“Mövcud mənzərə Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini sual altına almaqla, Ermənistanın özünün dövlət kimi xəritədən silinməsi üçün əsas yaradır…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Ermənistanın işğal dövründə xalqımızın mülkiyyətini talaması və yaşayış məntəqələrini, o cümlədən mədəni-tarixi abidələrini məhv edərək törətdiyi vandalizm faktlarını dünyaya bəyan etmək məqsədi ilə xidməti fəaliyyətini yerinə yetirən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, o cümlədən Kəlbəcər RİH-nin vəzifəli şəxsinin avtobusda tank əleyhinə minaya düşərək həlak olması, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alması bizi kədərə boğmaqla bərabər təəssüf və hiddət doğurur.

Allahdan həlak olanlara rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa arzu edirəm.

Heç şübhəsiz ki, hadisəyə görə Ermənistanla bərabər, bu təcavüzkar ölkənin əməllərinə haqq qazandıran, ona müxtəlif formada dəstək verən bütün mürtəce güclər, o cümlədən minalanmış ərazilərin xəritəsinin verilməməsinə görə təsir imkanı olsa da hərəkətsizlik göstərən bütün tərəflər məsuliyyət daşıyır.

Aralarında ATƏT-in Minsk qrupunun həmsədri də olmaqla, bir sıra dövlət və təsisatlar tərəfindən erməni terrorçu və diversantların, o cümlədən bir neçə gün öncə gecə vaxtı sərhəddi keçərək yenidən ərazilərimizdə minalanma həyata keçirmək istəyən terrorçuların müdafiəsinə sərf edilən cəhd və səylərin az bir hissəsi kifayət edərdi ki, işğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin xəritəsi Azərbaycan tərəfinə təqdim edilsin. Əminliklə demək olar ki, baş verənlər terror hadisəsi, müşahidə edilən məlum yanaşma isə terrora dəstəkdir.

Təəssüf ki, bu cür qərəzli və vicdansız yanaşma, o cümlədən, Ermənistan dövlətinin Beynəlxalq humanitar hüquqa əhəmiyyət verməməsi, 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirməsi regionda belə insidentlərin yenidən təkrarlanmasına, mülki insanların tələfatının davam etməsinə zəmin yaradır, insanların yaşamaq və layiqli həyat şəraiti hüququnun realizəsinə imkan vermir.

Təbii ki, mövcud mənzərə Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini sual altına almaqla, Ermənistanın özünün dövlət kimi xəritədən silinməsi üçün əsas yaradır. Hesab edirəm ki, baş verən hadisə beynəlxalq insan hüquq müdafiə təsisatları və media təşkilatları üçün bir imkandır və həmin təşkilatlar media mənsublarımızın faciəli şəkildə həlak olmasını və Ermənistanın humanitar cinayətlərini kəskin formada pisləyərək bəşəri dəyərlərinin müdafiəsi ilə məşğul olduqlarını sübut etməlidirlər. O cümlədən beynəlxalq ictimaiyyət Ermənistan və onun havadarlarından mülki insanları hədəfə alan terror siyasətinə son qoymağı tələb etməlidir.

Məlumdur ki, artıq Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ikinci dövlətlərarası şikayəti göndərmişik.

Sirr deyil ki, bu günə qədər İHAM Azərbaycanla bağlı kafi sayda siyasi məram daşıyan şikayətlərə təxirə salmadan qısa zaman ərzində baxıb.

Avropa hüquq məkanının tam hüquqlu üzvü kimi inanmaq istəyirik ki, Avropa Məhkəməsi bu məsələyə də ən azı ölkə daxili siyasi proseslərdə nümayiş etdirdiyi qədər çeviklik və həssaslıq göstərəcək.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ermənistandan beynəlxalq hüquqla bağlı öhdəliklərini yerinə yetirməsini tələb edirik”-XİN RƏSMİSİ

Read Next

“Bu markalı benzinlərin bahalaşması orta təbəqənin gəlirlərinə və ya ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək”-MİLLƏT VƏKİLİ BELƏ DÜŞÜNÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir