“Mövcud qanun işləmədi, yenisinə ehtiyac yarandı…” – ELDAR İBRAHİMOV

Aqrar sığorta ilə bağlı yeni qanun layihəsi gəlir

Eldar İbrahimov: “Sığorta məsələlərinin çox aktiv şəkildə gündəmə gəldiyi bir dövrdə belə bir sənədin müzakirələrdən keçirilərək, qəbuluna ciddi ehtiyac var

“Aqrar sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb.

Etikxeber.az  xəbər verir ki,  bu haqda mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov deyib.

Komitə sədri qeyd edib ki, qanun layihəsi aprelin 26-da MM-in Aqrar siyasət, həmçinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq:

meclis-4

“Qeyd edim ki, hələ təxminən 18 il öncə, ikinci çağırış parlament dövründə belə bir qanun qəbul etmişdik. Ancaq çox təəssüflər olsun ki, ötən illər ərzində obyektiv və subyektiv səbəblər üzündən bu qanun işləmədi, aidiyyatı qurumlar bu qanunun işləkliyini, icrasını təmin edə bilmədilər. Hansı ki, belə bir qanunun icrası və işləkliyi çox vacib idi, bu, aqrar sektorun, kənd təsərrüfatının inkişafına töhfələr verə, sığorta məsələləri tənzimlənə bilərdi. Lakin dediyim kimi, bunlar olmadı. Odur ki, Kənd Təsərrüfatı Nazirliyi bu yöndə yeni qanun layihəsi hazırladı və Prezident Administrasiyasının müvafiq şöbəsinə təqdim etdi. Artıq nəticədə də aqrar sığorta ilə bağlı yeni qanun layihəsi müzakirələrə təqdim edildi.

Hesab edirəm ki, belə bir qanun layihəsinə, xüsusilə də, sığorta məsələlərinin çox aktiv şəkildə gündəmə gəldiyi bir dövrdə belə bir sənədin müzakirələrdən keçirilərək, qəbuluna ciddi ehtiyac var. Sabah, aprelin 26-da bizim komitədə, eləcə də, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu sənəd birinci oxunuşda geniş müzakirələrdən keçirilərək, növbəti plenar iclasın gündəliyinə təqdim, tövsiyə olunacaq.  Bu baxımdan, belə hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi və qəbulu sahibkarlar və fermerlər üçün çox əhəmiyyətli olacaq, bütövlükdə ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verə biləcək”.

eldar-3

vahid-kamil-2

ELDENİZ-QARDAS

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da belə bir qanun layihəsinin onlara daxil olduğunu, həm üzvü olduğu, həm də Arqrar siyasət komitəsində müzakirəyə çıxarılmasının nəzərdə tutulduğunu bildirib: “Aqrar sığorta haqqında” qanun layihəsi çox ciddi sənəddir. Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar faktiki pis vəziyyətdə qalırlar. Onu da deyim ki, məşğul əhalinin 38%-i kənd təsərrüfatı ilə məşğuldur.  Bu baxımdan, hesab edirəm ki, bu qanun qəbul edilsə, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq, onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər”.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində hesab edir ki, aqrar sığorta ilə bağlı yeni qanun layihəsinin müzakirəsi və qəbulu olduqca zəruri və vacibdir: “Belə bir sənədin müzakirəsi və qəbuluna çoxdan ehtiyac duyulurdu. Çünki mövcud qanun işləmirdi və bu, kənd təsərrüfatında sığorta məsələlərində ciddi problemlər yaradırdı. Bu baxımdan, yeni qanun layihəsinin müzakirələrə təqdim olunması çox əlamətdar və sevindirici haldır. Bu gün dünyada ən işlək mexanizmlərdən, sistemlərdən biri məhz sığorta sistemidir. İstər dövlət, istərsə də özəl sığorta qurumları çox intensiv və aktiv şəkildə fəaliyyət göstərirlər. Ancaq təəssüflər olsun ki, bizdə sığorta sistemi, sığorta bazarı (avtomobil sığortasını çıxmaqla) o qədər də ürəkaçan vəziyyətdə deyil. Ona görə bu sistemin, bu bazarın güclənməsinə, işləkliyinə ehtiyac var. “Diqlas”da yaşanan hadisədən sonra bu məsələ bir daha özünü aktual şəkildə gündəmə daşıdı. Dövlət başçısı özü də bu məsələnin vacibliyinə diqqət çəkdi, sığorta məsələsinin önəmliyini vurğuladı. Odur ki, belə olan şəraitdə aqrar sektorla bağlı sığorta məsələsinin də gündəmə gəlməsi, yeni qanun layihəsinin hazırlanması və müzakirələrə çıxarılması çox əhəmiyyətli və önəmli bir məsələdir. Bu qanun layihəsi müzakirələrdən keçirilib, qəbul olunacağı təqdirdə, mütləq şəkildə öz müsbət nəticələrini ortaya qoyacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı oldu – FOTOLAR

Read Next

İlham Əliyev “Huawei” və “China Poly Group”-un sədri ilə görüşdü – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir