MM-in komitəsində Hesablama Palatasının auditorlarının təyini məsələsinə-BAXILDI VƏ… – FOTOLAR

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.

Etikxeber.az-ın məlumatına görə, iclasda komitənin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal Hüseynovun və Vəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.

Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. Tahir Mirkişili vurğulayıb ki, ali audit orqanı olan Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı həyata keçirdiyi fəaliyyət Milli Məclis deputatlarına təqdim olunan təhlil materiallarının əhatəli olmasında və yüksək keyfiyyətdə hazırlanmasında özünü aydın göstərir. Bu prosesin ildən-ilə təkmilləşməsində adı çəkilən namizədlərin özünəməxsus əməyi var.

Sonra komitədə yeni vəzifələrə təqdim olunmuş namizədlərin çıxışları dinlənilib. Namizədlər göstərilən etimadı doğrultmaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

İclasda çıxış edən komitə sədrinin müavini Əli Məsimli, deputatlar Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov və Mahir Abbaszadə Hesablama Palatasının sədr müavini və auditorları vəzifələrinə irəli sürülmüş namizədlərə müsbət münasibət bildiriblər, onlara təmsil etdikləri qurumun işlərini yeni dövrün çağırışlarına uyğun qurmaqda uğurlar arzulayıblar, təklif və tövsiyələrini diqqətə çatdırıblar.

Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.

Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“YAP gəncləşərək monolit bir formada bu sınaqdan da üzüağ, alnıaçıq çıxmağı bacardı…”-ELDAR İBRAHİMOV

Read Next

Vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun layihəsi-HAZIRLANIR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir