“Müharibə başlayan gün yenə əlində kitab oxuyurmuş…Dostları deyib ki, ay Tural, müharibəyə gedirik ey…O da qayıdıb deyib ki, nə olsun, müharibə olanda kitab oxumaq lazım deyil?…”-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU TURAL ABDULLAYEVİN ANASI İRADƏ ABDULLAYEVA – FOTOLAR

“Tural kitabı, mütaliəni dəhşətli dərəcədə sevirdi…Heç zaman əlindən kitab düşməzdi…Hətta yolla, küçə ilə gedəndə yerdə qəzet görsəydi, onu da götürüb oxuyardı…Kimsə onun oxuduğu kitabın bir vərəqini belə qatlaya, cıza bilməzdi…Kitaba o dərəcədə sevgisi, məhəbbəti, həssaslığı var idi…Müharibə başlayan gün yenə əlində kitab oxuyurmuş…Dostları deyib ki, ay Tural, müharibəyə gedirik ey…O da qayıdıb deyib ki, nə olsun, müharibə olanda kitab oxumaq lazım deyil?…”

Bu sözləri bu gün-3 aprel 2026-cı il tarixində əslən LaçınXocalılı, özü isə Bakının Xəzər rayonunun Binə qəsəbəsindən olan İkinci Vətən Müharibəsi Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı Tural Şakir oğlu Abdullayevin ailəsini, ocağını ziyarət edərkən anası İradə xanım, İradə Abdullayeva dilə gətirib.

Qeyd edim ki, Vətəpərvər ziyalalar-Araz Məmmədov və Hüseyn Xudatovla bu gün günorta saatlarında Şəhidimizin valideynlərini-anası İradə xanımı və atası-Birinci Qarabağ Savaşının iştirakçısı, Şəhid qardaşı Şakir Abdullayevi ziyarət etdik…

Öncə Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Təxminən saat yarım çəkən ziyarətimiz zamanı Şəhidimiz Qəhrəman valideynləri ilə söhbətləşdik, dərdləşdik, Tural Abdullayevin cəmi 30 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yoluna nəzər saldıq…

Təsirləndik, duyğulandıq, kövrəldik…

İradə xanımın dediklərindən:

“Tural çox sakit təbiətli uşaq idi…Çox az danışardı…Daha çox kitab oxuyar, mütaliə edərdi…Hər kəsə də məsləhət edərdi ki, telefondan əl çəksin, kitab oxusun…Tural Şəhid olandan sonra evimizi, balamın ocağını ziyarət edənlər arasında xeyli kitab gətirənləri var…İnanın, onları ən qiymətli, ən dəyərli hədiyyələr hesab edirəm…Çünki Turalım kitabı çox sevirdi, kitaba çox bağılıydı…”

Onu da qeyd edim ki, əslən Lacınlı, Əriklidən olan Tural Abdullayev 1990-cı ilin 26 fevral tarixində Xocalıda dünyaya gəlib…

Doğum günü də Xocalı soyqırımı gününə təsadüf etdiyi üçün heç zaman qeyd etməyib…

Ailənin üç övladından biri, evin tək və subay oğlu, iki bacının tək qardaşı olub…

Xocalıdan məcburi köçkün düşdükləri üçün Bakıya, Binə qəsəbəsinə pənah gətirib, orada yaşayıblar…

Orta məktəbə də Binə qəsəbəsində gedib…

18 yaşını tamamladıqdan sonra-2008-ci ildə həqiqi hərbi xidmətə gedib və elə o vaxtdan da həyatını hərb ilə bağlayıb…

Daxili İşlər Nazirliyinin-Daxili Qoşunların Xüsusi Təyinatlılarından olub…

Baş çavuş hərbi rütbəsini daşıyıb…

Bir vətən sevalısı, bir Qarabağlı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Müharibənin 4-cü günündə-sentyabrın 30-da Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi bir gün sonra-oktyabrın 1-də Binə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…

Binə qəsəbəsində adını daşıyan küçə var…

Eyni zamanda, Xocalı məktəblərindən birinə Onun adı verilib…

Ziyarətimizi başa vurduqdan sonra Binə Şəhidlər Xiyabanına üz tutduq…

Həm Turalın, həm də Binəli Şəhidlərimizin məzarlarını ziyarət və ruhlarına dualar etdik…

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Tək oğlum Vətən yolunda özünü fəda etdi, Şəhid oldu…Həyat yoldaşım da oğlumuzun yoxluğuna dözə bilmədi…Həm oğlumu, həm də həyat yoldaşı itirdim…”-SUMQAYITLI APREL DÖYÜŞLƏRİ ŞƏHİDİ, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU RƏŞİD BAXŞƏLİYEVİN ANASI ÇİMNAZ BAXŞƏLİYEVA – FOTOLAR

Read Next

“Həm tək oğlumu, həm də kürəkənimi itirdim…İkisi də Vətən yolunda Şəhid oldu…”-SABAH-5 APREL 2026-CI İL TARİXİNDƏ CƏNNƏTDƏKİ ALTINCI DOĞUM OLAN GÖRANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FUAD MƏHƏRRƏMOVUN ATASI İMAMƏDDİN MƏHƏRRƏMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir