“Məntəqələrin 96 faizində səsvermənin gedişinə kölgə sala biləcək pozuntu baş verməyib” – MƏZAHİR PƏNAHOV – MSK SEÇKİLƏRƏ YEKUN VURDU – (14)

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

Etikxeber.az məlumat verir ki, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Məlumata görə, MSK parlament seçkilərinin nəticələrinə bu gün yekun vuracaq.

Həmçinin, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlər Konstitusiya məhkəməsinə təqdim ediləcək.

Konstitusiya Məhkəməsi isə 10 gün ərzində seçkilərin yekunlarını və nəticələrini yoxlayacaq.

***

 İclasda 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Gülməmməd Abdullazadənin müraciətinə baxılıb.

Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, araşdırma nəticəsində 34 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

***

73 saylı Lənkəran şəhər Seçki Dairəsi üzrə daxil olmuş yeganə şikayətə də baxılıb.

Şikayətçi Müsavat Partiyasının üzvü, deputatlığa qeydə alınmış bitərəf namizəd Yadigar Sadıqlıdır.

O, Dairə Seçki Komissiyasına (DSK) bundan öncə şikayət ünvanladığını və komissiyanın qərarından razı qalmadığını ifadə edib. Y. Sadıqlı həmçinin çoxsaylı qanun pozuntularının qeydə alındığı iddiası ilə şikayətini ünvanlayıb.

Müraciəti araşdıran MSK üzvü deyib ki, DSK şikayətdə göstərilən halları araşdırıb, müvafiq qərar qəbul edib. Araşdırma zamanı Y. Sadıqlının şikayətində qeyd etdiyi məqamlar öz təsdiqini tapmayıb.

Bununla da MSK-nın ekspert qrupunun rəyi ilə təklif təsdiq edilib. Namizədin şikayəti təmin edilməyib.

Qeyd edək ki, 73 saylı Seçki Dairəsindən lider namizəd Rüfət Quliyevdir.

***

Həmçinin, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb. 

Bu barədə MSK üzvü  İlkin Şahbazov məlumat verib. 

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”. 

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.

Həmin dairədə lider namizəd Şahin Seyidzadədir.

***

 Sonra iclasda 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə namizədlərin müraicətinə baxılıb.

İ. Şahbazov qeyd edib ki, dairə üzrə namizədliyi qeydə alınmış Əlirza Kərimli və digərlərinin müraciəti araşdırılıb.

Yoxlamalar zamanı namizədlərin şikayətlərinin əsassız olduğu təsdiqlənib. MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə şikayət təmin edilməyib.

İclasda eyni zamanda, 22 saylı Nəsimi ikinci Seçki Dairəsindən deputatlığa namizəd Turqut Qəmbərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Turqut Qəmbər keçmiş spiker İsa Qəmbərin oğludur.

Həmin dairənin lider namizədi Asim Mollazadədir.

***

 İclasda 110 saylı Zaqatala Seçki dairəsindən Nurlana Cəlil və Fariz Həsənlinin müraciətinə baxılıb. 

Bu barədə MSK üzvü Bəxşeyş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, müraciətlər eyni məzmunda olduğundan bir icraatda birləşdirilib: “Araşdırma nəticəsində yalnız 1 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar aşkarlanıb. 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”. 

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, həmin dairə üzrə 24 saylı seçki məntəqəsində də seçki günü qanun pozuntuları aşkarlanıb: “Ona görə də təklif edirəm ki, həmin məntəqədə də səsvermənin nəticələri etibarsız sayılsın”. 

MSK müraciəti müzakirəyə çıxarıb və 24 və 26 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

Həmin dairənin lider namizədi millət vəkili Elşən Musayevdir.

***

İclas zamanı 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb.

Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tamam Cəfərovadır.

***

İclasda bununla yanaşı, 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin şikayətlərinə baxılıb. 

Bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, araşdırma nəticəsində həmin dairənin 4 və 6 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb, 4 və 6 saylı seçki mıəntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

***

İclasda 93 saylı Bərdə şəhər Seçki Dairəsindən müraciətlərə baxılıb.

T. Həsəno qeyd edib ki, şikayətçi həmin dairədən qeydə alınmış deputatlığa namizəd Ərəstun Baxşaliyevdir.

Namizəd seçki dairəsi üzrə pozuntuların qeydə alındığını iddia edərək, səsvermə nəticələrinin ləğv olunmasını xahiş edib.

MSK üzvünün araşdırması nəticəsində iddiaların əsassız olduğu aşkarlanıb.

T. Həsənovun təklifi, MSK-nın ekspert qrupunun rəyi ilə namizədin şikayəti təmin edilməyib.

Qeyd edək ki, həmin dairədən lider namizəd Fatma Yıldırımdır.

***

İclasda 16 saylı Yasamal İkinci Seçki dairəsindən lider namizəd Erkin Qədirlinin və onun səlahiyyətli nümayəndəsinin müraciətinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, E. Qədirli müraciətində 1, 4, 11, 13, 21, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyini bildirib: “Buna görə də o, həmin 8 məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsini istəyir. Qeyd edilən məsələlərlə bağlı aparılan araşdırma nəticəsində isə müraciətdə qeyd edilən hallar təsdiqini tapmayıb. Buna görə də təklif edirəm ki, Erkin Qədirlinin müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və E. Qədirlinin müraciətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

***

İclasda 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.

A. Muxtarova bildirib ki, namizəd M. Hüseynov müraciətində qeyd edib ki, həmin dairə üzrə bir neçə seçki məntəqəsində qanun pozuntuları baş verib: “Namizəd müraciətinə 25 ədəd protokol, 12 məntəqə üzrə videogörüntülər və bir neçə akt təqdim edib. Təqdim edilən 25 protokolda seçicilərin iradəsinə təsir edəcək hər hansı hal müşahidə edilməyib. Təqdim edilən videogörüntülərə baxış keçirərkən yalnız 13 və 26 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hal aşkarlanıb. Ona görə də təklif edirəm ki, bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səs qoyularaq qəbul edilib.

***

Azərbaycanda 87 seçki məntəqəsi və məntəqə seçki komissiyaları buraxılıb.

Bunu da A. Muxtarova deyib.

A. Muxtarova bildirib ki, həmin məntəqələr 9 fevral MM-ə keçirilən seçkilər zamanı yol verdikləri nöqsanlara görə buraxılıb.

***

Qeyd edək ki, MSK seçkilərdə dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədləri yoxlamağa başlayıb.

Təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib. 

A.Muxtarova bildirib ki, 11 saylı Qaradağ Seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13, 20 saylı, 101 Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. 

Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

***

“96 % seçki məntəqəsində səsvermənin gedişinə kölgə sala biləcəkm hansısa pozuntu baş verməyib”. 

Bunu da öz növbəsində MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu, yüksək göstəricidir:

“Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub. Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.

***

İclasın sonunda MM-ə seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi və MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Etikxeber.az

Read Previous

Ərdoğanın səfəri-BAŞA ÇATDI – FOTOLAR

Read Next

Türk Dünyasının tanınmış sənətçiləri, şairləri, aydınları Xocalı üçün – OXUDU – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir