MM-in Regional məsələlər komitəsi: ZAHİD QARALOV, ARİF RƏHİMZADƏ, MAKSİM MUSAYEV, FƏTTAH HEYDƏROV, AYNUR SOFİYEVA, FƏZAİL İBRAHİMLİ, SİYAVUŞ NOVRUZOV, ELŞƏN MUSAYEV…

6-cı çağırış Milli Məclisin (MM) ilk iclasında rəhbərliyi və tərkibi yenilən komitələrdən biri də Regional məsələlər komitəsidir.

Komitənin yeni sədri MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sabiq sədri, 5-ci ci dəfə MM-in üzvü olan Siyavuş Novruzov seçilib.

O, komitənin sədri vəzifəsində 2-ci çağırış Azərbaycan SSR Ali Sovetinin və 5 çağırış Milli Məclisin (MM) üzvü, birinci vitse-spikeri (1994-2005-ci illər) olmuş Arif Rəhimzadəni (son seçkilərə qatılmamışdı) əvəz edib.

Komitənin sədr müavini isə 2-ci dəfə MM-in üzvü olan Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, hüquqşünas, tanınmış ziyalı və siyasətçi, mərhum Məmmədhənifə Musayevin oğlu Elşən Musayev seçilib.

E.Musayev bu vəzifədə 6 çağırış MM-in üzvü, Hesablayıcı komissiyanın sədri Fəttah Heydərovu əvəzləyib.

Bəs görəsən, əvvəllər daimi komissiya-yerli özünüidarə məsələləri daimi komissiyası kimi fəaliyyət göstərən Regional məsələlər komitəsinə (1995-2020-ci illərdə) kimlər rəhbərlik edib, tanınmışlardan kimlər bu komitənin üzvləri olublar?

Etikxeber.az-ın xəbərinə, birinci çağırışda, 1995-ci ildə ilk dəfə bu komitəyə (daimi komissiyaya) Yeni Azərbaycan Partiyasının tanınmış, nüfuzlu simalarından, partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvlərindən, məşhur “91-lər”-dən olan əslən gürcüstanlı (borçalılı) mərhum Zahid Qaralov sədr seçilib.

Z. Qaralov YAP-ın yaradıcılarından və qatı, sadiq “Əliyevçi”lərdən olduğu üçün millət vəkili və komitə sədri kimi fəaliyyətində müstəqilliyi, bəzən də inadkarlığı, sərtliyi ilə seçilib.

Bir çox komitə (komissiya) iclaslarında parlament rəhbərliyini və o zamanlar Prezident Administrasiyasında (PA) yüksək vəzifələrdə işləyən tanınmışları sərt şəkildə tənqid etməkdən belə çəkinməyib.

İclasları hər zaman mediaya (eləcə də özü) açıq olsa da, bəzən media təmsilçilərini də sərt şəkildə tənqid edib, onlarla qarşı-qarşıya gəlib.

Birinci çağırışda onun müavini tanınmış partiya-sovet işçisi, iki çağırış Ali Sovetinin üzvü olan Maksim Musayev seçilib.

İkinci çağırışda, 2000-ci ildə adıçəkilən komitənin sədri yenidən Z. Qaralov seçilib, müavini isə başqa deputat.

Üçüncü çağırış seçkilərdə, 2005-ci ildə isə Z. Qaralov akademik Ziyad Səmədzadəyə uduzub və MM-dən kənarda qalmalı olub.

Bu isə Z. Qaralovla Z. Səmədzadə arasında uzun müddət davam edən gərginliklə müşaiyət olunub.

O, həm də YAP-dan incikliyini gizlətməyib, amma dünyasını dəyişənə qədər YAP-a və iqtidara sadiq qalib.

Qeyd edək ki, Z. Qaralov həm də ölkənin Baş prokuroru Zakir Qaralovun dost-doğma əmisidir.

Beləliklə, 3-cü çağırışda həm komitənin rəhbərliyində, həm də tərkibində dəyişiklik baş verib.

Sədr vəzifəsinə birinci vitse-spikerlikdən gedən A. Rəhmizadə, sədr müavini vəzifəsinə 3-cü dəfə MM-in üzvü olan F. Heydərov seçilib.

Xatırladaq ki, YAP-ın tanınmış və nüfuzlu simalarından, sadiq və sədaqətli üzvlərindən, qatı “Əliyevçi”lərdən və məşhur Dilbazilər nəslindən olan A.Rəhimzadə daim müstəqilliyi, prinsipiallığı, fəallığı və işgüzarlığı ilə seçilib.

Yerli özünüidarəetmə orqanları, bələdiyyələrlə bağlı qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsində böyük xidmətləri olub.

Xüsusilə, bələdiyyələrin illik hesabatlarının həm komitə iclaslarında, həm də plenar iclaslarda müzakirələrində sərt, kəskin mövqeyi seçilib.

Dördüncü və beşinci çağırışlarda (2010-2015, 2015-2020) komitə üzvləri arasında dəyişikliklər yaşansa da, rəhbərlikdə dəyişiklik baş verməyib, A. Rəhimzadə sədr, F. Heydərov sədr müavini kimi qalıb.

Qeyd edək ki, həm komitənin iclasları, həm komitənin üzvləri, həm də A. Rəhimzadənin özü mediaya açıqlıqları ilə seçiliblər.

MM-in ən fəal və ən işgüzar komitələrindən biri olub.

6-cı çağırışa gəlincə, yuxarıda da qeyd edildiyi kimi, sədr vəzifəsinə YAP-ın digər tanınmış və nüfuzlu simalarından olan hüquq elmləri doktoru S. Novruzov, sədr müavini isə ADMP sədri E. Musayev seçilib.

Komitənin ötən çağırışlarda üzvləri arasında vitse-spiker Fəzail İbrahimli, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, MM-in Aqrar siyasət komitəsinin yeni sədri Tahir Rzayev, millət vəkili Azər Badamov, hazırda icra başçıları işləyən Rüstəm Xəlilovla Əhəd Abıyev kimi tanınmışlar olub.

Regional məsələlər komitəsinin hazırkı üzvləri:

Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Fəttah Heydərov, Malik Həsənov, Səbinə Xasayeva, Aqil məmmədov, Səttar Möhbalıyev, Cavid Osmanov, Tahir Rzayev və Əliabbas Salahzadə.

http://525.az/site/?name=xeber&news_id=13595#gsc.tab=0

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Martın 23-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılır-NÖVBƏTİ QƏRAR…

Read Next

Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımır-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir