Palatasının (Vüqar Gülməmmədovun) illik hesabatı haqqında.

2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

İclasa spiker Sahiba Qafarova sədrlik edəcək.

Deputatlar yenə tibbi maskalar və əlcəklərdən istifadə edəcək, yenə sosial məsafəni gözləyəcək, yenə bir-birilərindən iki metr aralıda əylşəşəcəklər.

07:14

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

“Qanunsuz tikilən evlərlə bağlı problemlər həll olunmalıdır”.

Bunu çıxışında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, sosial şəraitlə əlaqədar insanlar yaşadığı yerləri tərk edir:

“Bakıya girəndə Sulutpədən başlamış, şəhərin bütün giriş-çıxışlarına baxanda Bakı bir gecəqondu şəhərini xatırladır. Bunu dəyişməliyik. Bizim qanunsuz nikah məsələsinə baxışımız necə olubsa, qanunsuz evlərə də münasibətimiz elə olmalıdır. Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.

***

“Dünən Azərbaycanda ilk dəfə Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park öz unikallığı ilə yaddaşlarda qalacaq”-deyən deputat Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev öz qalib ordusunun əsgərlərinə, zabitlərinə xüsusi təşəkkür edib:

“Bu, çox qürurverici idi. Bu parkın açılışı ona görə əhəmiyyətli idi ki, Azərbaycan xalqı əldə etdiyimiz qələbəni canlı görmək imkanı qazandı. Bu, qələbəmizin simvollarından biridir. Bu park həm də Ermənistan üçün mesaj əhəmiyyətli idi. Ermənilər bu parka baxanda özlərinin məğlubiyyətini görürlər. Etnik təmizləmə, soyqırımı siyasətinin sonu məhz belə ağır bədəl ödəməklə nəticələnir. Bu, həm də bütün dünya ermənilərinə mesajdır”.

***

“Təklif edirəm ki, biz “YAŞAT” Fonduna növbəti dəfə vəsait köçürək”.

Bunju isə deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Hesablama Palatasının üzvləri də bu təşəbbüsə qoşulsa, yaxşı olar:

“Biz ikinci dəfə bu fonda vəsait köçürsək, yaxşı olar. “YAŞAT” Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Buradan müraciət edirəm, din xadimləri də Ramazan günlərində bu xeyriyyəçiliyi təbliğ etsinlər”.

Deputat  əlavə edib ki, peyvəndlənmə çox sürətlə getmir:

“Pandemiya çox sürətlə yayılır, ölüm halları artır. Azərbaycanda əgər vaksin ehtiyatları varsa, televiziyalarda sosial çarxlar yayımlanmalıdır. Vaksinləmə ilə bağlı təbliğat yaxşı təşkil olunmayıb”.

11:36

***

“Dünən təntənəli açılışı olan Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstündə yox, altında rahat yaşayan erməniçiliyin şəklidir”.

Bunu da MM-in İnsan hüquqları komitəsin sədri Zahid Oruc deyib.

O, bildirib ki, Hərbi Qənimətlər Parkını ziyarət edəcək milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı “8 noyabr” prospektidir:

“30 il Qarabağ və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi. O park milyonlarla insanımızın qəlbinin rahatladığı yerdir, qalib ordumuzun birgə silahları ilə yaratdıqları əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət and yeridir. Ordakı texnikaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərs kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü paytaxtımıza gəlib. Bu, təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir. Ali Baş Komandan qarşısında çıxış edən xüsusi təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər. Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini Prezidentdən sonra təmsil edən yeganə gücdür. Bəli, Ordumuz siyasətdən kənardır, lakin qalib general və əsgərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər. Vaxtilə Atatürkün cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu. İndi Prezident İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı şanlı Ordumuzdur. Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış”

Etikxeber.az

Read Previous

Mingəçevirli Şəhid Əzim Həsənovun ailəsi- PREZİDENTLƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT ETDİ VƏ… – FOTOLAR

Read Next

“Pandemiya şəraitində rəqəmsal bərabərsizlik probleminin şagirdlərə, həm də əyani təhsil alan tələbələrə yaratdığı çətinlikləri minimuma endirmək üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi proqram layihəsinin hazırlanması çox yaxşı olardı…”-MİLLƏT VƏKİLİNDƏN MARAQLI TƏKLİFLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir