MM-in növbəti iclası: BAHAR MURADOVA İKİNCİ DƏFƏ HESABAT VERİB, PARLAMENT İSƏ YAXIN GÜNLƏRDƏ QIŞ TƏTİLİNƏ ÇIXIR – FOTO – YENİLƏNİB – (2)

Bu gün, 27 dekabr tarixində Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

2. “Turizm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).4. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).9. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).11. “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).12. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).13. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).14. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

15. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).16. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).19. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Qeyd edək ki, paıyız (qış) sessiyası çərçivəsində dekabrın 29-u və ya 30-da növbəti-sonuncu iclasın keçirilməsi gözlənilir.

Həmin iclasdan sonra MM və deputatlar qısa qış tətilinə çıxacaq.

Növbəti sessiya-2022-ci ilin yaz sessiyası isə yanvarın son günlərindən birində və ya fevralın 1-də keçiriləcək.

Bu sessiyada Nazirlər Kabineti də daxil olmaqla, ən azı 5 qurumun hesabatı dinləniləcək.

08:02

***

MM-in iclası başlayıb.

İclası S. Qafarova aparır.

“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı haqqında” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məruzə edir.

11:12

***

 Bahar Muradova çıxışında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci ildə görülən işlərdən danışarkən, bu ilin ölkəmizin və xalqımızın həyatına erməni faşizmi üzərində qazanılmış tarixi Qələbə ili kimi daxil olduğunu vurğulayıb.

Qazanılan böyük qələbə, həm də COVİD-19-un  cilovlanması istiqamətində əldə edilən nailiyyətlərlə yanaşı, müharibədən və pandemiyadan təsirlənmiş minlərlə soydaşımızın müxtəlif problemlərlə üzləşdiyini, ailələrdə və cəmiyyətdə narahatlıq doğuran bəzi halların baş verdiyini də qeyd edib.

Komitə sədri 2020-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə yönəlik zəruri alət və mexanizmlərin inkişafı istiqamətində atılan mühüm addımlar barədə danışıb, normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Vurğulanıb ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilməsi bu sahədə mübarizəni daha geniş miqyasda və əsaslı olaraq aparılması üçün yeni bir mərhələyə keçidə imkan yaradıb.

Komitə sədri çıxışında gender bərabərliyinin təmin edilməsi istiqamətində hesabat dövrü ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq, müvafiq mövzularda təlim kurslarının, seminarların, vebinarların təşkil olunması, təlimat və tövsiyələrin hazırlanması işləri barədə məlumat verib.

2020-ci ildə də institusional mexanizmlərin gücləndirilməsi istiqamətində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM-nin) geniş fəaliyyətindən bəhs olunub. Qeyd edilib ki, UADM-in fəaliyyətindən ötən il 25023 nəfər (9876 ailə) bəhrələnib. Bildirilib ki, respublikanın 15 rayon və şəhərində bələdiyyələrdə Gender Komissiyalarının yaradılmasına dəstək verilib, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 3 yardım mərkəzi yaradılıb. Həmçinin Qadın Resurs Mərkəzləri tərəfindən COVİD-19 pandemiyası dövründə 880 ailəyə psixoloji və 440 ailəyə ehtiyaclarına uyğun yardımlar göstərilib. Bundan başqa, komitədə 860 nömrəli qaynar xətt 2020-ci il dekabrın 1-dən etibarən fəaliyyət göstərməkdədir.

B. Muradova 2020-ci ildə Dövlət Komitəsinə daxil olan müraciətlərin təhlilini diqqətə çatdırıb. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ən geniş yayılmış halların özəl sektorda hamilə və himayəsində azyaşlı uşağı olan analarla əmək müqaviləsinə xitam verilməsi, işə qəbul zamanı əks cinsin nümayəndələrinə üstünlüyün verilməsi, işləyən analar üçün nəzərdə tutulmuş güzəştlərin nəzərə alınmaması və digər məsələlərlə bağlı olduğunu bildirib. Məişət zorakılığı ilə bağlı cinayətlərin sayında azalma müşahidə olunsa da, bu kimi halların hələ də ciddi qınaq obyekti ola bilmədiyini vurğulayıb. Bildirilib ki, erkən nikah hallarının dinamikasında azalma qeydə alınsa da, onun tamamilə aradan qaldırılması hələ ki, mümkün olmamışdır. 2020-ci ildə cins seçimi məsələsi də aktual olaraq qalıb. Doğulan uşaqlar arasında cins nisbətində bioloji norma pozulub.

Çıxışında dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadın iştirakçılığının əvvəlki illərlə müqayisədə artmaq üzrə olduğunu bildirən Bahar Muradova hakimiyyət orqanlarında qadınların təmsilçiliyi ilə bağlı statistik rəqəmləri açıqlayıb.

Sonra komitə sədri əmək hüquqlarının həyata keçirilməsində gender bərabərliyi ilə bağlı problemlərə toxunub, bu sahədə kişilərlə qadınların say nisbətlərini diqqətə çatdırıb, qadınlar arasında özünüməşğulluğun və sahibkarlığın inkişafı istiqamətində dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Təhsil hüquqlarının həyata keçirilməsində bərabər imkanların təmin edilməsinin Azərbaycan hökumətinin əsas prioritetlərdən biri olduğunu qeyd edən B. Muradova bir qayda olaraq, ali və orta ixtisas təhsili müəssisələri, eləcə də ilk-peşə ixtisas təhsili müəssisələrinin işçiləri arasında qadınların üstünlük təşkil etdiyini açıqlayıb. Rəhbər vəzifələrdə çalışanlar arasında isə orta ixtisas təhsili müəssisələri istisna olmaqla, kişilər böyük üstünlüyə malikdir.

Bildirilib ki, qızların təhsildən yayındırılmasının qarşısının alınması, tədrisin məzmununda gender stereotiplərinin aradan qaldırılması diqqətdə saxlanılıb.

B.Muradova komitənin ötən dəfəki məlumatın müzakirəsində millət vəkillərinin qaldırdıqları məsələləri diqqətdə saxladığını və onların həlli istiqamətində müvafiq işləri həyata keçirdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, ilk növbədə maddi və mənəvi təməllər üzərində inkişaf edən, gender rolları düzgün müəyyənləşdirilmiş, qarşılıqlı öhdəlikləri və məsuliyyətləri bərabər bölünmüş bir cəmiyyət qurmağa nail olmaq hamımızın hədəfidir.

13:00

***

Sonra MM-n Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il üzrə fəaliyyəti haqqında parlamentə təqdim olunan illik məlumat 52 səhifədən, giriş və gender bərabərliyinin təmin edilməsi ilə bağlı istiqamətləri özündə ehtiva edən 4 hissədən ibarətdir. Sənəd bütövlükdə Azərbaycan dövlətinin gender bərabərliyinin təmini üzrə həyata keçirdiyi siyasətin yerinə yetirildiyini təsdiqləyir və qənaətbəxşdir. Bildirilib ki, mövcud pandemiya, müharibə və post müharibə şəraitinə baxmayaraq, komitə bir sıra yeni layihələr həyata keçirib, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində mühüm sənədlər hazırlayıb.

Qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etməyin mümkün olmadığını vurğulayan komitə sədri bildirib ki, bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür.

Bu sahədə qlobal təşəbbüslərin daha da artdığını qeyd edən H. Hüseynova cari il oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumunda Milli Məclisin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin plenar iclasda və ayrı-ayrı sessiyalarda iştirak edərək Azərbaycan qadınlarının uğurları və dünya qadın hərəkatına verdiyi töhfələri barədə məruzə və təqdimatlarını qeyd edib. Bir daha təsdiq edilib ki, gender bərabərliyinin təmin olunması üçün iqtisadi resurslara, texnologiya və maliyyə xidmətlərinə, məşğulluq, təhsil üçün imkanlara təhlükəsiz və bərabər çıxış şəraiti yaradılmalıdır. Hicran Hüseynova vurğulayıb ki, ölkədə gender bərabərliyinin təmin olunması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir.

Sənədin müzakirələrində deputatlar Fazil Mustafa, Etibar Əliyev, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Elman Nəsirov, Rəşad Mahmudov, Nigar Arpadarai, Səbinə Xasayeva, Razi Nurullayev, Erkin Qədirli çıxış ediblər. Millət vəkilləri gender bərabərsizliyi, erkən nikah, qız uşaqlarının təhsildən yayınması, doğulan uşaqlar arasında cins balansının pozulması kimi halları gender mədəniyyəti ilə bağlayıblar. Deputatlar ölkədə gender mədəniyyətinin yüksəldilməsi üçün gender sahəsində fəaliyyət göstərən qurumların, maarifləndirmə işlərinin effektivliyinin artırılması, qanunvericiliyin və xüsusən də onların icrasının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

B. Muradova deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onları narahat edən istiqamətlər üzrə hökumətin mövqeyi, gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib.

Müzakirələrin sonunda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı nəzərə alınıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident AZƏRTAC-ın yeni binası ilə-TANIŞ OLDU – FOTOLAR – YENİLƏNİB

Read Next

306 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir