“Müharibə zamanı hər bir addımımızı vicdanımızla, qəlbimizin hökmü ilə atmışıq, heç nə güdməmişik, amma bizim də mənəvi dəstəyə ehtiyacımız var”-TƏRTƏRDƏN OLAN BİR QRUP ŞƏXS DÖVLƏT RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

Əslən Tərtər rayonundan olan bir qrup inanclı şəxs-Seyid Şamxal (Şamxal Rəfizadə), Fariz Cəfərov, Xəqani Məmmədov və Elnur Novruzov ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Birinci xanım Mehriban xanım Əliyevaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Milli Məclisin sədri Sahibə xanım Qafarovaya, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca müraciət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə müraciətdə deyilir:

“Hörmətli Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, bizlər-bu müraciətə imza atanlar Tərtər rayonunun müxtəlif kəndlərindənik. Bu, hələ tam siyahı deyil. Bu siyahı, bizim sıralarımız daha genişdir. Bizlər bir Vətən sevdalısı, bir Qarabağlı olaraq, hər zaman Dövlətimizlə, Vətənimizlə Fəxr etmişik, torpaqlarımızın işğaldan azad olunması üçün əlimizdən gələni əsirgəməməyə çalışmışıq. Bəli, biz əlimizə silah alıb vuruşmamışıq, döyüşməmişik, ancaq Ordumuzun, Vətənimizin qalib gəlməsi, Vətən torpaqlarının işğaldan azad olunması üçün insani-mənəvi və maddi dəstəyimizi, köməkliyimizi, əməli addımlarımızı əsirgəməmişik. Bu addımları atarkən də nəsə ummamışq, nəsə təmənna güdməmişik, hər bir addımımızı Allah xatirinə, vicdan, insanlıq naminə atmışıq.

Böyük təhlükələrdən keçmişik, mənəvi-psixoloji sarsıntılar yaşamışıq və bu gün də yaşamaqdayıq. İstər 2016-cı ilin Aprel döyüşləri, istərsə də tarixi və müqəddəs İkinci Vətən Müharibəsi zamanı onlarla, yüzlərlə, minlərlə (tam sayı etik səbəblərdən açıqlamırıq, bilənlər bilir) Şəhidlərimizin, Nur üzlülərimizin, Vətən sevdalılarımızın nəşinin, cəsədlərinin yuyulmasını, dərmanlanmasını, kəfənlənməsini kimsədən yardım gözləmədən öz ürəyimizin hökmü ilə həyata keçirmişik. Tərtər, Bərdə, Füzuli istiqamətlərində olmuş, güllə yağışları altında, ölümlə üz-üzə bu insani borcumuzu yetrinə yetirmişik.

Eyni zamanda, hər gün düşmən zərbələri altında olan, evlərini müvəqqəti olaraq, tərk etmiş yüzlərlə insanın isti yemək və geyimlə, yataqla, qalacaq yerlərlə, sığınacaqlarla təmin olunmasında, bir sira silah-sursatın döyüşə hazır vəziyyətə gətirilməsində yaxından və təmənnasız şəkildə iştirak edtmişik. Yenə də Allah xatirinə və öz qəlbimizin hökmü ilə. Kimsə bizi buna məcbur etməyib, hər bir addımımızı özümüz könüllü şəkildə atmışıq. Allah Şəhidlərimizin məkanlarını cənnətlik etsin, Yaralılarımıza şəfa versin, onların İgidliyi və Müzəffər Ali Baş Komandan kimi Sizin qətiyyətiniz, dəmir iradəniz sayəsində Qalib olmuş Müstəqil Azərbaycanımızı qorusun!”

Müraciətdə sonra qeyd olunur:

“Cənab Prezident!

Müraciət etməklə, bir-iki arzumuzu, istəyimizi Sizin nəzərinizə çatdırmaq istəyirik. Bir daha altını cızaraq qeyd edirik ki, hər bir addımımızı vicdanımızla, Allah xatirinə, təmənna güdmədən atmışıq və buna görə də vicdanımız çox rahatdır. Amma bununla belə, müharibə zamanı bizə müvafiq qurumlar və şəxslər tərəfindən bir çox vədlər edilməsinə baxmayaraq, ötən bir ildən artıq müddət ərzində heç bir əməli addım atılmayıb, kimsədən xəbər-ətər çıxmayıb. Bu isə bizi istər-istəməz incidir, üzür.

İstəyirik ki, bizim Vətənimiz, Dövlətimiz, Azərbaycanımız, Şəhidlərimiz naminə təmənnasız etdiklərimiz az da olsa, dəyərləndirilsin, qiymətləndirilsin, özümüz üçün yox, ən azı gələcəyimiz olan övladlarımız üçün. İstəyirik ki, bizə də “Müharibə veteanı” adı verilsin, istəyirik ki, bizə də “Vətən müharibəsi iştirakçısı” medalı ilə və yaxud digər medallarla təltif olunaq. Elə bilirik ki, bizim bu arzumuz, bu istəyimiz də kmsədə və kimsədə narahatlıq, qıcıq yarada, doğura bilməz. Bəli, bir daha və bir daha qeyd edirik ki, addımlarımızı atarkən heç nə, heç bir təmənna güdməmişik, amma bununla belə, bizim də mənəvi dəstəyə ehtiyacımız var.

Ona görə Sizdən xahiş edirik ki, səlahiyyətlərinizdən istifadə edib bu məsələlərin həllində köməkliyinizi, dəstəyinizi əsirgəməyəsiniz, müvafiq qurum və şəxslərə göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən də Sizə minnətdarlıq və təşəkkürlərimizi bildiririk. Allah Sizi, ailənizi, bir daha Qalib Ordumuzu və Müstəqil Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Rusiya-Ukrayna danışıqlarının ikinci turu-BAŞA ÇATDI, HUMANİTAR DƏHLİZLƏ BAĞLI ATƏŞKƏS RAZILIĞINA GƏLİNDİ – YENİLƏNİB – (2)

Read Next

Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında həlak oldu-MN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir