“MTN əməkdaşlarının şirkətə gəldiklərini və Miryusif müəllimi aparıldıqlarını eşitdim…” – ŞAHİD

Noyabrın 15-də  Bakı Ağır Cinayətlər Məhkəməsində , hakim Əfqan Hacıyevin sədrliyi ilə Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə vəkillər əlavə şahid qismində bir neçə şahidin məhkəmə zalında ifadə verməsi barədə vəsatət qaldırıblar.

Etikxeber.az məlumat verir ki, hakim bildirib ki, əsas şahidlərin ifadələri başa çatıb, lakin hazırda bir zərərçəkmiş qalıb: “Onu dindirəndən sonra əlavə şahidlər ifadə verə bilər. Buna görə də vəsatət qismən təmin edilsin”.

Əlavə şahid qismində Mənsur Hüseynov ifadə verib. O, “Global Construction” MMC-də 2013-cü ildən baş mühəndis işlədiyini deyib: “Hazırda işsizəm. Binəqədi rayonunda yanğın baş verən binanın üzlənməsi zamanı orada çalışırdım. Layhələr götürüləndən sonra rəhbərlər arasında müzakirələr aparılırdı. Mən göstərişi inşaat rəhbəri Toğrul Məmmədovdan alırdım. Direktorumuz isə İlqar Məmmədov idi”.

Onun sözlərinə görə, çalışdığı şirkətdə inşaat işi üçün mütəxəssislər cəlb olunurdu. M.Hüseynov hadisə baş verən günü sahədə olduğunu bildirib: “Yanğından təqribən 1 saat sonra MTN əməkdaşlarının şirkətə gəldiklərini və Miryusif müəllimi aparıldıqlarını eşitdim”.

O, təqsirləndirilən şəxslərdən bir neçəsini tanıdığını deyib.

Daha sonra zərərçəkmiş İlqar Məmmədov dindirilib. O, yanğın baş verən binada Notarius konturunda çalışdığını deyib: “İstintaqa verdiyim ifadəni təsdiqləyirəm. Binadan tüstü qalxdı, bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verdim. Daha sonra bina alışdı. Yanğından 20-25 dəqiqə sonra FHN əməkdaşları gəldilər. Hadisədən əvvəl binanın ətrafında şübhəli şəxs görməmişəm”.

Zərərçəkmiş hadisə zamanı binadan özünü atan şəxsi görmədiyini deyib: “Lakin yerdə kiminsə uzandığı anına şahidlik etmişəm. Binaya vurulan sular isə bizim kontorun içərisinə doldu”.

Digər əlavə şahid Zahir Əliyev ifədə verib. O, 2008-ci ildən “Global Construction” MMC-də çalışdığını söyləyib. Z.Əliyev bildirib ki, hadisə baş verən binanın üzlənməsi zamanı sahə rəisinin köməkçisi kimi işləyib.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Etikxeber.az

Read Previous

Yetkinlik yaşına çatmayanlarla bağlı qanunda da dəyişikliklər edilir

Read Next

Deputatlar hakimlər və vəkillərin sayının artırılmasını təklif etdilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir