“Müharibə dövründə terror nəticəsində yaralanmış mülki vətəndaşlarımızın müalicə xərclərinin də “Yaşat” Fondu tərəfindən ödənilməsi məsələsinə baxılsın”-DEPUTATDAN ÖNƏMLİ TƏKLİF

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni daima xüsusi diqqət mərkəzində saxlayırlar.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O, bildirib ki, eyni zamanda, bu istiqamətdə işlərə dəstək vermək üçün “Yaşat” Fondu yaradılıb.

“Fond vasitəsilə vətəndaş cəmiyyəti həmrəylik göstərərək, bu kateqoriyadan olan insanlara dəstək olurlar. Hər kəsə məlumdur ki, 44 günlük müharibə zamanı xalqımız necə ağır sınaqlarla üz-üzə qaldı. O cümlədən, Bərdə və Gəncə şəhərlərində mənfur düşmən tərəfindən mülki şəxslərə qarşı amansızca terror aktları törədilib. Bu hücumların nəticəsində Bərdədə 29 mülki şəxs həlak olub, 103 nəfər yaralanıb. Onlardan bəzilərinin müalicələri hələ də davam etdirilir. Lakin müalicə xərclərinin ödənilməsi ilə bağlı müəyyən çətinliklərlə üzləşən vətəndaşlar tərəfindən bizə çoxsaylı müraciət daxil olur.

Ona görə də, təklif edirəm ki, müharibə dövründə terror nəticəsində yaralanmış mülki vətəndaşlarımızın müalicə xərclərinin də “Yaşat” Fondu tərəfindən ödənilməsi məsələsinə baxılsın. “Yaşat” Fondunun Himayəçilik Şurasında təmsil olunan həmkarlarımdan xahiş edirəm, bu məsələni Şurada qaldırsınlar və həlli istiqamətində müvafiq köməklik göstərsinlər. Eyni zamanda, bu vətəndaşlarımıza əlilliyin təyinolunması ilə də bağlı ciddi narazılıqlar var və bunun həll edilməsində dəstək olmağımız çox vacibdir. Ümid edirəm ki, aidiyyəti qurumlar problemin həlli istiqamətində lazımı köməklik göstərəcək. Həmin terror aktlarından zərər çəkmiş insanlarımızın daim yanında olmalı, onların problemlərinin həllində əlimizdən gələni əsirgəməməliyik”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili bu dəfə daha 9 seçicisini-QƏBUL ETDİ VƏ… – FOTOLAR

Read Next

“Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək…”-BŞİH BELƏ İDDİA EDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir