MN cəbhədə oktyabrın 22-nə olan vəziyyət haqqında-MƏLUMAT YAYDI, DÜŞMƏN FÜZULİNİ, HƏMÇİNİN, SİYƏZƏNİ, KÜRDƏMİRİ VƏ QƏBƏLƏNİ RAKET ZƏRBƏSİNƏ MƏRUZ QOYDU, ERMƏNİLƏRİN DAHA BİR “PUA”-SI MƏHV EDİLDİ – YENİLƏNİB – (3)

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

Qeyd olunur ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinin cəbhənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Onların təxliyəsi üçün nəqliyyat vasitəsinin çatışmazlığı və yolların bağlı olması məlum olub.

Hadrut qəsəbəsindən şimalda yerləşən düşmənin artilleriya bölmələrinə yeni gətirilmiş könüllülər atəş mövqelərini tərk edərək qaçıb.

Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən ölən və yaralanan olmaqla çoxlu sayda itki verib. Alayın 3-cü taborunun komandiri Robert Hambartsumyan itkin düşüb, taborun qərargah rəisi isə məhv edilib. Yeraltı sığınacağın sıradan çıxarılması nəticəsində düşmənin şəxsi heyət arasında xeyli itki olub.

543-cü alayın müdafiə sahəsinə vurulan atəş zərəri nəticəsində şəxsi heyət arasında xeyli itki var. Alay komandiri yaralanıb, onun müavini, tabor komandiri Araik Hovakimyan, onun müavinləri, minaatan batareyası və bölüyünün komandirləri məhv edilib. 1-ci taborun bir bölüyünün şəxsi heyəti döyüşə girməkdən imtina edib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

09:16

***

Oktyabrın 22-də saat 09.15-dən başlayaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən Füzuli rayonu ərazisindəki mövqelərimizi reaktiv artilleriya sistemlərindən atəşə tutur.

Bu haqda MN-dən bildirilib.

09:51

***

Oktyabrın 22-də səhər saat 09.00 radələrində Ermənistan ərazisindən Qəbələ və Kürdəmir istiqamətində əməliyyat-taktiki raket komplekslərindən balistik raketlər atılıb. 

Bu barədə də MN-dən bildirilib. 

09:57

***

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

MN-dən verilən xəbərə görə, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

10:16

***

Ermənistana məxsus daha bir PUA məhv edilib.

MN-dən bildirilib ki, oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Etikxeber.az

Read Previous

“Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik…”-Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Deputatlar “Vəng”-in “Çinarlı” adlandırılmasına-RAZILIQ VERDİLƏR, MƏSƏLƏNİ MM-İN PLENAR İCLASINA TÖVSİYƏ ETDİLƏR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir