“Müəyyən çətinliklər olacaq, amma…” – HADİ RƏCƏBLİ – VİDEO

“Bu gün Azərbaycan özünü 100 faiz ət və toyuq məhsulları ilə təmin edir…”

Etikxeber.az  Milli Məclisin (MM) Əmək və  sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin “İki sahil” qəzetinə müsahibəsini təqdim edir:

– Hadi müəllim, ilk olaraq istərdik son illərdə ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və onların nəticələrindən danışasınız…

– Hər  kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə hökm sürən sabitlik ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün əsası Ümummilli Lider tərəfindən qoyulan bu sabitlik fonunda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən balanslaşdırılmış, çoxşaxəli, dünyəvi, yüksək sosial-siyasi texnologiyalarla zəngin olan dövlət quruculuğu modeli həyata keçirilir. Təbii ki, bu modelin təməlində də Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur. Son illərin, başqa sözlə desək, postneft dövrünün sərəncam və qərarlarına diqqət yetirsək görərik ki, ölkə başçısının qarşısında duran əsas hədəf Azərbaycan vətəndaşının işlə təmin olunmasıdır. Bunun üçün ölkədə kiçik və orta sahibkarlığa dəstək məqsədilə işlər görüldü. Son iki ildə dövlət tərəfindən aparılan yoxlamaların nəticəsində xeyli  rüşvətxorluq və korrupsiya hallarının qarşısı alındı. Ölkəmiz əmək ehtiyatları ilə zəngin olduğundan yeni iş yerlərinin yaradılması ideyası ortaya qoyuldu və bu sahədə ardıcıl işlər görüldü. Əlbəttə, vətəndaşın işlə təmin olunması ilə paralel olaraq  ölkəyə valyuta axınını sürətləndirmək də əsas hədəflərdəndir. Bu mənada yerli məhsullarımızın dünyaya ixrac olunması, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də  idxaldan asılılığın minimuma endirilməsi kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

– Bildiyiniz kimi, ötən ay dövlət başçısı bir sıra regiona səfər etdi. Bu səfərləri necə xarakterizə edərdiniz?

– Bəli, bu yaxınlarda ölkəmizin başçısı cənab İlham Əliyev müxtəlif regionlarda səfərdə oldu. Maraqlı məqam ondan ibarətdir ki, ölkə başçısı hər bir regionun malik olduğu iqlim və şəraiti nəzərə alaraq həmin rayonlarda görüləcək işi dəqiqliklə planlaşdırmışdı. Bildiyiniz kimi, Saatlı rayonunda pambıqçılığın inkişafına dair müşavirə keçirildi. Ən birinci məqsəd pambıqçılığın inkişaf etdirilməsi, bununla da ölkədə on minlərlə yeni iş yerlərinin yaradılması, eləcə də ixracı artırmaq idi.  Cənab Prezident bildirdi ki, 2020-ci ilə qədər Azərbaycanda pambıq istehsalı maksimum səviyyəyə çatdırılmalıdır. Bunun nəticəsində də ölkədə 200 mindən çox adam işlə təmin olunacaq.

Daha sonra dövlət başçısı Qaxda səfərdə oldu. Burada keçirilən müşavirənin əsas məqsədi fındıqçılığın və tütünçülüyün inkişafı ilə bağlı idi. Azərbaycanın ixrac məhsullarında fındıq önəmli yer tutur. Qaxda keçirilən müşavirənin məqsədlərindən biri  məhz bu oldu ki, xaricdə böyük tələbat duyulan bu cür məhsulların istehsalı daha da artırılmalıdır. Qeyd olundu ki, son iki-üç il ərzində ölkədə fındıq əkini beş dəfə artıb. Bundan sonra fındıqçılığın daha da inkişaf etdirilməsi və bu sahədə idxalın minimuma endirilməsi istiqamətində xeyli işlər görüləcək.

– Bu mənada Lənkəranda keçirilən müşavirəyə də diqqət çəkək. Xüsusilə sitrus meyvələrinin, çayçılığın və çəltikçiliyin inkişafı diqqətə çatdırıldı…

-Tamamilə doğrudur. Sentyabrın 3-də Lənkəranda keçirilən müşavirədə çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin inkişafından bəhs olundu. Bilirsiniz ki, Azərbaycan düyü məhsullarından çox istifadə edən ölkədir. Hələ ki ölkəmizin istehlak elədiyi düyü məhsulları, istehsal etdiyindən 20 dəfə çoxdur. Bildirildi ki, bundan  sonra Azərbaycanda əhalinin  düyüyə olan tələbatı yerli istehsal hesabına ödənməlidir. Bu gün, həmçinin sitrus meyvələri və çay məhsullarının da idxalı çoxdur. Qarşıya qoyulan əsas məqsəd bu sahələrdə də ixracın artırılmasına nail olmaqdır. Bunun nəticəsində isə ölkəyə gələn vəsaitin həcminin daha da artırılması, insanların işlə təmin olunması məsələsinin həll olunması vacibdir. Fakt üçün qeyd edim ki, bu gün Azərbaycan özünü 100 faiz ət və toyuq məhsulları ilə təmin edir.

– Hadi müəllim, bu gün ölkəmizdə “Bilik Günü”dür. Ötən həftə dövlətimizin başçısı əsaslı təmir və yenidənqurmadan sonra xeyli sayda məktəbdə yaradılan şəraitlə tanış oldu. Cənab Prezidentin  təhsilin inkişafına diqqət və qayğısını necə şərh edərdiniz?

– Dövlət başçısı cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın son 14 ildə Azərbaycanda apardıqları ardıcıl siyasətin mahiyyətində yenə də Azərbaycan vətəndaşı ilə yanaşı, onun təhsil məsələsi xüsusi yer tutur. Tez-tez yeni məktəblərin açılışına şahid oluruq. Eyni zamanda, ali təhsilin inkişafına yönələn addımlar da qiymətləndirilməlidir. Təbii ki, baş məqsəd təhsilin keyfiyyətidir. Dünyada gedən proseslərə baxanda görürük ki, bir çox inkişaf etmiş ölkələrin heç bir  təbii ehtiyatları yoxdur. Bu ölkələrdə dövlətin sahib olduğu şey məhz onun savadlı kadrlarıdır. Məsələn, Yaponiyanın inkişafını bütün dünya təhlil edir. Bu ölkənin inkişafının birinci səbəbi elmə və təhsilə olan münasibət, ikinci səbəbi isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir. Bu, Azərbaycan üçün də örnək elementlərdir. Tikilən tədris müəssisələri göstərir ki, ölkədə maddi-texniki baza yüksək səviyyədə inkişaf edib. Nümunə üçün demək istəyirəm ki, Moskvanın tanınmış təhsil mərkəzlərinin Bakıda filialları yaradılıb. Çünki onlar etibar edirlər ki, Azərbaycanda təhsilə qoyulan yatırım özünü doğruldacaq.

– Yaxın günlərdə Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Rəhbərlik etdiyiniz Əmək və  sosial siyasət komitəsi sessiyada hansı qanun layihələri ilə çıxış edəcək?

– Sentyabrın 19-da Milli Məclisin  Əmək və əhalinin sosial siyasət komitəsi tütün məhsullarının istehlakını azaltmaq haqqındakı qanun layihəsini üçüncü oxunuşda parlamentin müzakirəsinə təqdim edəcək. Bu qanun layihəsini hazırlamaq üçün yeddi ölkənin qanun layihəsindən nümunələrə baxmışıq, müqayisə aparmışıq. Rusiya, Türkiyə kimi ölkələrin təcrübəsini öyrənmişik. Qənaətə gəlmişik ki, siqaret çəkilməsinin qarşısının alınmasının iki vacib yolu var: birincisi, ailədə uşaq vaxtından siqaretin çəkilməsinin qarşısının  alınması istiqamətində işlər görülməlidir, ikincisi isə məktəblər bu məsələdə olduqca diqqətli olmalıdır və problemə həssas yanaşmalıdır. Bu qanunda nəzərdə tutulan ən vacib məsələ dövlət müəssisələrində, ictimai iaşə müəssisələrində, ümumiyyətlə, qapalı yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsidir. Doğrudur, bunun həyata keçirilməsində müəyyən çətinliklər olacaq, amma inanırıq ki, qanunun tətbiqinə nail olacağıq.

Digər qanun layihəsi isə turizmin ölkəmizdə daha da inkişaf etdirilməsi haqqındadır. Bildiyiniz kimi, ölkəyə gələn turistlərin sayı xeyli artıb. Bizim malik olduğumuz əlverişli təbii coğrafi şərait imkan verir ki, dünyada turizm ölkəsi kimi tanınaq. Turizm haqqında qanun  layihəsini ikinci oxunuşda təqdim edəcəyik. Bu qanun layihəsinin hazırlanmasında da dünya təcrübəsindən yararlanmışıq. İnanırıq ki, sanballı, müddəaları çox olan bu qanun layihəsi də qəbul ediləcək və ölkəmizdə bu sahənin inkişafına töhfələrini verəcək. Eyni zamanda, hər il payız sessiyasında büdcəni təsdiq edirik. Əmək və sosial siyasət komitəsi olaraq çalışırıq ki, büdcədən Azərbaycan vətəndaşının mənafeyinə xidmət edən məqsədlər üçün istifadə olunsun.

Etikxeber.az

Read Previous

“Bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki…” – BƏXTİYAR ƏLİYEV

Read Next

Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri ilə görüşdü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir