MM-in iclası- ELMAN NƏSİROV GÖMRÜK KOMİTƏSİNİ OPERATİVLİYƏ SƏSLƏDİ, MƏLAHƏT İBRAHİMQIZI “ANALAR GÜNÜ” TƏKLİFİNİ SƏSLƏNDİRDİ, SİYAVUŞ NOVRUZOV “4 PRİNSİPİAL MƏSƏLƏ”DƏN DANIŞDI VƏ “ŞUŞA MƏSƏLƏSİ” MÜZAKİRƏDƏN KEÇDİ… – YENİLƏNİB – (5)

Bu gün Milli Məclisin (MM) növbəti iclası keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib.

1. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

7. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

17. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Qeyd edək ki, bu iclasdan sonra daha bir plenar iclas keçiriləcək və bununla da yaz sessiyasına yekun vurulacaq.

Sonuncu iclasın isə mayın 31-də keçirilməsi gözlənilir.

07:20

***

MM-in iclası öz işinə başlayıb.

İclasa S. Qafarova sədrlik edir.

11:00

***

Cari məsələlərin müzakirəsi zamanı çıxış edən millət vəkili Anar İsgəndərov “YAŞAT” marafonuna toxunaraq, bütün dünya azərbaycanlılarını bu nəcib işə qoşulamağa və fəallıq göstərməyə çağırıb.

Digər millət vəkili Elman Nəsirov Cəlilabadlı iş adamları və sahibkarlarının həyacan təbili çaldığını bildirib və qeyd edib ki, bu insanlar öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşiblər.

Millət vəkili Dövlət Gömrük Komitəsini bu məsələdə daha operativ və fəal olmağa səsləyibi

Bildirib ki, bu gün ona onlarla yerli iş adamı və sahibkar müraciət edib, narahatlıqlarını ifadə ediblər.

11:09

***

MM-in Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda mlilli və ayrıca “Analar Günü”nün qeyd olunmasını təklif edib.

Bildirib ki, Azərbaycanda da qeyd olunan 8 mart Beynəlxalq Qadınlar Günü daha çox siyasi xarakterli və insan hüquqları ilə bağlı məsələdir.

“Amma hesab edirəm ki, Azərbaycanda ayrıca “Analar Günü” qeyd olunmalıdır. Çünki ana vətən, ana torpaq…deyirik. Odur ki, milli “Analar Günü”müz olmalıdır”-deyə, millət vəkili əlavə edib.

11:20

***

“Dörd prinsipial məsələ üzrə işimizi yaxşı qurmalıyıq”.

Bunu MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, birincisi sərhədlərin dəqiqləşdirilməsidir:

“Bununla bağlı proses gedir. İkincisi, Zəngəzur dəhlizinin açılmasıdır. Üçüncü məsələ minalanmış ərazilərin xəritələrini almaqdır. Bunu bütün dünya ictimaiyyətinə çatdırmalıyıq. Dördüncü – ən əsas məsələ isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyü tanıması məsələsini tam həll etməliyik ki, gələcək nəsillərə bu adda problem qalmasın”.

Komitə sədri qeyd edib ki, xaricdə ermənidən pul alan bir sıra şəxslər şərləmə kampaniyası aparmaqla məşğuldurlar:

“Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Onlara öz yerlərini göstərməliyik”.

11:27

***

Cari məsələrdən sonra “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi başlanılıb.

Qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

11:41

***

“Bu qanunu qəbul etməklə biz sadəcə Qarabağın deyil, Şuşanın bütün Qafqazda önəmini göstərəcəyik”.

Bunu deputat Azay Quliyev qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, qanunu qəbul etməklə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın möhtəşəmliyi də göstəriləcək:

“Bu, Ermənistanın revanşist siyasətçilərinə növbəti mesajdır”.

Deputat Tural Gəncəliyev bildirib ki, biz öz torpaqlarımızdan qovulmuşduq:

“Lakin bu gün biz Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsini müzakirə edirik. Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz bizə bu günü yaşatdı. 29 il sonra dədə-baba yurduma qayıtmaq mənim üçün çox qürurverici idi. Oxuduğum musiqi məktəbinin, yaşadığım yerlərin darmadağın edilməsini gördüm. Bu şəhəri işğal etməklə bizim ruhumuzu sındırmaq istədilər. Lakin alınmadı. Şuşa şəhərinin işğaldan azad olunmasından sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə Şuşa şəhəri nəinki Azərbaycanın, dünyanın ən gözəl mədəniyyət paytaxtlarından biri olacaq”.

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa qeyd edib ki, Şuşa Dövlət Qoruğu ayrıca qurum olaraq fəaliyyət göstərəcək:

“Amma biz burada Şuşa şəhərini də ayırmalıyıq. Şuşa şəhərinə qayıdacaq olan məcburi köçkünlər var. Onların idarə edilməsi, yerləşdirilməsi, yaşaması var. Ona görə də struktur islahatlarının aparılmasını təklif edirəm. bu olarsa, daha çevik idarəetmə əldə edə bilərik. Şuşada qoruqdan əlavə inzibati, yerli idarəetmə orqanları ayrıca məkanda yerləşdirilməlidir. Tarixi abidələrin, mədəniyyət abidələrinin bərpa olunmasını vacib sayıram. Çünki bir məmurun əlinə bu sənədi versəniz, sabah ora köçəcək vətəndaşların mülkiyyət hüququ ilə bağlı problemlər yaşanacaq. Burada hər şeydən əvvəl insandır. Ora məcbur köçkünlərin qayıdışı təmin edilməlidir. Şuşanı muzeylər şəhəri adlandırırıq. Burada Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin muzeyinin yaradılması, irsinin davam etdirilməsi təmin edilməlidir. Əhməd bəy Ağaoğlunun adını eşidən yüzlərlə insan Şuşaya getmək istəyəcək”.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Görmək çətin deyil ki, qlobal youtube və sosial şəbəkələr virtual Azərbaycanın gerçək aləm olduğunu şüurlara sırıyır…”-ZAHİD ORUC

Read Next

Metronun fəaliyyəti, rayonlar və şəhərlərarası sərnişindaşıma bərpa olunur-AÇIQ HAVADA MASKA TAXMAQ TƏLƏBİ ARADAN QALDIRILR, AZƏRBAYCANDA COVİD PASPORTU TƏTBİQ OLUNACAQ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir