Moskva danışıqları: Ümidsizlik nədən qaynaqlanır? – RƏY(LƏR)

TAHİR RZAYEV: Moskvada görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, ancaq məsələnin həllinə hərtərəfli zəmin yaratmır

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in həmsədr ölkələrinin nümayəndələrinin iştirakı ilə Moskvada keçirilən görüşü müəyyən məqamlarla irəliyə atılmış addım olsa da, ancaq məsələnin həllinə hərtərəfli zəmin yaratmır. Çünki keçirilən bu kimi görüşlərdən sonra Ermənistanın rəhbərləri, yüksək rütbəli hərbçiləri, müəyyən siyasi dairələri bir-birinə zidd olan fərqli fikirlər səsləndirir və münaqişənin gərginləşdirilməsinə səbəb ola biləcək bəyanatlar verirlər. Bu mülahizələr Ermənistanın ayrı-ayrı dairələr tərəfindən idarə olunduğunu göstərir və onun acınacaqlı vəziyyətindən xəbər verir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada baş tutan görüşünə və bu görüşdən sonra verilən bəyanatların, ilkin razılaşmaların Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasına münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, əlbəttə, Qarabağ münaqişəsi zəminində hakimiyyətə gələn və bu fonda hakimiyyətini qoruyub saxlamağa cəhd edənlər ölkənin çıxılmaz vəziyyətə düşməsinin, kimlərinsə quluna çevrilməsinin fərqində deyillər:

“Onlar populist çıxışlarla, millətçi bəyanatlarla xalqı ələ alamağa, sakitləşdirməyə, ümidləndirməyə çalışırlar. Ermənistanın baş nazairi Paşinyanın, eləcə də müdafiə nazirinin, ayrı-ayrı millətçi şəxslərin çıxışları da məhz bu məqsədə xidmət edir. Ancaq reallıqlar başqa nəticələri göstərir, yəni, Ermənistanın iqtisadi, siyasi, mənəvi böhran içərisində yaşamasından, xalqın keçmiş və indiki ölkə rəhbərlərinə nifrətindən, etimadsızlığından xəbər verir. Azərbaycanın iqtisadi inkişafından və hərbi qüdrətindən xəbərdar olan erməni xalqı müharibə başlayarsa, hansı bəlalara düçar olacağını yaxşı anlayır. Bu səbəbdən də onların çoxu müharibə istəmir, orduya övlad verməkdən imtina edir, ölkənin acınacaqlı vəziyyəti haqqında acıq-aşkar bəyanatlar səsləndirirlər. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır və bu səbəbdən ATƏT-in, beynəlxalq təşkilatların vasitəçiliyindən, hər hansı görüşlərdən imtina etmir. Ancaq bu görüşlər səmərəli olmalı, münaqişənin gələcək həlli üçün imkanlar yaratmalıdır. Əks təqdirdə, hərbi yolun seçilməsi qaçılmazdır. Bunu erməni xalqı və rəhbərləri yaxşı anlamalıdırlar”.

tahirrr

aydinnn

ELDENİZ-QARDAS

AYDIN MİRZƏZADƏ: Ehtiyat edirəm ki, Ermənistan müəyyən müddətdən sonra bu öhdəliyindən də imtina edə…

Millət vəkili, politoloq Aydın Mirzəzadə öncə qeyd edib ki, Azərbaycan öz qətiyyətli mövqeyi və addımları ilə Ermənistanı əvvəlki mövqeyindən geri çəkilməyə məcbur etdi.

“Ermənistan təkid edirdi və hər vəchlə çalışırdı ki, danışıqlar Azərbaycanla onun işğal etdiyi zona arasında keçirilsin. Ancaq Azərbaycan qətiyyəti Ermənistanı sonda məcbur etdi ki, yenidən danışıqlar stolu arxasında əyləşsin. İkincisi, yeni hakimiyyət sosial məsələlər dalğasında hakimiyyətə gəldiyinə görə əhaslinin sosial durumunu yaxşlaşdırılmalıdır. Amma artıq yeni hökumət onu da yaxşı dərk edir ki, Qağlıq Qarabağ problemini həll etmədən bu, mümkün deyil. Ona görə də Dağlıq Qarabağ problemini istənilən formada həll etməlidir. Üçüncüsü, Moskva danışıqlarının hələlik elan edilən nəticəsi bundan ibarətdir ki, müəyyən humanitar əlaqələr bərpa ediləcək. Bu, əsirlikdə və həbsdə olan Azərbaycan və Ermənistan vətəndaşlarının yaxınlarının qarşılıqlı surətdə onları ziyarət etməsidir. Bu, hər iki ölkə rəsmilərinin, ziyalılarının, jurnalistlərinin müəyyən məhdud sayda qarşılıqlı şəkildə səfər etməsidir. Mən ehtiyat edirəm ki, Ermənistan müəyyən müddətdən sonra bu öhdəliyindən də imtina edə. Ona görə ki, Azərbaycandan fərqli olaraq, Ermənistanın Azərbaycan nümayəndələrinə göstərməyə heç nəyi yoxdur.

Ermənistan jurnalistləri və yaxud, övladları ölkəmizdə həbsdə olan erməni valideynləri Azərbaycan gələrkən burada inkişaf etmiş ölkə, stabillik, abad şəhərlər, müasir tələblərə cavab verən kommunikasiya, gələcəyə ümid, Azərbaycan xalqının qətiyyətini görəcəklər. Hansı ki, bunların heç biri Ermənistanda yoxdur. Bunlar o ruhu Ermənistan cəmiyyətinə aparacaqlar, gördüklərini danışacaqlar. Rəsmi erməni mətbuatı təbii ki, bunları verməyəcək, amma istər-istəməz mətbəx söhbətləri, siyasi söhbətlər, qonşu söhbətləri Azərbaycan həqiqətlərini Ermənistana cəmiyyətinə çatdıracaq. Mümkündür ki, müəyyən dövrdən sonra Ermənistan bunun qarşısını almaq üçün bu əlaqələrdən imtina etsin. Eyni zamanda vacib bir məqam odur ki, Azərbaycan rəsmiləri danışıqlar barədə vaxtaşırı Azərbaycan cəmiyyətini məlumatlandırır. Cənab prezident Azərbaycanın mövqeyi və danışıqların gedişatı barədə vaxtaşırı ictimaiyyəti məlumatlandırır. Digər tərəfdən yaxşıdır ki, Azərbaycan ictimaiyyəti hər zaman Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayır. Bu onu göstərir ki, Dağlıq Qarabağ məsələsi bir qrupu narahat edən məsələ deyil, bu, on milyonu narahat edən bir məsələdir. Bu qətiyyətimizlə, bu birliyimizlə də problemi həll etməyimiz mütləq mümkün olacaq”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

ELDƏNİZ SƏLİMOV: İndiyə kimi keçirilən saysız-hesabsız görüşlər heç bir uğurlu nəticəsi ilə yadda qalmayıb

Digər millət vəkili Eldəniz Səlimov isə Moskva danışıqlarının münaqişənin həllində hansısa ümüdverici nəticələr doğurmayacağı qənaətindədir.

Millət vəkili bu görüşü də sıradan bir görüş hesab edir, çünki indiyə kimi keçirilən saysız-hesabsız görüşlər heç bir uğurlu nəticəsi ilə yadda qalmayıb:

“Azərbaycan-Ermənistan münaqişəsinin, Qarabağ probleminin başlanmasında 31 ildən artıq bir  vaxt keçir. Həmçinin, bu ilin may ayında atəşkəs razılaşmasının, Bişkek razılaşmasının 25 ili tamam olur. Bununla yanaşı, ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransanın həmsədrlik etməsindən 22 il ötür. Ancaq bütün bunlara baxmayaraq, bu illər ərzində münaqişənin müsbət və ədalətli həlii yolunda heç nə əldə etmək mümkün olmayıb. Nə işğalçı və təcazüvkar dövlət, nə də həmsədrlər heç bir əməli fəaliyyət ortaya qoymayıb. Dəfələrlə ölkə prezidentləri, xarici işlər nazirləri və digər səviyyələrdə baş tutan görüşlərdə  heç bir müsbət nəticə əldə olunmayıb. Bütün hallarda Ermənistan irəli sürülən təklifləri lazımı səviyyədə dəyərləndirməyib və torpaqlarımızın azad olunması ilə bağlı danışıqları pozub.

Bu yaxınlarda iki ölkə rəhbərinin görüşü zamanı müəyyən irəliləyiş əldə olunsa da, heç kim Paşinyanın nə danışıqlarına, nə də hərəkətlərinə inanmaq istəmir. Çünki o hələ bilmir kimə qulaq assın. Xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərin, ziyalıların birgə Bakı-İrəvan-Xankəndi səfərləri haqqında qərar qəbul edilməsi də növbəti tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Nəhəng siyasətçilərin çalışmaları bir nəticə verməyib. Bu baxımdan, jurnalistlərin, ziyalıların qarşılıqlı səfərləri də ümidli nəticə vəd etmir. Odur ki, münaqişənin həllinin, torpaqlarımızın işğaldan azad olunmasının yalnız möhtərəm prezidentimizin, Ali Baş Komandanımız İlham Əliyevin səyi nəticəsində baş verəcəyinə inanırıq”.

Etikxeber.az

Read Previous

“Ermənistanı “3+2″ formatındakı bəyanatlara qoşulmağa dəvət edirik” – XİN

Read Next

Sabah əsl qış havası olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir